qadin

Azərbaycan tarixində qadınlar: daim öndə – kişidən bir addım geridə

Baxış sayı: 613
1999-cu ildən BMT-nin təşəbbüsü ilə hər il 25 noyabr-10 dekabr aralığı qadınlara qarşı zorakılıqla mübarizə fəallığı günləri kimi tarixə düşüb. Dünyanın müxtəlif ölkələrində, eləcə də Azərbaycanda bununla bağlı istər dövlət təşkilatları, istərsə də QHT sektoru tərəfindən bəzi marafonlar təşkil edilir.Azərbaycanda qadınların hüquqlarının pozulması faktı var, lakin tarixən coğrafiyamızda böyük türk qadınlarının, Azərbaycan xanımlarının haqları, hüquqları Şərq və Qərb dünyasına nisbətən daha çox qorunub.

Biz Azərbaycan xanımının evdarlığından döyüşlərdəki qəhrəmanlığınadək çox bacarıqlarından xəbərdarıq. Tomrisi bilirik, e.ə. 65-ci ildə Pompeylə Qanıq çayı sahilindəki döyüşdə alban qadınlarının cəsurluqlarının, qəhrəmanlıqlarının dünya tarixi üçün örnək olduğunu bilirik. Oğuz türk qadınlarının at belində düşmənə ox, nizzə atması da tariximizdən bəllidir.

Xanımlarımızın qəhrəmanlığı ədəbiyyatımıza, dastanlarımıza da yansıyıb. İslam dini coğrafiyamıza gəldikdən sonra qadınların haqları, hüquqları olduqca ağır idi. Siyasətdə, elmdə, təhsildə demək olar, təmsil olunmurdular. Lakin erkən orta əsrlərdən fərqli olaraq, XV əsrdən ictimai-siyasi proseslər dəyişməyə başladı. Artıq coğrafiyamızda türk boylarının güclü dövlətlərini görməyə başladıq. Baharlılar, Bayandırlılar, türkmən Səfəvilər və digərləri. Bayandırlıların Azərbaycan tarixinə bəxş etdikləri hökmdar anası Sara Xatun kimi diplomat, siyasətçi qadın həm Şərqin despotik siyasi aləmindən, həm də Qərbin qaranlıq dövründən boylananda işıqlı zirvədir.

Sara Xatunun nəvəsi, Aləmşah bəyim qətiyyətli, övladlarını onlara düşman kəsilən öz qardaşlarından qoruyan, gizlədən və zamanı gələndə İsmayılı Azərbaycan tarixinə Şah İsmayıl kimi bəxş edən güclü qadın idi. Aləmşah bəyimin nəvəsi, Şah I Təhmasibin qızı Pərixan sultan atasının vəfatından sonra, xanədanın qarışdığı bir dövrdə hakimiyyəti ələ alıb, qarışıqlıqlara son qoyub, qardaşı İsmayılı II Şah İsmayıl kimi taxta çıxarmışdı. Lakin özündən hiyləgər qadına, qardaşının nikahlı xanımı Məhdi Ülyaya qarşı mübarizədə məğlub olub çəkilmişdi. Raziyə Sultan Səfəvi qardaşı Şah II Təhmasibin və övladlarının qisasını Nadir şahdan, övladından, qardaşından alıb, Kərim Xan Zəndlə birlikdə İranı idarə etmişdi.

Artıq dünyada XIX əsrin dəyişən siyasi prossesləri Azərbaycanda da qadınların rolunu artırmağa başladı. Qadın şairlər yetişdi ki, ədəbiyyat, aşıq məclisləri, qadın ədəbi yığıncaqları təşkil etdilər. Xurşudbanu Natəvan Qarabağ qadınlarının  azadlıq simvoluna çevrilmişdi. Azərbaycan cəmiyyətində müasir maariflənmənin mayakı olan Əkinçi qəzetində həyat yoldaşı Həsən Bəy Zərdabi (Məlikov) ilə birlikdə çalışan Hənifə xanım Məlikovanı unutmaq olmaz. Qız məktəblərinin açılması üçün imperatorluğun bəzi idarələrinə məktub yazmış, nəhayətində 1909-cu ildən Bakıda qızlar məktəbində H.Z.Tağıyevin istəyi ilə müdir olaraq işləmişdi.

Həmidə xanım Cavanşir uzun illər maarifin inkişafı. Azərbaycan məktəblərində qızların da təhsil alması üçün çalışıb, maarifləndirici tədbirlər təşkil edərək, xanımların cəmiyyətdə rolunun artırmasına böyük dəstək verib. Onun fəaliyyəti sonralar Azərbaycan Cümhuriyyətinin qadınlar haqqında qəbul edilən proqramlarının təməlini təşkil edib.

1911-ci ilin yanvarından, iki ilə yaxın müddətdə 68 sayı nəşr olunan “İşıq” jurnalı Azərbaycanın maarifçi xanımlarının ən böyük mətbu orqanı idi. XX əsrin əvvələrində ictimai şüurun formalaşması xanımların da cəmiyyətdə rolunu, fəaliyyətini artırırdı. Hənifə xanım Məlikovanın dəstəyi ilə bu jurnal ətrafına Xədicə xanım Əlibəyova, Səkinə xanım Axundova, Səltənət xanım Ağacanova və digər maarifçilər “İşıq”ın işığına cəmləşmişdilər.

Azərbaycan Cümhuriyyəti 1918-ci ildə Şərqdə qadınlara ilk dəfə seçki hüququ verən demokratik dövlət olaraq dünya tarixinə öz möhürünü vurdu. Qızların həm ayrı məktəblərdə, həm də qız məktəblərində təhsili təşkil edildi. Gənc xanım müəllimlər hazırlanması üçün kurslar təşkil edildi, qadınların təhsildə, cəmiyyətdə, dövlət orqanlarında fəaliyyəti üçün müvafiq tədbirlər planı hazırlanıb parlamentə təqdim edildi. Böyük çoxluq bu proqramların həyata keçirilməsinə dəstək verdi.

Sovet dövründə də sosializim-kommunizm ideologiyasına uyğun olaraq qadınların sosial həyatda rolu görülməkdəir. “Şərq qadını” jurnalı bu işdə xüsusi rol oynayırdı. Daha çox qızlarımız təhsilə, işləməyə cəlb olundular ki, bunun da nəticəsində, Sovet caynağından qurtularkən, meydanlarda kişilərlə yanaşı xanımlarımız da şüurlu şəkildə azadlıq tələb edirdilər. Qarabağ müharibəsi zamanı bir çox qadınlar müxtəlif bölgələrdən könüllü olaraq vətənin müdafiəsinə qalxdılar. İstər döyüşçü, istər tibb bacısı, istərsə də, jurnalist kimi.

İndi Azərbaycan xanımları daha inkişaf etmiş və mədəni sahələrdə yer tutmağı bacarırlar. Təbii ki, zorakılıq aktları, erkən evləndirilmələr, işsizlik prblemləri yenə də mövcuddur. Lakin Azərbaycan qadınının problemlərini həll etməyin bir yolu var – mədəni maariflənmək. Nə müasir feminizm, nə də hansısa marafonlar bu hadisələrin qarşısını alacaq. Azərbaycan dəyərlərinə görə xanım hər zaman öndə olmalıdır, lakin Azərbaycan kişisindən bir addım geridə. Çünki o bir addımda ailə var, övladlar var, dəyərlər var. Örnək saydığımız bütün xanımlar zamanla o addımı gözləyiblər.

 

 Şəhla Cabbarlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir