toy

Azərbaycan toylarında sıradan çıxmaqda olan yengəlik haqda bilmədikləriniz

Baxış sayı: 2. 307

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənlərilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər. Yengə həmişə yalnız bəy və gəlinin yaxın qohumlardan və inanılmış adamlardan təyin olunub.

Yengələr çox vaxt dayıarvadı, əmiarvadı, qardaşarvadı və s. təcrübəli qadınlar təyin olunublar ki, onlar ərə gedən gənc qıza müəyyən məsləhətlər verib, onu toy gecəsinə hazılayıblar. Yengənin ikinci rolu isə qızın doğurdan da bakirə olduğunu təsdiq etmək idi. Bəzi yerlərdə həm oğlan, həm də qız yengəsi qapınıın ağzında durur və toy gecəsinin uğurlu olmasına nəzarət edirdi. Azərbaycanın əksər bölgələrində yengələr toy gecəsi gəlinin bakirəliyi pozulandan sonra qohumlara gözaydınlığı verirdi.

Ancaq bu adətimiz son zamanlar toyun atributları sırasından çıxmaqdadır. Artıq bəzi toylarımızda yengələr gözə dəymir. Bəzi müasir gənclər yengəyə ehtiyac görmür, ondan imtina edirlər. Bunu onunla əsaslandırılar ki, əgər oğlan qızı bəyənibsə, onu qəbul edibsə, yengənin qapı ağzında nə işi var?


AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanova deyir
 ki, yengə toy mərasiminin iştirakçıları silsiləsində bütövlükdə bu mərasimin ən mühüm atributu kimi çıxış edir:

“Toy mərasiminin son mərhələsində fəallaşan bu obraz, əslində xeyir işin ilk günlərindən müəyyənləşəir. Qızın qohumları sırasından seçilən yengə “başıbütöv”, yəni ərli, oğul-uşaqlı, bir sözlə, yarımış qadın olmalıdır. Yengə obrazına bütün türk xalqlarının toy mərasimlərində rast gəlinir. Qazaxlarda və qaraqalpaqlarda  jenqe, özbəklərdə yanqa, türkmənlərdə enne, altaylarda yenqezi eyesi, Anadolu türklərində yenqe, Dağıstan tərəkəmələrində yengə, tuvalılarda çenqem, habelə taciklərdə yanqa vurova adlanan bu personaj bütün hallarda (yəni bütün xalqlarda) eyni funksiyanı icra edir.

“Yengə” sözünün mənası Mahmud Kaşğarinin “Divani-lüğətit-türk”ündə böyük qardaşın  arvadı, V.Radlovun  “Qədim türk lüğəti”ndə isə böyük qardaşın ya da dayının arvadı kimi açıqlanır. Qədim türk  yazılı abidələrində  də yengə adıçəkilən lüğətlərdəki mənada işlənir. Bu cür mötəbər mənbələrdə  yengənin toy mərasimi ilə ilgili funksiyalarının anılmaması  heç də bu obrazın toy mərasiminə  sonradan daxil edilməsi, yəni yaşca “cavan” olmasını  göstərmir. Sadəcə olaraq, gəlini müşayiət edənin çox zaman eyni adam-yəni qardaş arvadı olması vəzifənin də qohumluq münasibətini bildirən bu sözlə adlandırılmasına səbəb olub”.

 

Müsahibimiz  qeyd edir ki, bəzi xalqlarda yengəlik  vəzifəsini qız anası icra edir:

“Bütün xalqların toy mərasimində gəlini müşayiət edən, ona həyatının bu mühüm günündə davranış qaydalarını başa salan bu cür obraza ehtiyac duyulur. Bəzi xalqlarda (nenlərdə) bu vəzifəni qız anası icra edir.
Azərbaycanlıların, eləcə də başqa türk  xalqlarının əxlaq normaları, nəinki qız anasının, bütövlükdə qan qohumluğu olan şəxslərin bu vəzifəyə  seçilməsini istisna edir. Buna görə də qardaş arvadı  bu məsuliyyətli vəzifəni boynuna götürür. Qardaş arvadının seçilməsinin Q.Snesaryov tərəfindən göstərilən başqa bir səbəbi də mövcuddur: “Ekzoqamiya və patrilokal yaşayış formasında qızın, qardaşlarının qız aldığı kollektivə gedəcəyini nəzərə alsaq, bu personajın mahiyyəti daha da aşkarlanar. Beləcə, qız evinin qudalıq münasibətində olduğu nəslin nümayəndəsi kimi çıxış edən yengə, qızı onun üçün yeni olan  kollektivə daxil etmək vəzifəsi daşıyır”.
Başqa sözlə, yengə gəlinin düşəcəyi mühit və adamlarla daha yaxından tanış olduğundan bu funksiyaların məhz onun tərəfindən icrası əlverişli sayılır. Azərbaycanda da yengəyə gəlini toyqabağı-nişan, xınayaxdı, gəlinbəzədi və.s mərasimlərdə müşayiət edən, öyüd-nəsihət verən  bir obraz kimi yanaşırlar. Bu münasibəti Azərbaycan folklor yaddaşında qorunan
Arxalığın oymadı
Gözüm yardan doymadı
Çıxdım yolun üstünə
Paxıl (Ölmüş)  yengəm qoymadı.
bayatısı təsdiq edir. Toy mərasimində bu cür obraza ehtiyacı isə qızların erkən yaşlarda ərə verilməsi şərtləndirir”.

A.Ramazanovanın sözlərinə görə, yengə ilkin olaraq gəlinlə bəyi mühafizə edən  bir obraz kimi meydana gəlib:

“Özbəklər erkən yaşlarda “bikeş” adlandırdığı qızın sirdaşı, əsas məsləhətçisi olan qardaş arvadı toy mərasimində  “jenqe” vəzifəsini icra edir. “Göyçək Fatma” nağılında, habelə qaraqalpaqların “Qırx qız” eposunda qəhrəman-qızların hamisi, köməkçisi məhz yengədir.
Bulağın döngə yolu
Sallanıb yen gə yolu
Toy edən yaxşı bilir
Ağırdır yengə yolu.
Bu bayatıda yengə yolunun, yəni vəzifəsini ağır hesab edilməsi yengənin həm də toy gecəsinin nəticələrini yoxlayan bir şəxs olmasından irəli gəlir. Bu isə həmin obraza sonrakı zaman kəsimlərində aşılanmış bir xüsusiyyətdir.

Bu personajın mənşəyinə gəlincə isə fikrimizcə, yengə ilkin olaraq gəlinlə bəyi mühafizə edən bir obraz kimi meydana gəlib. Belə ki, yeni ailə qurmuş gənclərin toy mərasimi  zamanı bədxah ruhlara, şər qüvvələrə qarşı  daha həssas olması məlum faktlardandır.  Bundan başqa, toy mərasimində bu və ya digər  səbəbdən pis niyyətli adamların iştirakı da mümkündür. Bu cür adamlardan, habelə bədxah qüvvələrdən qorunmaq üçün gəlinlə bəyə xüsusi adamlar təhkim edilir ki, onlar da öz növbəsində növcavanları  mühafizə edirlər.

Məhz bu məqsədlə taciklərdə  toy gecəsi səhərə qədər işığı söndürmür; ruslarda əlində xəncər tutmuş bir atlı bütün gecəni gəlinlə bəy  olan evin ətrafına dolaşır;  salur türkmənlərində evə xüsusi gözətçi qoyulur; azərbaycanlılarda və digər xalqlarda bu vəzifələri yengə icra edir.

Gördüyünüz kimi, inkişafın ilkin pillələrində qoruyuculuq  funksiyalarını  həyata keçirən yengə, sonralar həm də nəsihətçi, daha sonra isə nəzarətçi vəzifələrini icra etməyə başlayır”. (Modern.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir