Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtısadçı ekspert Vüqar Oruc deyir ki, KM Plenumunun qərarı ədalətlidir: “Etibarnamənin olmadığı ölkələrdə belə hesab edirlər ki, avtomobilin qaçırılması və ya oğurlanması ilə bağlı şikayət yoxdursa, deməli sürücü avtomobili onun sahibinin razılığı əsasında idarə edir. Bunun üçün xüsusi etibarnamə tələb olunmur. Avtomobilə dair digər sənədlərin sürücüdə və ya maşında olması kifayət edir. Beynəlxalq təcrübədə belədir”.
“Azərbaycanda da buna keçid olmalıdır. Təsəvvür edin ki, avotmobilin sahibi harasa gedir, yadından çıxır ki, övladlarına və ya digər şəxsə etibarnamə versin. Bununla da həmin avtomobil fəaliyyətsiz dayanır. Bu, heç bir məna kəsb etmir. Azərbaycanda isə belə əsaslandırırlar ki, avtomobilin sahibi olmayan şəxs tərəfindən yol hərəkəti qaydası pozulduqda cərimə ünvanını müəyyən etmək mümkün deyil. Maşın sahibinin hüquqları pozulur. Bu, çox absurd və geridə qalan bir yanaşmadır”, – deyə həmsöhbətimiz bildirir.
Oruc hesab edir ki, bu problemin də həlli yolu mövcuddur: “Əgər avtomobilin sahibi deyil, digər sürücü tərəfindən yol hərəkəti qaydası pozulubsa, bu halda cərimə sahibinə gəlməlidir. Sahibi bu qərarla razı deyilsə, o halda sürücünün kimliyi barədə yol polisi orqanlarına məlumat verməlidir. DYP sistemində bunu müəyyənləşdirmək üçün maddi-texniki baza mövcuddur. Demək olar ki, bütün yollar kamerlarla əhatə olunub. Yol polisi əməkdaşları təəssüf ki, qanundakı bu boşludan öz xeyirlərinə yararlanır, sürücüləri cərimə edirlər. Yəni, sürücüləri cərimələmək üçün əsassız, lakin qanunla tənzimlənən cəza mexanizmidir. Hesab edirəm ki, etibarnamə ilə avtomobil idarə olunması tələbi tamamilə aradan qalxmalıdır və Azərbaycan Parlamenti Konstitusiya Məhkəməsinin tövsiyyəsinə uyğun qərar qəbul etməlidir”.
Nəqliyyat eksperti Elməddin Muradlı da eyni fikirdədir: “Etibarnamələr etibarsız sənədə çevrilib və sürücülər üçün əlavə problem yaratmağa xidmət edir. Bu sənəd ola da bilər, olmaya da. Heç bir əhəmiyyət kəs etməməlidir. Etibarnamələr ona görə qüvvədə qalır ki, bəzi vətəndaşlar məsuliyyətsizlik edirlər. Müəyyən müddətə olan etibarnamələr alsalar da, müddət bitdikdən sonra vaxtını artırmırlar, avtomobili öz adlarına keçirmirlər. Bu da vətəndaş üçün əlavə problemlər yaradır”.
“Təsəvvür edin ki, siz etibarnamə ilə avtomobil satırsız və bir zaman sonra sənədin vaxtı bitir. Amma maşını satdığınız şəxsin xətalar üzrə bütün cərimələri sizin adınıza gəlir. Onun törətdiyi hansısa qayda pozuntusuna görə siz narahat olursuz. Ölümlə nəticələnən qəzada sizə ciddi problem yaranır və s. Ona görə də bu sənədin etibarlılığını itirdiyini hesab edirəm və ləğvinin zəruri olduğunu düşünürəm”, – deyə müsahibimiz söyləyir.
Muradlıq qeyd edib ki, etibarnamələrə görə müvafiq rüsumlar da alınır: “Ailə üzvləri arasında rüsum 12 manat, başqa şəxslərlə bağlı isə 25 manatdır. Qanuna görə, əmlakın yarısı ərin, digər yarısı isə arvadındır. O zaman hansı məntiqlə insan sahibi olduğu əmlakını istifadə etmək üçün etibarnamə verməli, yaxud almalıdır. Bu, qanunvericilikdə olan bir boşluqdur və hesab edirəm ki, aradan qaldırılmalıdır. Kostitusiya Məhkəməsinin bu qərarını dəstəkləyirəm və ümid edirəm ki, Milli Məclis də qanundakı bu boşluğu ortadan qaldıracaq”.
Azər Niftiyev