masin bazari

Avtomobil bazarında “taksivari” vəziyyət

Baxış sayı: 392

Maşın almaq üçün bazara gələn hər kəs – taksi işlədən də, işlətməyən də, ili təzə avtomobil axtarır.

Bunu avtomobil bazarında 30 ildir maşın alveri edən Elbrus Baxşəliyev deyir.

O qeyd edir ki, hətta rayondan Bakıya gəlib özü üçün avtomobil alan tamamilə başqa peşə sahibləri də avtomobilin ilinin taksidə istifadə üçün yararlı olub-olmadığını soruşur:

“Kim gəlirsə, ilk sualı bu olur: “Bu maşını taksi kimi işlətmək olacaqmı?” Söhbət edəndə məlum olur ki, alıcı taksi sürücüsü deyil. Maşını şəxsi istifadəsi üçün alır. Beləsi niyə ili taksiyə yararlı avtomobil axtarır, bilmirik. Taksi söhbəti sanki maşın alan hər kəsin canına xof salıb”.

İyulun 1-dən etibarən taksilərlə bağlı yeni qüvvəyə minən tələblərin avtomobil bazarına təsirini araşdırmaq üçün Badamdar maşın bazarında araşdırma apardıq. Həftəiçi olduğundan avtomobil bazarında alıcı az-az gözə dəysə də, satıcılar bir müddətdir, avtomobil satışında durğunluq müşahidə olunduğunu söylədilər.

Onların sözlərinə görə, hazırda bazarda təklif tələbi üstələyib. Buna səbəb isə istehsal ili köhnə olan avtomobillərin satışa çıxarılmasıdır. Bununla belə, satıcılar ili köhnə olsa da, saz vəziyyətdə olan avtomobillərin qiymətində kəskin enmə müşahidə olunmadığını söylədilər.

Maşın alveri ilə məşğul olan həmsöhbətimiz bildirir ki, hazırda maşın bazarında ili köhnə olsa da, saz vəziyyətdə olan maşınlar çoxdur. Amma istehsal ili taksi kimi fəaliyyətə yararsız olduğundan, bu avtomobillərə dırnaqarası yanaşılır.

“Taksidə istifadə etməyə almasalar belə, istehsal ilinin taksi fəaliyyətinə imkan verib-vermədiyinə diqqət edirlər. Baxmayaraq ki, alıcı taksi sürücüsü yox, iş adamıdır, yaxud da hansısa kənar sahədə işləyir. Bu da avtomobil bazarında satışın ləngiməsinə səbəb olur” – Elbrus Baxşəliyev şikayətlənir.

O, avtomobillərin qiymətində kəskin ucuzlaşma olmadığını söyləyir. Bildirir ki, uzun müddət alveri ilə məşğul olanlar aldıqları avtomobilləri dəyər-dəyməzinə satmırlar.

E.Baxşəliyev hazırda saz vəziyyətdə olan “Prius”ların qiymətində o qədər də ucuzlaşma olmadığını söylədi. Daha çox ucuzlaşanlar isə illərdir taksi kimi istifadə olunan, yararsız “Prius”lardır.

O, taksi xidməti üçün yararlı avtomobillərin qiymətinin 22-24 min manat arasında dəyişdiyini söyləyib. Bildirib ki, belə avtomobillərin qiymətində artım müşahidə olunur. Halbuki, bir müddət əvvəl istehsal ili təzə olan belə avtomobillər 18-19 min manata satılırmış.

“Cənub avto” satış mərkəzinin sahibi Eldar Əliyev isə taksilərlə bağlı yeni qərarın istehsal ili taksiyə yararlı olmayan avtomobilləri ucuzlaşdırdığını təsdiqləyir. Bildirir ki, bu qərardan öncə 12-13 min manata satılan avtomobillərin qiyməti 15-20 faiz ucuzlaşıb. Hazırda bazarda belə avtomobillər 10 min manata təklif olunur.

“Rayonlarda yaşayan əhali əvvəllər daha çox “VAZ” markalı avtomobillərə üstünlük verirdilərsə, indi ili köhnə olan, taksi üçün yararsız avtomobilləri almağa maraq göstərirlər” – həmsöhbətimiz bildirib.

E.Əliyev istehsal ili 8-15 ilədək olan avtomobillərin qiymətinin bahalaşdığını söyləyir. Dediyinə görə, 18-19 min manata satılan avtomobillər hazırda 23-24 min manata qalxıb. Daha çox ağ rəngli avtomobillərə üstünlük verilir.

“İli yeni olan avtomobillərin qiyməti bahalaşıb. Amma ili təzə olsa da, mühərrik həcmi böyük olan avtomobillər ucuzlaşıb. Buna da səbəb yanacağın qiymətinin bahalaşmasıdır. Bir müddət 70 min ABŞ dollarına olan iri mühərrikli avtomobillər 50-55 min ABŞ dollarına satılır. Belə avtomobillərdə 15-20 min civarında ucuzlaşma var” – Eldar Əliyev bildirib.

Bazarda apardığımız müşahidələr göstərdi ki, hazırda təlabat əsasən istehsal ili 8-15 il arasında olan avtomobillərədir.

Alıcılar isə taksi kimi istifadə etməsələr belə, elə avtomobil almaq istəyirlər ki, bazar dəyərini itirməsin. Ehtiyac yarandıqda bazarda sata bilsinlər. Bu isə onları ili taksi xidməti üçün yararlı olan avtomobilləri almağa vadar edir.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir