aytac babayeva

“Aytacın qatili psixopat, emosional…” – HƏKİM DANIŞDI

Baxış sayı: 1. 874

Son günlərin əsas müzakirə mövzusu 17 yaşlı Aytac Babayevanın qətlidir. Bu hadisə ilə bağlı sosial şəbəkədə yayılan rəylərdə əksəriyyət oğlanı günahlandırsa da, Aytacı da qınayanlar, hətta “onu sevdiyi üçün ayrılığa dözməyib qətlə yetirdiyini” deyən İzzət Hüseynovu haqlı çıxaranlar da oldu. “Ayrılıq acısı çəkirdi”, “Tərk edilmək incidib”, “Aldadılıbmış” – dedilər.

Nakam sevgi qurbanları, sevgililəri tərəfindən ölümə məhkum edilmiş insanlar təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində olub, var.

İnsan ayrılıq acısı yaşadığı zaman özünü tək və lazımsız hiss edir. Bu ağrını yaşayan insanlar özlərinə qapalı olur. Özünə verdiyi dəyər azalır və həyatdan qopma hissi yaranır. ABŞ-da aparılan bir araşdırmaya görə, ayrılıq sonrası qadınların beynində ciddi dəyişikliklər meydana gəlir. Ayrılıqla yanaşı, böyük kədər hissi yaşayan qadınların beyinlərinin duyğu, motivasiya və diqqət hissəsindəki hüceyrələrin hərəkətində zəifləmə müşahidə edilir. Araşdırma zamanı, ayrılan insanlar üzərində aparılmış və yüksək dəqiqliyə malik olan MRT ilə beyin hüceyrələrinin hərəkəti müşahidə edilmişdi. Alimlərə görə, beyin hüceyrələrinin hərəkətinin zəifləməsi insana ölümə yaxınlaşdığını hiss etdirir.

Bəzi araşdırmalara görə isə insanlar ayrılıqdan sonrakı 4 gün ərzində infarkt keçirmə riski yaşayırlar. Çünki insan kədərlənməyə başladıqca adrenalin yüksəlir və bu da ani infarkta səbəb ola bilir. Ayrılıq müddətində insanlar uzun zaman solğunlaşır və ürək ritmlərində pozuntu meydana gəlir.

“Özünü bədbəxt hiss edir. Nə yemək yeyə bilir, nə yata…”

Hər bir itki insana ağır təsir edir. Uşaq olanda bir oyuncağınızı itirdiyinizdə nə qədər ağladığınızı xatırlayırsınızmı? Bu, sahiblənmə duyğusudur. Sevgi də ən ali sahiblənmə duyğusudur. İnsan aşiq olduğu zaman sevgilisinə sahibləndiyini düşünər, “mənimdir” deyər. Və belə bağlı olduğunuz insanı itirdiyiniz zaman dəhşətli bir boşluq içinə düşərsiniz. Mütəxəssislərə görə, ayrılıq ağrısı ölüm ağrısına bənzəyir. Bu itki insanı bioloji və psixoloji olaraq dəyişir, beynin funksiyası pozulur, orqanizm zəifləyir, iştaha itir. Qadınlarda bu, baş ağrıları, kişilərdə isə təzyiq və mədə-bağırsaq pozuntusu kimi ortaya çıxır.

ABŞ alimlərinin araşdırmasına görə, ayrılıq ağrısı 2-6 ay ərzində azalır. 6 ay müddətində insan bu vəziyyətdən çıxa bilmirsə, deməli, yaşadığı hadisə onun psixologiyasını zədələyib. Bu zaman mütləq mütəxəssislə məsləhətləşmək lazımdır.

Ayrılığın hansı səbəbdən baş verdiyi də ayrılıq ağrısının müddətinə təsir edir. Ayrılığın səbəbi aldadılma, xəyanətdirsə, bu acı uzun müddət davam edir. Bəzi elm adamları sevgini narkotikə bənzədirlər. Asılılıq yaradır və sonra insanlar narkotik böhranı – ayrılıq acısı ilə qarşılaşırlar.

Psixologiya və Konsultasiya Mərkəzinin  həkim-psixiatrı, Faustus Hüquqi Xidmətlər Mərkəzinin psixoloqu Denis Rzayev mövzunu Aile.lent.az-a şərh edərkən bildirib ki, insanlar hadisələrə müxtəlif reaksiya göstərirlər. Burada xasiyyət, tərbiyə, inkişaf etdiyi mühit, iqtisadi-sosial təbəqə və s. böyük əhəmiyyət daşıyır: “Cinayət tərkibli üsulu seçən insan emosional, qeyri-sabit  insanlardır. Öz düşüncəsini, davranışını kontrol edə bilməyənlərdir. Biz elə insanlar da iradə zəifliyi hiss edirik. Bu cür pozuntular psixopatiya adlanır”.

Psixoloqun sözlərinə görə, bəzi insanlar sadizmə meylli olduğu üçün ayrılıq onlara daha ağır təsir edir: “Sadizmə meylli insanlar üçün tam hakimiyyət arzusu ən vacib şərtdir. Kiməsə fiziki və mənəvi ağrı verməklə istəyinə nail olmaq sadizmin əlamətlərindəndir. Digər insanı bütünlüklə köməksiz, asılı vəziyyətə salaraq, onu öz əşyasına çevirməklə mütləq qüdrət sahibi olmaq sadistin daimi arzusudur. Bunun üçün o, təhqir və mütilik səviyyəsinə çatdırma üsulundan istifadə edir.

Mütləq hakimiyyətə çatmağın 3 yolu mövcuddur. Digər insanları özündən asılı vəziyyətə gətirməklə tam, sərhədsiz hakimiyyətə sahib olmaq. Bunun üçün qarşısındakı şəxsə “Səni mən yaratmışam”, “Sən mənim istədiyim kimi olacaqsan”, “Sən mənim əməyimin və istedadımın nəticəsisən”, “Mənsiz sən heçsən” fikirlərini təlqin edir. Sadistlər nəinki digərləri üzərində tam hakimiyyətə malik olmaq, hətta onları istismar etmək də istəyirlər. Bu istəklər digər şəxsi maddi, bəzən mənəvi cəhətdən istifadəyə yönəlir. Sadistlər digər şəxslərə ağrı, əzab verərək onların necə əzab çəkmələrindən həzz alırlar. Bu halda əzab fiziki və ya qəlb yarası ola bilər. Göstərilən hər üç halda özünü müdafiə etmək iqtidarında olmayan şəxsə əzab və əziyyət verməklə mütləq hakimiyyətə can atmaq sadizmin birbaşa göstəricisidir”.

Denis Rzayev hesab edir ki, son hadisədə sadizmdən söhbət gedə bilməz. Aytacın qatili psixopat, emosional və qeyri-stabil insandır. Belə insanlar hisslərini cilovlaya bilmirlər: “Amma ümumilikdə ölkədə qadına qarşı baş vermiş cinayət hadisələrinə nəzərə salanda sadizmə meyllilik hiss edilir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir