tv

Azərbaycanda ailə məsələlərinə televiziya baxışı…

Baxış sayı: 1. 162

Cəmiyyətin hərəkətverici qüvvəsidir ailə. Bu iki məfhumu bir-birindən ayrı təsəvvür etmək mümkünsüzdür. İnsanın yetişməsində, tərbiyəsində, ailə ilə yanaşı, mühit də böyük təsirə malikdir. Cəmiyyətdə baş verən dəyişikliklərin, islahat və uğurların ailələrə daşınması prosesi hər zaman mövcud olub.

Ailə ilə cəmiyyətin qarşılıqlı əlaqəsi bir sıra mənfi və müsbət halların yaranmasına gətirib çıxarır. Adətən cəmiyyətdə yaşanan neqativliklər ailə üzvləri tərəfindən ailələrə inteqrasiya edilir. Bunun da acı nəticələr verdiyi bəllidir. Xoşagələn hallar da ailələrə daxil olur. Amma hazırkı dövrdə yaxşıdan çox pisdən təsirlənirlər.

Azərbaycan cəmiyyəti, ailəsi dözümlülük, humanistlik, bir qədər də ənənəvilik üzərində dayandığına görə onu elə də böyük təhlükə gözləmir. Ancaq buna baxmayaraq, bu məsələdə ciddi problemlər də çoxdur. Bir çox Azərbaycan ailələri ənənəvi ailə modelini saxlamağa cəhd edir. Düşünürlər, ənənəvilik öz yerini möhkəm tutmalıdır ki, yad təsirlər ailəni içindən yeməsin.

Axır vaxtlar bir sıra sosial terminlər məişətimizə daxil olub. Tez-tez gender problemindən danışılır, demoqrafiya məsələləri gündəmə gətirilir. Çox yaxşı. Məqsəd qadınların cəmiyyətdəki yerini möhkəmlətmək, xanımların ailə daxilində, cəmiyyətdə, iş prosesində pozulan hüquqlarını qorumaq, onların kişilərlə bərabər hüquqlu olmasının əyani şəkildə görsənməsi və s. məsələlərin həyata keçirilməsidir.

Yerli televiziyalarda ailə problemləri, o cümlədən də gender, demoqrafiya kimi məsələlər vaxtaşırı çözülür. Ailələrdə, cəmiyyətdə baş verənlər müzakirəyə çıxarılır. Demək olar ki, sosial proqramların əksəriyyətinin mövzusu ailədir.

Fakt budur ki, son illər ölkədə boşanmaların sayı artıb, ailədaxili münaqişələrdən əziyyət çəkənlər həddindən artıq çoxdur. Bir çox ailələrdə qadınların hüquqlarının pozulması, onların analıq heysiyyətinin tapdanması halları var. Qadınlar döyülür, təhqir edilir, bəzən insan alverinə, fahişəliyi cəlb edilir. Bu bəlli məsələdir. Boşanma tempinin yüksələn xətt üzrə getməsi isə insanları daha çox narahat etməlidir. Hazırkı dövrdə sağlam, problemsiz ailə qurmaq olduqca çətindir. Ailənin təməlinin möhkəm özüllər üzərində qurulması vacib faktordur ki, ailələr nə qədər çətinə düşsələr də dağılmasın.

Televiziyalarda ailə məsələlərilə bağlı həm aparıcı, həm də ekspert qismində əksər hallarda elə adamlar çıxış edir ki, ümumiyyətlə onların normal ailə haqda təsəvvürü yoxdur.

AILE

Veriliş aparıcılarının əksəriyyəti ya şou-müğənniləridir, ya da aktrisalar. Ömründə bircə il ərlə yaşamayan, ailə müqəddəsliyinin qədrini bilməyən, qaynana-qayınata qulluğunda dayanmayan, dünyaya qanunsuz övlad gətirən, məişət pozğunluğunda ad çıxaran, gecə barlarının daimi sakini olan bir xanım camaata ailə dərsi keçir. Tövsiyə edir ki, ailə müqəddəsdir, arvad ərin sözünə tabe olmalıdır, ailəni qorumaq lazımdır və s. Amma özləri dediklərinin heç birinə əməl etməyib. Ailə məsələlərilə bağlı teleproqramlara çağırılan ekspertlərin əksəriyyəti də ailə məsələsində kifayət qədər nöqsanı olan şəxslərdir. Öz ailəsini qoruya bilməyən, ərinə, yaxud arvadına ömrü boyu xəyanət edən şəxslər çıxıb ailə paklığından, ər-arvad sədaqətindən danışır. Ailəşünas kimi meydanda görünənlərin əksəriyyətinin tərbiyəsi bir ictimai sima kimi ictimaiyyəti qətiyyən qane etmir.

Təkliflər var ki, ailənin qorunması, müdafiə olunması, sağlam özüllər üzərində qurulan ailələrdən ağızdolusu danışan ekspertlərin ailə tərkibi, həyatı, keçdiyi yol barədə tamaşaçılara geniş arayış verilsin. Bu fikirdə olanlar bildirir ki, o insanlarla bağlı ən xırda detal belə unudulmalı deyil. O mənada ki, gənclər onlara məsləhət verənlərin kim olduğunu, buna haqqının çatıb-çatmadığını ayırd edə bilsin.

Gəncliyində müxtəlif  kişilərə məşuqəlik edən bir xanım özünü ailə eksperti kimi tamaşaçılara təqdim edir. Bəzi televiziyaların özləri qeyri-sağlam düşüncə və həyat tərzinə malik olan adamları məsləhətçi qismində efirə dəvət edir. Guya ölkədə onlardan başqa adam yoxdur ki, ailədən danışsın. Həyatı boyu o qadının, bu qadının ərinə göz dikən, ailələr dağıdan birisinin haqqı varmı qadın hüquqlarının müdafiəsindən danışa? Belələrinin ailə müqəddəsliyindən danışmaq ixtiyarı olmadığı halda, bu şəxslər paklıqdan söhbət açır. Qondarma psixoloqlar, sosioloqlar, filiosoflar, parapsixoloqlar efirləri işğal edərək öz ziyanlı tendensiyalarını cəmiyyətə ötürür. Təəssüflər olsun ki, bundan da zərər çəkən yeni qurulan ailələr olur. Bəzən aparıcılar və ekspertlər elə fikirlər səsləndirir ki, onun Azərbaycan ailə modelilə heç bir əlaqəsi yoxdur. Bu yanlış istiqamətlər də gəncləri əməlli-başlı çaşdırır.

Əlaqə saxladığımız sosioloqlar, psixoloqlar bildirir ki, bu qüvvələrin efirlərə çıxmasında maraqlı olan televiziya rəhbərləri var. Həmin rəhbərlər o şəxslərə meydan verməklə cəmiyyətdə ailə haqda qeyri-ciddi fikir formalaşdırmaq istəyir. Tamaşaçı görəndə ki, ailə barəsində danışan adamın özünün ailəsi yoxdur, ömrü boyu əxlaqdan kənar işlərlə məşğul olub, bu ona pis təsir edəcək. Ailə haqda danışmağa haqqı olan adamların televiziyalardan kənarda qalmasının yaxşı əlamət olmadığını deyən psixoloqlardan birinin sözlərinə görə, bu cür verilişlərə 50-60 il ailə təcrübəsinə malik insanlar dəvət edilməlidir.

Psixoloq Nərgiz Allahverdiyeva bizimlə söhbətində bildirdi ki, televiziya ekspertlərinin əksəriyyəti qeyri-sağlam düşüncə sahibidir. N.Allahverdiyeva da hesab edir ki, televiziyalarda ailə haqda danışan adamların həyatı haqda tamaşaçılara arayış verilməlidir: “Hazırda rayonda yaşadığım üçün paytaxtla o qədər də əlaqəm yoxdur. Bütün xəbərləri televiziya vasitəsilə alıram. Ailə məsələlərilə bağlı proqramları da izləyirəm. Bu verilişlərə ekspert qismində çıxan adamların bəzilərini şəxsən tanıyıram. Doğrudan da onların çoxunun həyat tərzi normal deyil. Bu adamlar əri tərəfindən döyülən, qaynanası tərəfindən incidilən qadınlara elə tövsiyə verir ki, adam məəttəl qalır. Onları tanımayan adam olsa deyər ki, nə saf, nə təmiz adamlardır. Qoy gənclərə məsləhət verənlər öz həyatı haqda heç nəyi gizlətmədən açıqlama versin. Tamaşaçı da görsün ki, onların yeni ailə quranlara məsləhət verməyə mənəvi cəhətdən haqqı çatır, yoxsa çatmır. Bizim Bakı Dövlət Universitetində, Pedaqoji Universitetdə, Milli Elmlər Akademiyasında o qədər gözəl mütəxəssislərimiz var ki, onları yada salan yoxdur. Bu mütəxəssislərin həm həyat tərzi, həm fəaliyyətləri şəffafdır. Onlar gənclərə daha yaxşı məsləhət verə bilər. Amma onların efirdəki yerlərini saxtakarlar tutub. Azərbaycan ailəsi, cəmiyyəti bu gün özünün çox təlatümlü çağını yaşayır. Ənənəvi ailə modelini dağıdıb yerində yeni bir ailə modeli qurmaq istəyirlər. Ailələrimizə kənardan təzyiqlər var. Bu səbəbdən də boşanmalar, ailədaxili münaqişələr səngimək bilmir. Azərbaycan ailəsinin həqiqi mütəxəssislərə böyük ehtiyacı var. Bunu televiziyalar nəzərə almalıdır. Hansı ekspert dəvət edilirsə, əvvəlcə bir neçə dəqiqəlik onun həyatı haqda informasiya verilsin, sonra onu danışdırsınlar. Amma televiziyalar bunu etmək istəmir”.

N.Allahverdiyevanın sözlərinə görə, aktrisa və müğənnilərin ekspert kimi bu verilişlərə cəlb edilməsi gülünc görünür: “Anlaya bilmirəm ki, bizdə bu qədər peşəkar ola-ola ekspert kimi gündə bir ərə gedən müğənnini niyə dəvət edirlər? Ərindən boşanıb başqa işlə məşğul olan aktrisalar niyə ailə müqəddəsliyindən dərs keçir camaata? Siz ekspert qismində dəvət edilən QHT nümayəndələrinin sırasına baxsanız görərsiniz ki, onların arasında da kifayət qədər ailə institutundan xəbərsiz olanlar var. Özü ailə dağıdıb, ər sözünü götürməyib, amma başqasına deyir ki, dözməlisən. Yaxud əksinə, müraciət edənə boşanmanı təklif edir. Bizim filosoflar, sosioloqlar, psixoloqlarımız var ki, illərdir ailə məsələlərini araşdırır, dərdlərə çarə tapmağa çalışır. Onların sözünə ciddi ehtiyac var. Ailələr qorunmalıdır. Çünki dövlətin tərəqqisində sağlam ailələrin rolu danılmazdır”.

AILE

Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlının fikrincə də, ailə məsələlərindən danışan adamlar seçilmişlər olmalıdır. Professor Qasımlı deyir ki, elm aləmində, başqa sahələrdə ailə haqqında danışmağa haqqı olanlar çoxdur: “Açığı, bu verilişləri izləmirəm. Bu da ondan irəli gəlir ki, orada danışan adamların şəxsiyyəti, həyat tərzi, ailəyə münasibəti məni qane etmir. Ailəsi bəlli olan biri elə danışır ki, onun yerinə sən utanırsan. Boşanmaların qarşısı alınmalı, gender bərabərliyi təmin olunmalıdır. Amma maarifçilik işi aparanlar əsl mütəxəssislər olmalıdır. Həyat tərzi, düşüncəsi tamaşaçının maraqları ilə ziddiyyət təşkil edənlər efirə buraxılmalı deyil. Onlar əvvəlcə öz ailəsi haqda danışsın, sonra başqasına tövsiyə versin”.

M.Qasımlının təklifinə görə, televiziyalar populyar adamları ekspert kimi təqdim etmək istəyirsə, şou müğənnilərini deyil, ciddi sənət adamlarını seçsin: “Azərbaycan səhnəsində olan qadın və kişilər yalnız yüngül həyat tərzi keçirənlərdən ibarət deyil. Bizdə kifayət qədər ciddi təməl üzərində qurulan ailəyə sahib olan tanınmışlar var. Bu cütlüklər 40-50 ildir ki, problemsiz bir yerdə yaşayır, pis gündə də, yaxşı gündə də bir yerdə olurlar. Oğul-uşaqları, nəvə-nəticələri var. Hər kəs onların ailəsini nümunəvi ailə kimi tanıyıb qəbul edir. Xoşbəxt ailənin reseptini onlardan yaxşı bilən yoxdur. Yaxud uzun illər bir yerdə yaşayan nənə-babalarımız var. Onların da həyat tərzi böyük bir məktəbdir. Bu cütlüklərin tövsiyəsi gərəkdir cavanlara. Ailə həyatında böyük təcrübə sahibi olanlar efirə dəvət edilməlidir. Təklif olunduğu kimi, ailələrin qorunması ilə bağlı məsləhət verənlərin həyatı haqda tamaşaçılara məlumat verilməlidir. Güman edirəm ki, televiziyalarımız bu təklif əsasında düşünəcək”.

İslam dini sahəsində maariflənmə işinə dəstək olan xanımlardan hacı Sevinc Əzimbəyli də digər ekspertlərin fikirlərini bölüşür. S.Əzimbəylinin dediyinə görə də, televiziyada ailə məsələlərilə əlaqədar danışanlar camaatın qəbul etdiyi şəxslər olmalıdır: “Ailədən danışanların çoxu buna mənəvi haqqı olmayanlardır. Xalqın yaxşı cəhətdən tanımadığı adamların ekspertlik etməsi yaxşı hal deyil. Bu məsələyə ailə dəyərlərimizin layiqli daşıyıcıları cəlb edilməlidir”.

 

Təqdim etdi: MƏTİN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir