masin

Avtoservislər “qarantiya”dan necə qazanır? – ARAŞDIRMA

Baxış sayı: 1. 613

Yeni avtomobil almağın ən böyük üstünlüklərindən biri avtomobilə verilən zəmanətdir. Amma hadisə baş verəndə bu zəmanət nəinki alıcılara xeyir gətirir, əksinə, müştərilərlə sığorta şirkətləri arasında böyük mübahisələrə səbəb olur. Sığorta şirkətləri bildirir ki, bəzən avtoservislər «rəsmi zəmanət» bəhanəsindən müştərilərdən və ya sığorta şirkətlərindən pul qoparmaq və öz bahalı xidmətlərin satmaq üçün sui-istifadə edirlər.

 

Avtoservislərin gəlir “mənbəyi” müştərilərə başağrıdır 

Sığorta ekspertlərini və müştəriləri «zəmanət» məsələsində ən çox narazı salan səbəb ən kiçik nasazlıqların və cızıqların belə, zəmanət adı ilə belə rəsmi servisdə təmir edilməsi tələbidir. Bəzən avtoservislər avtomobillərin hətta zəmanətə aid olmayan hissələrinin də onlarda təmir etdirilməsini tələb edirlər. Avtoservislərin əlavə gəlir “mənbəyi” isə həm avtomobil sahibləri, həm də sığorta şirkətləri üçün baha başa gəlir. Sığorta ekspertləri bildirirlər ki,  yeni avtomobillərlə bağlı sığorta mübahisələri 99 % hallarda “qarantiya” tələbinə görə baş verir.

 

“Rəsmi servislər sığorta şirkətlərinin cibinə girir”

Sığorta eksperti İlkin İbrahimov bildirir ki, qanuna və avtomobil istehsalçılarının qoyduğu qaydalara əsasən zəmanət avtomobilin yalnız işlək hissələrinə aid olmalıdır. Avtomobilin üz hissəsi, yəni kapot, qapıların üz hissəsi, yan qanadlar, buferlər, bundan əlavə akkumulyator zəmanətə daxil deyil.

Lakin rəsmi avtoservislər gəlir əldə etmək üçün avtomobilə aid hər bir xidmətin onlar vasitəsilə edilməsini tələb edirlər. Əks halda zəmənat pozula bilər. Əsas mübahisə isə ondan qaynaqlanır ki, rəsmi servislər “qarantiya” tələbi ilə manipulyasiya edirlər. Burada təmir xərcləri isə ənənəvi servislərə nisbətən 30-40%, bəzən isə 50% daha baha olur.

Məsələn, adi təmirxanada bir detalın rənglənməsi 60 manata başa gəlirsə, rəsmi servis bu işi 100 manata görür. Burada əsas problemlərdən biri usta xərclərinin daha yüksək olmasıdır. İlkin İbrahimov bir ay əvvəl belə bir problemlə qarşılaşdığını deyib. Belə ki, Bakıda “Range Rover” markalı avtomobili tıxac zamanı digər avtomobil vurub. Maşının sol arxa farası qırılıb və arxa buferi əzilib. Rəsmi servis arxa faranın dəyişilməsi və buferin təmir edilməsinə görə 900 manat pul tələb edib. Halbuki  eyni ehtiyat hissəsinin elə həmin servisdə alınıb başqa təmirxanda dəyişilməsi cəmi 450 manat pul tələb edirdi. Onun sözlərinə görə, belə hallar sığorta şirkətləri üçün əlavə xərc yaratdığından sığorta mübahisələrini artırır.

 

“Adi mühərrik yağına görə avtomobili “qarantiyadan” çıxarırlar” 

Avtoservislərin əsassız “qarantiya” tələbi avtomobil sahiblərini də  narahat edir. Məsələn, Bakı sakini İsmayıl İsmayıl rəsmi servisdən narazı olduğunu deyir. Onun sözlərinə görə, “Mazda” avtomobili bir qədər əvvəl qəzaya uğrayıb. Nəticədə avtomobilin yan qanad , fara və buferinə ziyan dəymişdi: “Avtomobilin kasko sığortası üzrə “Bakı sığorta” şirkəti ödəniş verməkdən imtina edib. Avtomobilin icbari sığortalandığı “Standard İnsurance” isə avtomobili təmir etdirəcəyini bildirib. Lakin “Mazda Servis”dən bildirilib ki, başqa yerdə təmir ediləcəyi halda avtomobilin kuzovu zəmanətdən çıxacaq. Maraqlıdır ki, kuzovun nəyinə zəmanət verirlər?”   İ.İsmayıl hətta mühərrikin yağını başqa servisdə dəyişməyə  belə icazə verilmədiyini deyir: “Halbuki bunu çox baha edirlər. Məsələn,  mühərrikin yağının qiyməti 45 manat, xidmət haqqı isə 15 manat olduğu halda “Mazda Servis” adi yağ dəyişməni 90 manata edir. Elə qaydalar qoyulub ki, zəmanət pozulmasın deyə, avtomobilin bütün detallarını ordan almağa və onların xidmətlərindən istifadə etməyə məcburuq”.

 

Rəsmi servislərin xidmətləri xeyli bahadır 

“Pajero”avtomobilin  sürücü Fəxrəddin Məmmədov isə rəsmi servislərdəki qiymətlərin baha olmasından narazıdır. O fins.az-a bildirib ki, “Mitsubishi Servis”də avtomobilin əyləc bəndini (nakladkasını) 100 manata dəyişirlər: ”Həmin orjinal “nakladka”nı isə özüm 60 manata aldım və 10 manat xidmət haqqı verib dəyişdirdim. Gözümlə gördüm ki, nə almışam və avtomobilə necə detal qoyuldu. Hələ üstəlik kondisionerli otaqda bir çay da təklif edirlər”.

Sürücülərin sözlərinə görə, servisdə avtomobildə nəyin necə dəyişildiyini görmürsən. Məsələn, mühərrikə tökülən yağın kefiyyəti məlum deyil. “KİA Sportage” avtomobilin sahibi Arif Gülüstanov da əsasən yağdəyişmə ilə bağlı problemin olduğunu bildirib. Belə ki, “KİA Servis” digər servislərdə tökülən yağa görə mühərrikə zəmanət vermir. Avtomobilin sahibi qiymətlərin isə 30-40 manat baha olduğunu deyib: ”Məsələn, “Kia Servis”də yağdəyişmə, hava filtiri 60-70 manata başa gəlir. Ancaq adi servisdə bu xidmətlər xeyli ucuzdur. Doğrudur, xidmət keyfiyyətlidr, amma baha başa gəlir”.

 

“Bəzən avtoservislər də haqlı olur” 

Sığorta şirkətləri də qiymətlərin baha olmasından və zəmanətə daxil olmayan hissələrin rəsmi servisdə təmir etmək tələbindən narazıdırlar. Buna baxmayaraq “qarantiya” tələbində bəzi hallarda avtoservislərin də haqlı olduğunu deyirlər. “Atasığorta” şirkətinin idarə heyətinin sədr müavini Orxan Məmmədov da deyir ki, rəsmi servislərin qiymətləri  bahadır. Məsələn, avtomobilin bir hissəsinin rənglənməsinə görə 500 manat  tələb olunduğu halda, rəsmi servis bu işi 800 manata görür. Hətta bəzi hallarda rəsmi servislərin qiymətləri 1-1,5 dəfə  baha ola bilir. Lakin burada bir məqam var ki, sığorta şirkətləri ilə əməkdaşlıq edən servislər xidmətlərin qiymətində endirim edirlər. O.Məmmədov hesab edir ki, avtomobilin zəmanət talonun pozulması ilə bağlı problem 3 tərəfli münasibətlərdə daha çox müştəri ilə rəsmi servis arasında ola bilir. Onun sözlərinə görə, hətta bəzi hallarda rəsmi servislər avtomobili zəmanətdən çıxarmaqda haqlı olurlar: «Məsələn, elektrik işlərinin təcrübəsiz usta tərəfindən  görülməsi avtomobilin elektron sisteminin sıradan çıxmasına səbəb olur».

 

Avtoservislər vəziyyətdən sui-istifadə edir 

Lakin sui-istifadə halları da az deyil: «Rəsmi servislər avtomobil sahiblərinin məlumatsızlığından istifadə edirlər. Belə ki, avtomobilin zəmanəti, zəmanət talonuna daxil olan ehtiyat hissələrindən müştərilərin xəbərsiz olması avtomobildəki  kiçik cızıqların təmirini, adi rənglənmə, hətta mühərrik yağının həmin rəsmi servisdə dəyişdirilməsini tələb etməsinə səbəb olur. Avtomobil sahibləri “qarantiya”  haqqında məlumatlı olmalıdırlar ki, rəsmi servislərlə problem yaşamasınlar».




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir