Üzdə və ya ayaqlarda yaranan şişkinliyə çox vaxt əhəmiyyət vermirik, düşünürük ki, yorğunluqdandır, bir müddətdən sonra öz-özünə keçəcək. Amma şişkinliyin yorğunluğa görə müvəqqəti olsa da, ciddi xəstəlikdən xəbər verən, sağlamlığın təhlükə altında olduğuna işarə edənlər də olur. Ağır fəsadlara səbəb olmasa belə, üzdə və ya bədəndə yaranan şişkinlik estetik cəhətdən xoş təsir bağışlamır.
Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi Nərminə Abbasova ayaqlarda yaranan şişkinlikdən, onun hansı xəstəlikdən xəbər verməsindən və müalicəsindən danışaraq, oxucularımızı məlumatlandırıb.
Nərminə Abbasova bildirir ki, ümumiyyətlə, qan dövranının pozulması nəticəsində orqanizmin müəyyən hissələrində maye və natrium yığılır ki, bu cür maye yığılan hissələrdə şişkinlik yaranır:
“Şişkinliyə allergiya, hormonal pozğunluq, böyrəklərin zəif işləməsi, ürəyin zəif olması, hədsiz çox su içmək, düzgün qidalanmamaq, oturaq həyat tərzi, kontraseptiv vasitələrin qəbulu, ayağı ayağın üstünə aşırıb oturmaq, oturaq iş, isti hava, narahat ayaqqabı, hamiləlik, böyrək və həzm sistemi xəstəlikləri səbəb ola bilər. Şişkinlik endokrin sistemi xəstəlikləri, qarına su dolanda, çoxlu miqdarda spirtli içkilər qəbul etdikdən sonra da yaranır. Bədəndəki şişkinliyə görə şəxsin hansı xəstəliklərdən əziyyət çəkdiyini təxmin etmək olar. Məsələn, böyrəklərdə patologiya zamanı ayaqlarda şişkinlik yaranır, ağrıya və qaşınmaya səbəb olmur. Şişkinlik daha çox üzdə yaranır və dəri solğun ağ rəngə çalır. Şişkinlik çox yumşaq olur və basdıqda izi uzun müddət qalır. Səhər yaranır, axşama doğru keçir. Göz qapaqlarında azca şişkinlik, altında isə qaraltı müşahidə olunur. Sidiyin rəngi dəyişir və miqdarı azalır”.
Həkim-terapevt bildirir ki, bağırsaqda problemlər olduqda ayaqlarda şişkinlik narahatlıq yarada bilər. Ürəyin fəaliyyətində problemləri olanlarda isə uzun müddət ayaq üstə dayandıqdan sonra şişkinlik müşahidə olunur:
“Şişkinlə yanaşı nəbz tezləşir və tənginəfəslik yaranır. Əsasən qarın, cinsiyyət orqanları, bilək və ayaq barmaqları, boyun damarları şişir. Şişkinlik axşam güclənir, səhər isə tamamilə keçə bilər. Damarlarda problem olduqda şişkinlik ayaqlarda ağrı və ağırlıq hissi ilə müşahidə olunur. Aşağı ətrafların damarları şişir, dabanlar qızarır. Əlamətlər gün ərzində yaranır və keçir. Oynaqlarda olan şişkinlik isə revmatizm və ya artritdən xəbər verir”.
N.Abbasova vurğulayır ki, əgər hormonal pozğunluq varsa, şişkinlik bir qədər möhkəm olur və üzərinə basdıqda yeri qalmır. Onun sözlərinə görə, çox vaxt şişkinlik ayağın aşağı hissəsində olur. Bu əlamətlə yanaşı insan yuxululuq və apatiyadan, çiyin və dilinin şişməsindən də narahat olur. Həkim deyir ki, bu tip şişkinliklər olduqda həkimə müraciət etmək məsləhətdir:
“Kvinke şişkinliyi isə asfiksiya və nəfəsin kəsilməsinə səbəb ola bilir. Bu şişkinlik zamanı üz, dodaqlar, boyun şişir. Kvinke şişkinliyi müxtlif bioloji və kimyəvi faktorların təsirinə reaksiyadır, çox vaxt allergik reaksiya kimi özünü göstərir. Allergiya dərman preparatının, hansısa qida məhsulunun, həşərat dişləməsinin, adi qan xəstəliklərinin təsirindən dərhal özünü göstərə bilər. 20-25 faiz hallarda irsi olur, 30 faiz hallarda isə Kvinke şişkinliyinin səbəbini müəyyən etmək olmur. Bu allergiya növü həyat üçün təhlükəli olduğu üçün dərhal müalicə olunmalıdır”.
Həkim vurğulayır ki, şişkinlər müvəqqəti, yorğunluğa görə də ola bilər. Yorğun olduqda, az yatdıqda, çox su işdikdə, düzgün qidalanmadıqda, sağlam həyat tərzi sürmədikdə də üzdə şişkinliklər yaranır:
“B vitamin qruplarının çatışmazlığı, quru və ayaqüstü yeməklər, pəhriz saxlamaq, yatmazdan əvvəl çox yemək də üzü eybəcərləşdirən şişkinlikləri yaradır. Xüsusilə də göz ətrafı şişir. Bununla mübarizə aparmaq üçün şişkinliyə səbəb olan sadalalan əlamətləri aradan qaldırmaq, bununla yanaşı xüsusi maskalar etmək lazımdır”.
Nərminə xanım eyni zamanda onu da bildirib ki, ayaq və ayaq biləklərindəki şişkinlik və ağrılar, həm bu bölgədəki əzələ-skilet sistemi və damarlara aid xəstəliklərə bağlı əmələ gələn simptomlardan, həm də sistematik xəstəliklərdən qaynaqlana bilər:
“Bədənimizin əsas yükünü – ağırlığı – ayaqlar və ayağın biləkləri – topuqlar çəkir. Ayaq biləyi üst-üstə iki oynaqdan ibarət quruluşa malik olduğu üçün həm yuxarı və aşağı, həm də sağa və sola hərəkət edir. Şişkinliyin forması, xarakteri, ölçüsü, şişkinliklə yanaşı görünən əlamətlər xəstəliyin müayinə və müalicəsində əsas parametrlər sayılır. Ayaqlarınız ağrıyırsa, şişmişsə, sizin normal həyatınızı problemə çevirmişsə, mütləq həkimə müraciət etməli və müayinə olunmalısınız. Hər bir ağrı, forma dəyişikliyi orqanizmə xəbərdarlıqdır. Bunu yaddan çıxarmayın. Vücudunuzun səsini dinləyib zamanında müayinə və müalicə olunsanız, problemdən azad olacaq və həyat tərzinizi normal şəkildə yenə davam etdirəcəksiniz”.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər)