bosanma

Azərbaycanda ailə problemləri niyə artır?

Baxış sayı: 2. 118
“Reuters” agentliyi bugünlərdə maraqlı bir açıqlama yayıb; dünyada sayı artan boşanma xəbərləri ilə yanaşı, “evliliklər ömür boyu davam etməlidir” deyənlərin sayı heç də az deyil. 46 ölkədə 25.000 ayrı-ayrı müvafiq dərnəklərdən bu barədə soruşublar. «Ömür boyu!» deyənlərin faizi 70-dir. 46 ölkə arasında evliliyi sonuna qədər dəstəkləyən lider ölkə İndoneziya olub. 
Qərb dünyasında isə “kürəyini ailəyə söykəyən” ölkələrin siyahısına ABŞ liderlik edir. Avropa çox da “ailəcanlı” deyil. Orada “uzun illər evli qalmaq dəbdən düşmüş bir ənənədir” fikri hökm sürür. Yunanıstanda da rəyi soruşulanların 74 faizi evliliyi heç də həyatının məqsədi hesab etmir. 100 avropalıdan 77-si bildirir ki, uzun müddət davam edən, sağlam bir münasibət ən azı evlilik qədər mənalıdır.
Avropada ən çox boşananlar belçikalılardır 
Avropada ən çox boşanma faizi Belçikadadır. Konkret ölkələr üzrə statistikaya nəzər yetirək:
Belçikada – 75 faiz, Estoniyada 70 faiz, Çexiyada 67 faiz, İsveçdə 54.1 faiz, Almaniyada 52.1 faiz, Fransada 45,7, Hollandiyada 39,7, İspaniyada 20,1, Yunanıstanda 19,6, İtaliyada 15,4, İrlandiyada 12,9 faiz.
Britaniyada boşanmaların 75 faizi kişi xəyanətinə görə baş verir. Dünyanın ən inkişaf etmiş araşdırma şirkətlərindən olan “Qrant Thomton”un keçən il keçirdiyi araşdırmada çox ilginc nəticələr var.
1. İngiltərədə boşanmaq istəyən tərəf əsasən qadınlardır. Boşanma müraciəti ilə məhkəmələrə üz tutanların 93 faizi qadınlar. 
2. Britaniyada kişilərin xəyanəti ucbatından baş verən məhkəmə işlərinin faizi 75-dir. Yəni xəyanət söhbətində kişilər qadınlardan 3 dəfə daha artıq günahkardır.
3. Boşanmaların yüzdə 6-sının səbəbi işkoliklikdir. Belə ki, insanlar işi evdən, ailədən üstün tutduqları üçün boşanmalar baş verir. İşkoliklər isə əsasən kişilərdir. 
4. İngiltərədə boşanmaların 40 faizi evliliyin 5-10-cu illəri arasında, 53 faizi isə evliliyin 10-15-ci illəri arasında baş verir. Boşanmalardakı yaş senzi qadınlarda 35-45, kişilərdə isə 40-50.
5. İngiltərədə yekunlaşan boşanma nəticəsində qadınlar daha qazanclı olur. 60 faiz qadınlar qazanır, 30 faizində mal varlığı qadınla kişilər arasında bərabər bölüşdürülür. Cəmi 10 faizdə kişilər qazanclı çıxır. 
6. Boşanan qadınlar əsasən evi və ev heyvanlarını özünə götürür. Kişilər isə əsasən maşın və varsa, bağ evini götürür. 
Amerikada  da boşanma öz-özlüyündə bir sektor sayılır. Dünyanın ən varlı ölkəsində superzəngin insanlar yüz milyonlarla dollarlıq təzminat ödəmək məcburiyyətində qalırlar.
Azərbaycanda isə vəziyyət o qədər də xoş sayılmaz. Belə ki, 2016-cı il oktyabrın 1-i vəziyyətinə görə, qeydiyyat şöbələri tərəfindən 50,4 min nikah və 9,6 min boşanma halları qeydə alınıb.
2015-ci il ərzində ölkədə 68773 nikah, 12764 boşanma qeydə alınıb.
2016-cı ilin yanvar-oktyabr ayları ərzində rəsmi qurumlar tərəfindən 56,2 min nikah və 10,7 min boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 7, boşanmaların sayı isə 1,3 olub.
6 əsas səbəb – boşanmaya apara da bilər, aparmaya da… 
Evliliyə  son qoyulmasına yol açan səbəblər çox müxtəlif ola bilər. Ən çox rast gəlinən səbəbləri aşağıdakı kimi sıralaya bilərik:
1.İqtisadi problemlər
2.Tərəflərin sosial-mədəni səviyyə fərqliliyi
3.Cinsi problemlər
4.Ünsiyyət problemi
5.Tərəflərdən birinin xəyanəti
6.Ailədaxili şiddət.
Yuxarıdakı səbəblərdən evlilik problemləri yaşayan ər-arvadın ata-ana olaraq da uşaqları ilə  sağlam ünsiyyət qura bilmələrini gözləyə bilmərik; ana, ya da ata ayrı-ayrılıqda uşaqları ilə  sağlam əlaqələr qursalar belə, birlikdə övladlarına qarşı düzgün davranmaqda çətinlik çəkəcəklər. Bir evliliyi həlli olmayan, bacara bilinməyən, qurtarmaq bilməyən problemlərlə davam etdirməyin uşaqda yaradacağı mənfi təsirlər bəzən boşanmanın özünün yaradacağı təsirlərdən daha çox və yıxıcı ola bilər.
 
Qeyri-rəsmi boşananların sayı daha çoxdur 
Hər ay min nəfər boşanma rəsmi nikahda olanlara aiddir. Azərbaycan miqyasında aparılan araşdırmalar isə sübut edir ki, qeyri-rəsmi boşanmaların sayı ondan da çoxdur. Çünki hazırda ölkədə qeyri-rəsmi nikahların sayı çoxalıb. Doğulan uşaqların sayına baxdıqda ailə qurmayan və subay qalan şəxslər fikri yaranmır. İnsanlar kəbindən və ya nikahın hər hansı formasından istifadə edərək evlənirlər. Amma onların dayanıqlılığı və üzunmüddətliliyi çox ciddi bir sual altındadır. Qeyri-rəsmi nikahda olanların ayrılmaları, aliment davaları, atalıq faktlarının müəyyən edilməsi məsələləri gündəmdədir. Bununla bağlı kifayət qədər dövlət qurumlarına müraciət edilir.
Ayrılmalara səbəb sosial-iqtisadi, sosial-psixoloji, bəzi siyasi proseslər, miqrasiya, dəyərlər sisteminin pozulması, qadına qarşı münasibətin dəyişməsi, zorakılıq problemləri, bir-birinə dayanıqlıq, məsuliyyət problemləridir. Amma qlobal götürəndə sosial- psixoloji, sosial- iqtisadi, siyasi proseslər ailə münaqişələrinə kifayət qədər təsir edir.
Bu il Azərbaycanda qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində qadınlara qarşı 422 cinayət faktı qeydə alınıb. Nəticədə 361 qadının sağlamlığına yüngül zərər dəyiB, 8 qadın isə öldürülüb. Bundan başqa, 4 qadının sağlamlığına ağır, 25 qadının sağlamlığına isə az ağır zərər vurulmuşdur. Cari ilin ilk altı ayında 2 qadın intihar həddinə çatdırılıb, 6 qadını isə öldürməyə cəhd ediblər. Komitədən verilən məlumata görə, 4 qadına müxtəlif üsullarla işgəncə verilmiş, 12 qadın isə başqa zorakılıq vasitələrinə məruz qalıb.
Psixoloji araşdırmalar isə sübut edib ki, hətta evində, həyat yoldaşı tərəfindən təcavüzə uğrayan qadınlar da var ki, bu halların əsas psixoloji səbəbi cinsi səmimiliyin olmamasındadır. Araşdırmalara görə, cütlüklər arasında cinsi səmimiyyət olmayanda ailədə heç nə harmoniya yarada bilmir. Eyni zamanda bura sosial-maddi çətinlikləri, kənar müdaxilələri də əlavə etmək olar. Maddi problemlər qadını işləməyə vadar edir və beləcə, ailədə əri ilə narazılıq yaranır. Ər evi tam təmin edə bilmədikdə daha da aqressivləşir, sanki öz qəzəbini ən yaxında olanlara tökür.
Sevinc TELMANQIZI



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir