geyim

Azərbaycan dəbi Qərbə yoxsa Şərqə meyllidir?

Baxış sayı: 1. 596

Dəb həyatın və ya mədəniyyətin müəyyən sahəsində qəbul olunmuş tərzin müvəqqəti hökmranlığıdır. Müəyyən bir müddət ərzində cəmiyyətdə məşhur üslub və ya geyim, fikir, davranış, etiket, həyat tərzi, incəsənət və s. özünü göstərə bilər. Bu baxımdan dəb sahəsində hər cəmiyyətin özünəməxsus özəlliyi var. Məsələn, hansısa cəmiyyət sırf  Qərb mədəniyyətinə, geyim tərzinə üstünlük verdiyi halda, digər qisim Şərqə meylli ola bilər.

Maraqlıdır, Azərbaycan dəbi  Qərbə yoxsa Şərqə meyllidir?

Tanınmış modelyer Gülnarə Xəlilova bildirir ki,  Azərbaycanda həm Şərq, həm də Qərb mədəniyyətinə üstünlük verənlər var:

“Lakin təkcə Azərbaycanda deyil, bütün dünyada bu gün daha çox Qərb  geyim mədəniyyətinə meyllilik hiss olunur. Əslində ən gözəl geyinən həmişə Şərq insanları olub. Qərbdə dəbkeşlər, dizynerlər çoxdur. Əlbəttə Şərqdə də var. Sadəcə  bəzən Qərb tərəfi bazara diktə edə bilir. Artıq azərbaycanlı dizaynerlər də geyimlə, dəblə bağlı öz fikirlərini söyləyirlər. Digər tərəfdən xarici getdiyimiz zaman  insanların gündəlik geyimə önəm vermədiyini müşahidə edirik. Qərb insanları tədbirlərdə, hansısa özəl günlərdə  buna fikir verirlər. Onlar gündəlik həyatda isə daha çox rahat üsluba üstünlük verir, bər-bəzəkdən, makiyajdan, geyimləri çətinləşdirən məqamlardan  çox istifadə etmirlər. Bu baxımdan parıltını, göz oxşayan geyimləri Şərq insanlarında, o cümlədən azərbaycanlılarda görürük”.

G.Xəlilova qeyd edib ki, son illərdə azərbaycanlılar geyim məsələsində öz üzərlərində çalışır və zövqlü görünməyə cəhd edirlər:

“Bilirsiniz, hər bir ölkənin  dəbindən söz açarkən bunu bütün insanlara şamil edə bilmərik. Yeri gələndə Qərbdə də gündəlik geyimlərə diqqətlə yanaşan insanlar mövcuddur. Lakin biz əksəriyyəti nəzərə alırıq. Düzdür, istisnalar hər zaman olur. Amma düşünürəm ki, Azərbaycan xalqı  həm vizual olaraq gözəldir, həm də Şərq mədəniyyətinin nümunəvi təmsilçisidir.

Mən çox istəyərdim ki, gündəlik həyatımız dəbdə olan və zövqlü geyimlərdən istifadə edək. Azərbaycanlıların əksəriyyəti gündəlikdə xəzdən istifadə edirlər.

Bizdə təbii xəzlərə bağlılıq var. İstərdim ki, bunu az görüm. Çünki bu gün fərqli geyimlər, müxətlif parçalardan istifadə edilərək hazırlanan paltarlar, gödəkçələr var. Ümumiyyətlə son illərdə insanlar öz üzərlərində çalışır və zövqlü, maraqlı görünməyə cəhd edirlər. Bu da sevindirici haldır”.

Modelyer düşünür ki, geyim seçimində təbəqə deyil, zövq  önəmli rol oynayır:

“Çox zaman insanlarımız dəbdə olan  geyimləri almaq istəyirlər. Mən hər zaman dəbdə olan geyimləri geyinmirəm. Çünki bu gün dəbdə olan geyimləri artıq beş-altı il bundan qabaq  istifadə etmişəm. Mənim bu gün geydiyim hələ beş il sonra dəbdə olacaq. Bu dizaynerlərə məxsus bir şeydir və Allah  tərəfindən verilən istedaddır. Məsələn, mən hər zaman toplumdan fərqli görünməyə çalışmışam. Fərqli olmaq, qeyri-adi  geyimdən, zinyət əşyalarından istifadə etmək demək deyil. Bunu yanlış başa düşən dizaynerlər də var. Yəni onlar fərqliliyi başqa cür düşünürlər.

Amma söhbət geyimdən gedirsə, təbəqə deyil, zövq  önəmli rol oynayır. Bir insan adi parçadan elə geyim tikdirə bilər ki, digər bahalı paltarlardan daha gözəl olar. Elə insanlar var ki, kifayət qədər imkanı var, istədiyi geyimi ala bilər, amma zövq kasadlığı var. Ümumiyyətlə geyimləri düzgün seçmək lazımdır”. (Modern.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir