xestelik

Avropada uşaqların kabusuna çevrilən mikrob – Azərbaycanda da “Strep A” varmı?

Baxış sayı: 494

İngiltərədə “Strep A” bakteriyası 6 uşağın ölümünə səbəb olub. Britaniya mediası yoluxma barədə xəbərdarlıq etsə də, mütəxəssislər yaxın həftələrdə vəziyyətin daha da pisləşəcəyindən ehtiyat edirlər.

Məsələ ondadır ki, infeksiyaya yoluxan uşaqların halı qəfildən pisləşir. Sinə ağrısı və ciddi tənəffüs çətinliyi özünü göstərir.

“Strep A” tibdə “Qrup A streptokok” olaraq da tanınır. Yəni virus yox, bakteriyalar qrupuna aiddir. Yoluxmuş insanların boğazına, tənəffüs yollarına və dərisinə yapışan bakteriyalar yüngül infeksiyalara səbəb olsa da, həyat təhlükəsi olan xəstəliklərə də gətirə bilər. İnsanlarda heç bir əlamət yaratmasa da, daha çox səpki, boğaz ağrısı, əzələ ağrıları, yüksək hərarət, yorğunluq, qulaq infeksiyaları və dəri yaraları kimi əlamətlərlə də özünü göstərir. Bakteriyalar digər insana asqırma və öskürək hissəcikləri, öpüş və dəri ilə təmas yolu ilə ötürülə bilər.

Təəssüf ki, hazırda xəstəliyə qarşı peyvənd yoxdur.

Azərbaycanda uşaqlara “Strep A” təhlükəsi varmı? Valideynlər əsasən nəyə diqqət etməlidir? Hansı hallarda təcili yardıma müraciət eləmək lazımdır?

Sürətlə yayılır, amma öldürücü deyil...

Həkim-infeksionist Nicat Əzimli mövzu ilə bağlı dedi ki, A qrupundan olan streptokoklar yeni infeksiya deyil: “Ən çox yayılan, tez-tez rast gəlinən tənəffüs yolu infeksiyalarındandır ki, faringitə, skarlatina xəstəliyinə səbəb ola bilir. Əsasən insanın dərisində və yuxarı tənəffüs yollarında tapılır. Azərbaycanda da vaxtaşırı bu xəstəliyə rast gəlinə bilər, bütün dünya ölkələrində olduğu kimi. Bunlar ən çox bilinən tənəffüs yolu infeksiyalarından biri sayılır. O səbəbdən də altı uşaqda bunun tapılması qorxulu bir vəziyyət deyil. Xüsusilə bizdən uzaq bir yerdə. Streptokoklar bəzən yuxarı tənəffüs yolları infeksiyası olaraq özünü çox kəskin göstərməsə də, bəzi hallarda skarlatina xəstəliyini törədə bilər. Bu da ağır formada olan xəstəlikdir. Bunun müalicəsində antibiotiklərdən istifadə olunur. Əgər bunun müalicəsi varsa, qarşısı alınır deməkdir. Eyni zamanda baxmayaraq ki, peyvəndi yoxdur, bu xəstəliyin bakterial olması və antibiotiklərlə müalicə oluna bilməsi o deməkdir ki, bizim üçün hazırda təhlükə yoxdur. Skarlatinadan danışsaq, faringit, boğaz ağrısı, yüksək qızdırma, dəridə səpkilər, solğun burun-dodaq üçbucağı, moruğu dil, alovlanan damaq deyə bilinən xarakterik simptomları ilə özünü göstərən bir xəstəlikdir. Gözlə həkim tərəfindən bu xəstələrə diaqnoz qoymaq mümkün olur. Burada diqqət olunası odur ki, vaxtında müalicə olunan bir xəstəlikdir. Hər şey həkimə vaxtında müraciətdən asılıdır. Yəni vaxtında uşaqlarda əlamətlər aşkar olunar və həkimə müraciət edilərsə, düzgün müalicənin nəticəsində qısa müddətdə sağalır. Həkim gecikdirdiyi təqdirdə müxtəlif orqanların ağırlaşmasına səbəb ola bilər. Bir çox hallarda skarlatinadan sonra ürəyin əzələsinin iltihabı baş verir. Böyrəklərdə iltihab, revmatizm və sair ağırlaşmalar bu xəstəlikdən sonra qalıq xəstəlik kimi ortaya çıxa bilir.

Yenə qeyd edirəm, bu xəstəlik dünyada bilinən, rast gəlinən bir xəstəlikdir. Britaniyada, hər hansı ölkədə bir neçə uşaqda bu xəstəliyin ortaya çıxmış olması təhlükədən xəbər vermir. Sadəcə, həmin ərazidə buna qarşı tədbirlərin görülməsini zəruri edir”.

Lor cərrah, Otonevrologiya üzrə mütəxəssis: Nigar Muradova: "Mübarizə aparmağı xoşlayıram" » www.ADEKVAT.AZ

Lor cərrah Nigar Muradova də deyir ki, A qrup streptokoklar boğazın arxa divarını infektə edərək iltihablanmasına və xəstəliyinə (faringit ), “streptokoksik boğaza” səbəb olurlar. Ən çox boğaz iltihabı viruslar səbəbi ilə olur və müalicə edilməsə də, bir neçə gündə yaxşılaşır, buna baxmayaraq yeniyetmələrin 5-15 faizi, uşaqların 15-30 faizində görülən bakterial infeksiyaların səbəbi bu bakteriyalardır. Streptokokal infeksiyaların təcili olaraq diaqnozu qoyulmalı və uyğun antibiotik müalicəsinə başlanmalıdır. Streptokoksik boğaz infeksiyası yoluxucudur və yaxın təmasla yayılır. Əgər infeksiya müalicə edilməzsə, bir çox sekonder (ikincili) fəsadlar inkişaf edə bilər. Streptokokların səbəb olduğu boğaz infeksiyasının simptomları isə bunlardır: boğaz iltihabı, qızdırma, baş ağrısı, qızarmış (iltihablı) boğaz (ağ, sarı ləkələrlə birlikdə və ya onlarsız), şişkin və həssas boğaz, yorğunluq, iştahanın itməsi.

Lor cərrah bu xəstəliyi aşkarlayan  “Strep -A test” haqqında məlumat verib: “A qrup beta hemolitik streptokok, A qrup streptokok (GAS) Streptococcus pyogenes adlanan bakteriyanın olduğunu göstərən müayinə üsuludur. “Strep A” testi bu simptomların səbəbi olan A qrup streptokokların olub-olmadığının diaqnozunu qoymaqda kömək edir və uyğun müalicəyə, antibiotik seçiminə yardımçı olur. Əgər sürətli testin nəticəsi (10-20 dəqiqədə nəticələnər) pozitivdirsə, daha irəli bir testə ehtiyac yoxdur. Əgər sürətli test nəticəsi neqativdirsə, boğazdan yaxmanın əkilməsini edərək laborator nəticəni gözləmək lazımdır. Boğazdan yaxma daha dəqiq nəticələr verir, amma nəticələri əkmə olduğu üçün bir neçə gün gözləməli oluruq. Test nəticəsi pozitiv çıxan insanlar yoluxucudurlar, onlarla yaxın təmasda olmamaq məsləhətdir. Onların antibiotik müalicəsindən ən azı 24 saat keçməlidir ki, digər insanları yoluxdurmasınlar. Yoluxmaqdan qorunmaq üçün asqırma və ya öskürmək zamanı ağızın əllə örtülməsi və ya maskadan istifadə məsləhətdir. Asqırma və öskürmədən sonra əllər mütləq su və sabunla yuyulmalı və ya spirt əsaslı bir məhlulla təmizlənməlidir.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir