Hazırda xaricdə yaşayan Röyalə Amiral Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndində doğulub, 33 yaşı var. İngiltərədə Bradford Universiteti Hüquq və Tarix fakültəsinin məzunu olan həmsöhbətimiz 15 ildir İngiltərədə yaşayır və hazırda hüquqla bağlı fəaliyyətini davam etdirir. O, həyat yoldaşı ingiltərəli Tomasla 8 ildir evlidir və bu evlilikdən onların 3 övladı var. Qarabağda, cəbhədən kənarda yerləşən rayonlarımızda, xüsusən də Gəncədə baş verən hadisələrə biganə qalmayan cütlük xaricdə Azərbaycanın haqq səsinə çevrilib.
Röyalə xanım hadisələrdən çox təsirləndiyini deyir:
“Gəncədə dinc sakinlərin yatdıqları yerdə öldürülməsi hamımızı çox üzdü, eyni zamanda ön cəbhədə baş verənlər qürurlandırdı. Hər bir azərbaycanlı kimi mən, eləcə də həyat yoldaşım Tomas ana vətənimdə baş verən hadisələr haqda informasiyaları övladlarımızla bölüşürük. Vətəndən uzaq olsaq da, Vətən övladı böyütmək hər birimizin borcudur”.
“Üç övladımız var, Əsgər 7, Elizabet 6 yaşında, Osman isə 4 aylıqdır. Əsgər və Elizabet dilimizi anlayır və atalarıyla birlikdə daha da inkişaf etdirməyə davam edirlər. Elli və xüsusilə oğlum Əsgərin hər gün məktəbdən gəldikdən sonra ilk sualları Azərbaycanda vəziyyətin necə olması və insanların salamat olub-olmaması ilə bağlı olur. Əsgərin planları odur ki, erməni vəhşiliklərini başqa ölkələrin nümayəndələrinin diqqətinə çatdırıb, bizim başımıza açılan oyunları digər millətlərin uşaqlarının yaşamasına mane olsun”, – deyə o əlavə edir.
Röyalə xanım deyir ki, övladları multikultural, bütün dinlərə, xalqlara, irqlərə qucaq açmış, mədəniyyət beşiyi Azərbaycanımızı hər yerdə layiqincə təmsil edəcək ruhda böyüyürlər. Onların bayraq sevgisi tamamilə ayrı bir mövzudur: “Onlar yaşa dolduqca, erməni barbarlığını daha dərindən dərk etdikcə hər yaş mərhələsində – istər məktəb, istər universitet olsun – fərqli surətdə Vətəni təmsil edəcək və erməni terroru barədə həqiqətlərin dünyaya çatdırılmasında, Azərbaycanın haqq səsinin dünyada əks-səda verməsində öz rollarını oynayacaqlar”.
İngiltərədə doğulan Tomas Amiralın isə 29 yaşı var, o işə qəbul üzrə məsləhətçidir. Azərbaycanlı xanımla ailə quran Tomasın da qəlbi Azərbaycanla çırpınır, o, gündəlik olaraq Azərbaycanla bağlı xəbərləri yaxından izləyir: “Düzü, Azərbaycanla bağlı “Avroviziya” mahnı müsabiqəsi və futbol oyunlarından məlumat almışdım. Lakin həyat yoldaşımla tanış olduqdan sonra Azərbaycanla bağlı biliklərim daha da artdı.
Biz hər il Röyalənin ailəsinə baş çəkmək üçün Azərbaycana gedəndə buranın mədəniyyəti, tarixi haqda daha dolğun bilgi alırdım. Azərbaycan multikultural ölkədir, həm də çox qonaqpərvər, hörmət bəsləyəndirlər. Bu ölkəni yaxından tanıdıqca daha çox sevməyə başladım. Bu səbəbdən Azərbaycanla bağlı inanılmaz xoş təəssüratlarım var. Bura həm də digər dinlərə açıq olması ilə də seçilir. Bu fakta görə də Azərbaycanı çox sevdim”.
“Bundan başqa, məndə yaranan təəssürat budur ki, ailənin büdcəsinin nə qədər olmasından asılı olmayaraq onlar hər bir qonağı istiqanlıqla, qonaqpərvərliklə qarşılayıb yola salacaqlar”, – deyə o əlavə edir. Həyat yoldaşı ilə tanışlığa gəldikdə isə Röyalə xanımla iş yerində tanış olduğunu deyir. Bir qədər Azərbaycan dilini bildiyini, hərdən bizim dildə danışdığını deyən həmsöhbətimiz övladlarının onunla müqayisədə azərbaycanca daha çox, daha yaxşı bildiyini söyləyir: “Buna baxmayaraq mən hər gün Azərbaycan dili biliyimi daha da inkişaf etdirirəm”.
Gəncədə baş verən hadisələr Toması da sarsıdıb: “Gəncədəki son hadisə, 17 oktyabrda gecə saatlarında baş verən qanlı olay 13 nəfərin həyatına son qoydu. Gəncə kimi hekayələri oxuduğumda bu məndə nifrət və kədər hissi yaradır! Lakin cəbhə xəttindən gələn zəfər xəbərlərini, Qarabağın azad edilməsi xəbərini eşitdikdə həyat yoldaşım, onun ailəsi və illər öncə qaçqın və didərgin düşmüş mülki əhali üçün sevinc hissi keçirdim”.