restoran

Azərbaycan restoranlarında ağlasığmaz xidmət haqqı: 25 faiz

Baxış sayı: 564

Son zamanlar istirahət mərkəzlərində tələb olunan fantastik “xidmət haqqı” sosial şəbəkələrdə müzakirə edilir. “Xidmət haqqı”nın 25 faiz olaraq tələb olunması haqlı olaraq istehlakçıların narazılığına səbəb olur. Məsələn 500 manat hesab ödəyən müştəridən 100 manat xidmət haqqının tələb edilməsi həqiqətən ağlasığmaz bir məbləğdir. Maraqlısı budur ki, çox zaman bu məbləğin ofisiantlar üçün tələb edildiyi deyilsə də, bu məbləğ onlara deyil, müəssisənin özünə qalır.

Bəs qanun bu barədə nə deyir? Bu qədər yüksək xidmət haqqı tələb oluna bilərmi?

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, biznes işi ilə məşğul olanlar bilməlidirlər ki, dünyanın istənilən yerində, istənilən sahədə istehlakçıya yaxşı xidmət göstəriləndə əlavə ödəniş edilir. Dünyada istehlakçıların istehsalçılara, xidmət göstərənlərə qarşı etdiyi bir istehlakçı düşüncəsi mövcuddur. Bu, çox yaxşı cəhətdir. Təəssüflər olsun ki, bunun əksinə olaraq, istehsalçı, xidmət göstərən restoran onları mövcud edən biz istehlakçıların bu dəstəyini qiymətləndirmir, əksinə bizdən daha çox pul qoparmaq istəyirlər.

eyyub huseynov

“Bu əcaib forma Azərbaycanda 5 ilə yaxındır tətbiq olunur. Son illər daha böyük vüsət alıb. Hətta hökümətin biznes qurmaq üçün yaratdığı rahat şəraitdən, toxunmazlıq şəraitindən istifadə edib, “servis haqqı” deyilən bir şeyi kassa çəkinə də salırlar. Yəni hökümətə deyirlər ki, “biz alırıq, istehlakçını soyuruq, ancaq vergi veririk deyə bizimlə heçkəsin işi olmasın”. Düşünürəm ki, bu doğru mövqe deyil. Ölkədə “istehlakçıların hüquqlarının müdafiəsi” haqqında qanun mövcuddur. Qanun 1995-ci ildə qəbul olunub. Baxmayaraq ki, bu qanun, bunu icra etməyə cavabdeh olan dövlət orqanı ölü vəziyyətdədir. Həmin dövlət orqanları istehlakçıların hesabına maaş alır.

Bu vəziyyətdən sui-istifadə edən biznes qurumları 25 faizə qədər “servis haqqı” deyilən bir şey tələb edirlər. Dünyada “çay pulu” deyilən bir anlayış var.

“Servis haqqın”dan fərqli olaraq, bu istehlakçıların özü tərəfindən könüllü xidmət göstərənə verilən bir məbləğdir. Məsəl üçün, Kanadada xalq qəbul edir ki, təxminən 20 faizə qədər ofisanta “çay pulu” verilir. Bunu biznes sahibinə vermirlər. Əgər yaxşı xidmət göstərilərsə, daha yaxşı pul verərlər”,- deyə Eyyub Hüseynov əlavə edib.

Eyyub Hüseynov qeyd edib ki, istehlakçılar istehsalçılara, xidmət göstərənlərə belə jestlər göstərirlər. Azərbaycanda isə, istehsalçılar təəssüf ki, istehlakçılara “yeriyən kaşelok” kimi baxırlar. Bu da yolverilməzdir.

Ekpsertin fikrincə, bu, Azərbaycan qanunvericiliyində heç bir şeylə tənzimlənmir. Belə bir məsələ yoxdur. Lakin qadağadan da deyil. Biznes qurumları da bu prinsiplə hərəkət edirlər ki, qadağan deyilsə, biz edə bilərik.

“Biznes qurumları bir tək vergidən çəkinirlər. Onun üçün də həmin məbləği kassa çekinə salırlar, vəssalam… Biz də olan məlumata görə, o qədər puldan heç də, ofisantlara, xidmət göstərənə çatmır. Əksinə, şou proqramlar təşkil edirlər. Sanki o artislərlə biznes qurumları əlbirdilər. İnsanları soymaq üçün bu yollardan istifadə edirlər. Bütün hallarda “Azad İstehlakçılar” Birliyi istehlakçıların belə soyulmasına qarşıdır”,- deyə Eyyub Hüseynov qeyd edir.

TOY

Ekspert bununla bağlı Nazirlər Kabinetinə çağırış da edib. O, deyib ki, biznes qurumları üçün qaydalar qəbul edilməlidir. Ümumiyyətlə, biznes qurumları hansısa bir prinsiplə işləməlidir. Bu məsələlər Azərbaycandan götürülməlidir.

“Məsələn, komplekt çay vermək ənənəsi… Bir stəkan çaya 50 manat istəyirlər. Əgər mürəbbələri götürmürsənsə, adama çay vermirlər. Bu, Azərbaycan turizim siyasətinə zərbə endirən bir haldır. Tezliklə, Nazirlər Kabineti bir qərar qəbul etməli və bunun qarşısı alınmalıdır”-deyə ekspert bildirir.

P.S. 25 faiz “xidmət haqqı” həqiqətən də böyük bir məbləğdir. İnsan yeyib içdiyinə pul xərcləməkdən çəkinmir, amma “xidmət haqqı” deyilən vəsaiti ödəmək istehlakçının soyulmasıdır. Onsuz da biz getdiyimiz yerlərdə bizə xidmət edən ofisiantlara “xidmət haqqı” ödəyirik. Amma 25 faiz deyil, gücümüz çatdığı qədər… Və kimsə artıq verməyə məcbur da deyil. Onsuz da restoran və istirahət mərkəzlərində təqdim edilən yeməklərin qiyməti olduqca bahadır. Bir də xidmət haqqı…

O gün bir istirahət mərkəzinin ödəniş çeki paylaşılmışdı. Kabab assortinin 1 kiloqramının qiyməti 99 manat qeyd edilmişdi. Ay başınıza dönüm ətin kiloqramı 20 manatdan baha deyilsə və bu qarışıq kabab setidirsə, lap olsun qiyməti 50 manat, 99 manat nədir? Bu qiymətlər kasıba acıq vermək, varlını soymaq məqsədilə belə təqdim edilir. Bunun qarşısını almaq isə, məsul dövlət qurumlarının boynundadır. Əgər hami deyillərsə, yəqin ki, yaxın vaxtlarda bir nəticə görərik…

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir