bosanma

Azərbaycan qadını niyə boşana bilmir?

Baxış sayı: 617

Elə bir məmləkətdə yaşayırıq ki, toy-büsatsız günümüz olmur. Hər gün mütləq bir qızın belinə qırmızı yaylıq bağlanır, başına nəmər səpilir. Qucağına oğlan uşağı oturdulur ki, məhsuldar ana olsun, ilk dəfədən nəslə-kökə xeyirli, nur topu kimi oğlan övladı bəxş etsin.

Vağzalı çalınır, gəlinin əlindəki gül buketi göyə atılır, arxada onu tutmaq üçün gənc qızlar və oğlanlar arasında saçyoldu düşür.

Toy bitir, hamı dağılışır, gedir. Restoran xərcləri verilir, kirayə paltarlar, şinyonlar, hətta gəlinin belinə bağlanan qırmızı kəmər mağazalara geri qayıdır.

İlk günlər hər şey təzə və tər olur. İnsanlar xoşbəxt, firavan görünür, ya da özlərini bu görüntüdə olmağa, qalmağa məcbur edirlər. Bir müddət sonra isə dəhşətli şeylər baş verir. Amma bu dəhşətli şeylərə qədər gedən yol da var axı.

Əvvəlcə “mama-papa” söhbətləri başlayır. Oğlan deyir sən mənim “mama”ma çayı açıq rəngdə süzüb gətirdin. Qız oğlana deyir, sən mənim “mamam” gələndə ağızucu salam verdin, “papa”mı ad günündə təbrik etmədin, dayımqızı ərə getdi onu qonaq çağırmadın və s.

Beləliklə yenicə xoşbəxt olan bu cütlüklərin üç öpüb, bir dişlədikləri altun üzüyün aqibəti incə barmaqlardan çıxaraq dığırlanıb, bir tərəfdə qalmaq olur.

Dığırlanan altun üzük yiyələrinin taleyi isə gözlənilməzliklərlə dolub-daşır.

Qonşuluğumuzda beş il nişanlı qalıb evlənən bir ailə vardı. Bir il keçmədi ki boşandılar. Bir də eşitdik ki, qızın atası qızının cehizləri ilə birgə otaqların karnizlərini də söküb aparıb. Sonradan isə necə olmuşdusa, həmin qızın atası qızına haradansa ev aldı, qızını da əri ilə barışdırdı. El dili ilə desək, oğlan ata və anasından ayrılıb, qayınatasının aldığı evə köçdü. Yəni belə də olur…

Əvvəllər anaların qızlarının qulağına sırğa etdiyi bir misal vardı.

“Ər evindən kəfəninlə çıxa bilərsən”.

Sonralar bu deyim bir az mutasiyaya uğradı. Təxminən bu cür ifadə olundu. Ata və ana qızına xeyir dua-verəndə deyirdilər: atan da, anan da ərə getdiyin oğlanın valideynləridir.

Hə, bax, bizim analarımızın ən böyük səhvi də elə burda oldu. İllərlə, zəhmətlə qız böyüt, yetişdir, tərbiyə et. Axırda da ver birinə, de ki, mən sənin atan, anan deyiləm.

Özü də hər nədirsə, bu ancaq azərbaycanlı qızların analarına xas xüsusiyyətdir. Mən bu günə qədər heç bir toy-düyündə, oğluna səni verdik, qız evinə, atan da, anan da onlardır sözünün deyildiyini eşitməmişəm.

Amma nədənsə, valideynlərimiz qızlarını kiməsə verməklə, üzərlərindən yük götürülmüş kimi dərindən nəfəs alırlar. Təbii ki, bütün bunlar mental və dərin səbəblərdən, Məhəmməd peyğəmbərdən əvvəl qızların diri-diri basdırılmasına qədər gedib dirənən məsələlərdən qaynaqlanır.

Ailələr dağılır, evliliklər məhkəmələrin soyuq divarları arasında, qara-qışqırıqla, söyüşlə, aliment davası ilə başa çatır. Budurmu, azərbaycanlı anaların, ataların istədikləri?

Budurmu, min bir əziyyətlə böyütdükləri övladlarına rəva gördükləri? Valideynləri ona görə məsələyə qatıram ki, çox vaxt ər-arvad arasındakı münaqişələri körükləyən elə valideynlər, xüsusən də, qayınanalar olur.

Bu barədə çox yazmışam, ona görə də, indi təzədən dastan açıb qanqaraçılıq salmaq istəmirəm. Amma əziz valideynlər bir şeyi dəqiq bilin ki, sizin yerinə yetməyən arzularınızın, təmin olunmamış istəklərinizin cəzasını övladlarınız çəkməməlidir. Bəsdirin, gəlinlərinizə gəlin mənim süpürgəmdi, harda qoydum, orda da dayanacaq rəftarı ilə davrandınız.

Artıq çoxlarımıza məlumdur ki, Avropa ölkələrində ailə modeli deyilən ənənə bitmək üzrədir. İnsanlar ailə qurur, dünyaya bir və ya iki uşaq gətirir. Bir müddət sonra isə sivil və rahat şəkildə bir-biri ilə evlilik əlaqələrini bitirib yeni həyata qədəm qoyurlar. Bu cütlüklər ayrılsalar da, sonradan dost kimi qalmağı da bacarırlar. Hətta keçmiş ərinin və ya arvadının sevgilisi ilə tanış olub, dostlaşan insanlar da var.

Bizdə isə vəziyyət başqa cürdür. İnsanlar elçilik, nişan, xınayaxdı, toy, üçgünlük və s. Mərasimlərə o qədər əziyyət, xərc-xəsarət çəkirlər ki, bu xərcdən sonra boşanmağı özlərinə rəva görmürlər. Azərbaycanlıların həm də çəkdikləri xərcə heyfləri gəlir. Onlar üçün nişana, toya çəkilən xərc xoşbəxtlikdən daha vacibdir. Hələ bu xərclərin pərdəarxasından danışmıram. Gəlinə alınan bahalı daş-qaşlar, libaslar, oğlan evinə gətirilən dəbdəbəli cehizlər bir-birini it-pişik kimi görən cütlüklərin boşama istəklərinin qarşısında dəmir sipərə çevrilir.

Ayağının altında dəbdəbə, əlinin içində rahatlıq, isti suyu ayrı, soyuq suyu ayrı olan ailələr didişə-didişə yaşamağa davam edir. Aradan bir neçə il də keçir. Bu diskomfortun içərisində bir, iki uşaq da dünyaya gəlir. Beləliklə bədbəxtik qatarına daha bir ailə qoşulur.

Yazını yazmazdan əvvəl bir neçə qadın və kişi həmkarlarımla müzakirələr etdik. Müzakirələrdən sonra belə məlum oldu ki, Azərbaycanda boşana bilməməyin əsas səbəbləri qadınların sosial təminatsızlığıdır. İşləməyən və evdar qadın boşanmaq istəsə, küçələrə düşüb dilənməli, ya da haradasa peraşki, qutab bişirib satmalı, idarə və ofislərdə xadiməlik eləməlidir.

Fərz edək ki, boşanmaq istəyən qadın ali təhsillidir, hansısa məktəbdə, müəllim və ya tibb bacısı işləyir. Amma bu da boşanmaq istəyən qadını xilas etmir. Boşanıb evini tərk etmək məcburiyyəti olan qadın dörd yüz, beş yüz manatlıq maaşla heç qarnını doyura bilməyəcək. Hələ bunun kirayə verməyi, uşaq saxlamağı da var.

Ancaq Azərbaycan qadınının boşana bilməmək dərdi təkcə sosial məsələlərlə bağlı olsaydı, dərd yarı olardı. Onun ata qapısına gedib, qardaş, qardaş arvadı, qohumları yanında pis qadın olmaq həqiqəti də qaçılmazdır. Ən dəhşətli məqamlardan biri də qısqanc, mühafizəkar ər tərəfindən təqib olunmaq, döyülmək, söyülmək, hətta öldürülmək qorxusudur.

Ötən ilin avqust ayına qədər olan statistikaya əsasən Azərbaycanda 33 qadın qətlə yetirilib. Bu qətllərin əksəriyyətində qadınlar mətbəx bıçağı ilə, ailə məişət zəminində qətlə yetirilib. 33 insanın həyatı ailə münaqişəsində sona çatıb. Ailə və münaqişə sözünün bir-birinə nə qədər tərs mütənasib olduğunu yəqin ki, oxucu da hiss edir. Aqibətinin belə qorxu ilə başa çatacağı ailə kimə, hansı cəmiyyətə lazımdır?

Olmaz ki, insanları bu sahədə maarifləndirən verilişlər, proqramlar hazırlansın? İnsanların sosial təminatı gücləndirilsin. Qadınlara həm zəif cinsin nümayəndəsi kimi yanaşma, həm də onu əzmə, döymə, öldürmə cəhdləri yığışdırılsın.

Olmazmı, boşanmaq istəyən qadına da, kişiyə də bu istək tanınsın? İnsanlar bir-biri ilə düşmən kimi yox, dost kimi ayrılsın? Yeni həyatlara başlasınlar? Xoşbəxt olub, beş, üç günlük dünyada ömür-gün sürsünlər.

Onsuz da, yaşadığımız bu sürətli həyatda heç nə qalıcı deyil. Xoş xatirələrdən, gözəl işlərdən və sevgidən başqa!

 

Samirə Əşrəf




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir