“Azərbaycana səyahət etməzdən əvvəl bəzi mədəni özəllikləri nəzərə almalısınız. Birincisi, kişilərin şort geyinməsi qəbul olunmur”.
“Azərbaycan ənənəvi müsəlman ölkəsidir və “Quran”da kişi ayaqları məhrəm hesab olunduğuna görə, daim örtülü olmalıdır.”
“Bizim Bakıya səfərimizin ilk günlərində Con bəzi gülüşmələr, nifrətli baxışlarla qarşılaşdı, hətta metroda onu itələdilər. Bütün bunların səbəbi onun şort geyinməsi idi, Con uzun şalvar geyinəndə problem aradan qalxdı”.
Virtualtourist, Hitchhikershandbook, Wanderlust, Travelandleisure, Ediplomat, Silkwaytravel kimi tanınmış turist saytları və bloqları Azərbaycana səfər etmək istəyən xaricilərə belə tövsiyələr yazırlar.
“Kişilərin şort geyinməsi, yay olsa belə, xoş qarşılanmır. Bu, xüsusən Bakıdan kənarda narahatlıq yarada bilər”, – Britaniya da daxil olmaqla, bir sıra Avropa ölkələrinin xarici işlər idarələri öz rəsmi “Xarici səfər məsləhətləri” bölmələrində bunu qeyd edirlər.
Belə xəbərdarlıqlar həm yerli xalqa, həm də onların yanına gələn xariciyə yaxşılıq edir, onların işini asanlaşdırır, bəlkə də sabah ola biləcək bir cinayətin qarşısını alır.
Amma həm də “Ənənə və müasirlik”, “Dəyərlər və Tolerantlıq” kimi mövzularda iddialı olan bir ölkə üçün normal deyil belə xəbərdarlıqlara əsas verməyimiz.
Din?
Haqqında çox danışsaq da, ənənə – bizim kişilərin şort geyinməməsi və müasirlik – özümüz geyinməsək də, geyinənləri narahat etməmək arasında bağ yarada bilməmişik. Ancaq bu deyil müzakirə edəcəyimiz əsas məqam…
Bütün yuxarıdakı mənbələr Azərbaycanda kişilərin şort geyinməməsini dinlə bağlayırlar. İlk baxışdan elə görünür. Ancaq sonra üç “yox” çıxır qarşımıza.
Birincisi, İslam mütəxəssisilərinə istinad etsək, dində kişinin məhrəm yeri bütün ayaqları deyil, orada “göbəklə diz arası” söhbəti var. İkincisi, yenə turistlər üçün olan məlumat mənbələrinə görə, Yaponiyada da kişilər gündəlik həyatda şort geyinmirlər.
Üçüncüsü, Azərbaycanda heç dindar olmayan kişilər şort tabusunun tərəfdarıdırlar, onlar bunu belə izah edirlər: “Qadın şort geyinsə də olar, qadın gözəllikdir, amma kişi, kişi kimi geyinməlidir”.
Başqa bir səbəb
Geyimimiz sırf bizim şəxsi zövqümüzü deyil, yaşadığımız dövlətin, quruluşun fəlsəfəsini, problemlərini də ifadə edir.
Bəzən bu, sovet dövründəki kimi birbaşa olub – gah dövlətin göstərişilə kosmonavtikanın inkişafını qadın geyimləri üzərindəki şəkillərdə əks etdiriblər, gah da onların hamısını hərbçi, dənizçi yaxalıqlarına bürüyüblər.
Bəzən bu, 20-ci əsrdə Qərb ölkələrində baş verdiyi kimi domino effektilə olub; dövlətdə liberal mühit yaradıblar, insanlar da geyimlərində ənənələrin, ideologiyaların şablonlarını yox, öz fərdiyyətlərini ifadə etmyə başlayıblar.
Bəzən də bu, insanların dominant mədəni-siyasi qrupun zövqlərini, vərdişlərini könüllü yamsılaması şəklində olub: rəhbərimiz, onun ətrafı, ailəsi belə geyinir, biz də baxıb elə geyinirik.
Hər bir halda narazı subkultura və onun geyimi də olub həmişə. Sovet dövlətində Qərb dəbinə olan meyl kimi. Amma o da elə dövlətin, quruluşun hakim fəlsəfəsinə reaksiya kimi ortaya çıxıb.
Axır illər Qərbdə qadınlarla kişilərin geyimləri arasındakı uçurum aradan qalxır. Qadın geyimlərində kişi, kişi geyimlərində qadın geyimindən gələn cizgilər görürük. “Unisex” geyim, hər iki cinsin geyinə biləcəyi ortaq geyim üslubu uğurla yayılır. “Unisex” geyimə hətta gələcəyin geyimi deyirlər.
Bu dəyişikliyin də əsasında dizaynerlərin özlərinin təsadüfi ideyası yox, dolayısıyla dövlətin fəlsəfəsi, cəmiyyətdə gedən dəyişikliklər dayanır.
Məsələ burasındadır ki, Qərb dövlətləri cinsi ayrı-seçkiliklə mübarizə layihəsini gerçəkləşdirib tamamlamaqdadır. İndi də bu, geyimlərdə əks olunur. Bu fəlsəfəyə görə, “geyim gender məsələsi olmamalıdır. Geyim bizim cinsimiz haqqında informasiya vermək, cinsi mənsubiyyəti göstərmək üçün deyil, geyim – insanın özünüifadəsi və incəsənət məsələsidir.”
Cinslərə vurğu aradan qalxdıqca…
Azərbaycanda da “unisex” geyimlər yayılmaqdadır. Hələlik az. Bir az da subkultura şəklində. Ümumi vəziyyət isə belədir: kişilər istidən şalvarlarını dizlərinə qədər qatlayır, amma dizə qədər şort geyinməyi “ar” hesab edirlər.
Bizim cəmiyyətdə ənənəvi qadın və ənənəvi kişi kultu hökm sürür. Kişi ilə qadının sosial rolları necədirsə, geyimləri də elədir.
Azərbaycanlı kişi öz geyimindən silah kimi istifadə edir.
O, özünü, ailəsini və digər yaxıb ətrafını. sözün hərfi mənasında qorumalıdır. Bunun üçün o, bacardığı qədər güclü, bacardığı qədər ciddi görünməyə məcburdur, geyimi də bu işdə ona kömək etməlidir. Tünd rəngli, sərt kəmərli geyimi də ətrafa bu mesajı verməlidir. Cinsiyyəti onun həyatında böyük yer tutur.
Geyimində ənənəvi olaraq, qadınların, uşaqların geyindiyi şortdan istifadə etsə, “qadın kimi ayağı görünsə”, bu onun cinsi obrazını – həyatının başlıca nemətini zədələyə bilər. “Unisex” geyimin yayğın olduğu cəmiyyətlərdə kişilər və qadınlar öz cinslərini vurğulamadan da yaşayıb uğur qazana bilirlər. Bizdə isə kişi öz cinsini var qüvvəsilə və bütün tünd boyalarıyla vurğulamaq istəyir, ondan da elə bu gözlənir. Qadın da həmçinin.
Kimin sosial statusu imkan verirsə, onun üçün “cinsiyyətindən faydalanmaq” məcburiyyəti aradan qalxır, onun gündəlik geyimlərində “uniseks” üslubu önə çıxır.
Hələ ki, bizdə məhz bu – cinsiyyətə vurğu çox güclüdür, insanlardan “kişi” olmağı və “qadın” kimi görünməyi ölkədəki mədəni-sosial vəziyyət tələb edir, bu da arasında uçurum olan kişi geyimilə və qadın geyimilə nəticələnir.