Yazımızın başlığını görən hər on nəfər kişidən azı, altısı “əlbəttə ki, kişi”, yerdə qalan üç nəfərdən biri isə “qadın” deyə düşündü, biri isə “hər ikisi” dedi. Hər 10 qadından, demək olar ki, doqquzu “hər ikisi” deyə düşündü. Bu, mənim fikrim deyil, sualın özü psixolojidir və respondentlərin bu cür düşünəcəyini psixoloqlar təxmin edir. Məlum olduğu kimi, bu yazımızın mövzusu ailədə söz haqqı və “başbilən”in kim olması haqqındadır.
Ağıl yaşda deyil, başdadır
Sosioloqlar deyir ki, ailə kiçik bir dövlətdir və o “dövlət”in də daxilində münaqişə də olur, sülh də. Ailənin böyüyü yaş anlayışını ifadə etmir və ola bilər ki, ailədə yaşca kiçik olan birinin fikirləri, yaşı çox olanın fikirlərindən daha çox ağılabatan və obyektiv olsun.
Kişilər adətən ailədə son sözü deməyə adət etdikləri üçün qadının qərar qəbul etməsinə normal baxmırlar. Düzdür, qadına söz haqqı verilir, amma el arasında bir söz var, “xala, xətrin qalmasın” deyə fikrini də soruşurlar. Lakin nəticə yenə də kişinin istədiyi formada olur. Bir çoxumuzun ailəsində nənə və babalarımız da var və onlar da ailədə qəbul edilən vacib qərarlarda söz haqqına malikdirlər. Düzdür, bəzən gənclərlə onların sözləri üst-üstə düşmür və mübahisə yaranır. Amma nəticə etibarilə ailədə böyük sözü dinlənilir.
Facebook sosial şəbəkəsində bu yazımızdan ötrü keçirdiyimiz sorğumuzda 22 nəfər iştirak etdi. “Ailədə böyük kimdir – qadın yoxsa kişi?” sualımıza respondentlərdən 16 nəfəri “hər ikisi” cavabını verdi. 4 nəfər “kişi”, 2 nəfər isə “qadın” cavabını seçdi.
Qadının sözü niyə “qəribliyə” salınır?
Bizim toplumda qadın olmağın üstünlükləri də var, çatışmazlığı da. Müsəlman ölkələrinin çoxunda olan qadın-kişi bərabərliyi problemi, gender məsələsi bizdə o qədər də qabarıq deyil. Azərbaycanın dünyəvi dövlət olması bu məsələdə böyük rol oynayır.
Qadınların ailədə söz haqqına sahib olması məsələsi indi gündəmdə olan və çox müzakirə edilən mövzudur. Düzdür, bizim cəmiyyət də “süddən çıxmış ağ qaşıq” deyil, çatışmazlıq çoxdur, amma qadınların ailədə söz haqqına sahib olması və fikirlərinin qəbul olunduğunu da bilirik. Ən azından, bizdə qadın hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lər, xüsusi komissiyalar var.
Amma ailədə olan böyük və ya kiçik məsələlər çox vaxt cəmiyyətin gözündən uzaq baş verir. Qadının ailədəki yeri çox vaxt ətrafının xəbərdar olmadığı məsələdir. Kənardan baxınca hər şeyin qaydasında olduğunu düşünənlər sonra ailənin problemlərinə şahid olurlar.
Ailədə alınan vacib qərarlarda söz haqqına sahib olan qadınlar da var, bir cümlə deməyə ixtiyarı olmayanlar da. Hətta söz haqqı istədiyinə görə şiddətə, zorakılığa məruz qalanlar da var. Bəzi ailələrdə hələ də “qadının yeri mətbəxdir” düşüncəsi hakimdir.
Kişi həmişə haqlıdır?
Qələminə hörmət etdiyim yazarlardan birindən bu məsələni soruşdum, xanımına ailədə söz haqqı verdiyini söylədi, amma heç vaxt onun sözlərini ciddiyə almadığını da dedi. “Onun söylədiyi ümumi vəziyyətin xeyrinə olsa belə?” deyə soruşdum, “öz qərarımın səhv olduğunu bilsəm də, onun qərarı ilə oturub-durmaram” dedi. Səbəbini soruşanda, “qadının ağlı ilə oturub-durmaq zəiflikdir” dedi.
Bu cür düşünən kişilərimiz çox deyil, amma az da deyil. Əksər kişilərə görə, ailənin bir “rəisi” var, o da kişidir. Cəmiyyətdə ümumi bir rəy formalaşır ki, qadın yalnız biş-düşlə, uşağın tərbiyəsi ilə, evin səliqə-səhmanı ilə məşğul olmalıdır, qərarlar isə kişilərin öhdəsindədir.
Düzdür, feministlərin sayı artdıqca, cəmiyyətin baxış bucağı da dəyişir. İndi qadınlar özlərini mətbəxdə deyil, ailədə önəmli statusa malik olduğunu sübut edirlər. İndi qərarlar birlikdə alınır, amma çox kişi buna yenə etiraz edir.
İki ildir evli olan Raman hesab edir ki, ailədə son sözü kişi deməlidir: “Mən razı olmaram ki, mənim xanımım, mənim sözümün üstündən söz desin. Fikrini soruşaram, amma yenə son sözü mən deyirəm”.
Həmkarım Əsəd isə belə fikirləşir: “Ömrü boyu bozbaş bişirməkdən başqa əlindən heç nə gəlməyən arvad, sənə ağıl verməyə qalxırsa, bu, normal deyil.”
Xanımlar nə düşünür?
Həmkərım Aynur Qurbanqızı deyir ki, milli mentalitet deyilən dəyərlərlə razılaşsaq, ailənin böyüyü kişi sayılır: “Bu, qadın və kişilərin huquq bərabərliyini pozur. Böyüklük, o deməkdir ki, yəni onun sözü qanun olmalıdır. Əgər ailənin qadını həyat yoldaşı ilə birgə çiyin-çiyinə çalışırsa, ailənin yükünü sosial baxımdan əri qədər çəkirsə, ağlı kişinin ağlından geri qalmırsa, onun kimi yetkin insandırsa, o zaman bu fərq niyə qoyulmalıdır? Ailəyə böyüklük hər ikisinin üzərindədir və hər hansı qərarı birlikdə anlaşaraq qəbul etməlidirlər”.
Təranə adlı tələbə isə deyir ki, onun üçün ailənin böyüyü anlayışı yoxdur: “Mən yalnız ailə anlayışını qəbul edirəm, orada kiminsə ağalığını deyil. Ailə 2 nəfərin qurduğu bir yuvadır. Ona görə də ikisi də söz sahibidirlər. Əgər kişi, ya da qadın təkbaşına söz sahibi olmaq istəyirsə, o zaman ailəni tək qursun. Tək kişi ilə, ya da tək qadınla ailə olmadığı kimi, ailənin böyüyü də onlardan yalnız biri ola bilməz”.
Problemi yaradan səbəb
Psixoloq Naib Allahverdiyev deyir ki, ailədə qadın və kişinin qarşlıqlı anlaşması bütün problemlərin həlli deməkdir: “Ola bilər, qadın ərindən 5-10 yaş kiçik olsun, amma problem olanda daha ağılabatan fikir irəli sürsün, yaxud əksinə. Əsas, verilən qərarın ailənin birliyinə xidmət etməsidir. Fərq etməz, bu qərarı kişi versin, yoxsa qadın. Onlar ayrılıqda yarımçıqdırlar və yalnız birlikdə bir ailəni qura bilərlər. Bunu anlayan bütün cütlüklər ailədə söz birliyi, əməli birlik nümayiş etdirirlər. Qısa desək, ailənin böyüyü ikiliyin yaratdığı birlikdir və bu birlik ikiliyə ayrıldıqda ailədə həll edilməsi çətin olan psilxoloji problemlər yaranır”.
Psixoloq Nəzrin Həsənli isə deyir ki, bizim cəmiyyətdə bu fikirlə razılaşanlar getdikcə artır: “Əvvəllər köməyimizdən istifadə edən qadınlar ailədə söz haqqına sahib olmadıqlarından çox şikayətlənirdilər. Hətta bir pasiyentimiz var idi, qaynanasından bu barədə o qədər narazı idi ki, onun qaynanasının adı ilə eyni adda olan başqa bir pasiyentimizə qarşı aqressiv davranırdı. Ailədə söz haqqına sahib olmamasını məhz qaynanası ilə əlaqələndirirdi. Düzdür, bu da təsir edir, amma müşahidələrimiz göstərir ki, qayınana və qayınata olmayan ailələrdə də vəziyyət parlaq deyil. Amma son illər vəziyyət yaxşılığa doğru gedir”.
Sosioloq: “Ailəni ahəng idarə etməlidir”
Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, ailə sosial mərkəzdir və o mərkəzin idarəsində ahəng önəmlidir: “Bu ahəngi ailədə kim yarada bilirsə, başçı odur. Ola bilər ki, qadın daha məharətli olur və ailədə uyum, uyğunluq, sülh, ahəng yarada bilir, niyə də ailənin böyüyü o olmasın? Və yaxud da əksinə”.
“Azərbaycan gerçəkliyinə görə ailənin böyüyü əsasən kişi olur” deyən sosioloq bildirdi ki, adətən kişilər ailəyə baxdığı, maddi cəhətdən təmin etdiyi üçün sorğusuz-sualsız ailə başçısı olurlar: “Cəmiyyətdə də belədir, ailədə də. Hər an qan qaraldan, problem yaradan ailə böyüyü, böyük deyil. Əgər konkret olaraq “ailənin böyüyü kimdir?” sualına cavab versəydim, o zaman belə deyərdim: bu, tarixi, sosial və mənəvi şəraitdən asılıdır”.
Lalə Mehralı
Sağlam Cəmiyyət İctimai Birliyinin sədri, sosioloq