bosanma

Azərbaycanda boşanma mədəniyyəti niyə formalaşmır?

Baxış sayı: 1. 605

Son vaxtlar ölkədə baş verən amansız qətl hadisələrinin sayı azalmır. Qurbanların əksəriyyəti isə zərif cinsin nümayəndələridir. Addımbaşı həyat yoldaşları tərəfindən fiziki, mənəvi və psixoloji işgəncələrə məruz qalan qadınlar çıxış yolunu rəsmi şəkildə boşanmaqda görürlər. Amma əslində bu da çıxış yolu deyil. Artıq boşanmaların da nəticəsi bir çox hallarda faciəvi olur. Təəssüf ki, Azərbaycanda boşanmış cütlüklər arasında təqib, qətl və cinayət halları “ənənə” halını almağa başlayıb.

Cütlüklər boşandıqdan sonra belə, keçmiş ərləri qadınların həyatına müdaxilə etməkdən əl çəkmir. Son ayların kriminal xronikası da göstərir ki, Azərbaycanda keçmiş ər-arvadlar, habelə boşanmaqda olan cütlüklər arasında tez-tez ciddi münaqişələr yaşanır. Bu, Azərbaycanda boşanma mədəniyyətinin olmadığını göstərir, yoxsa psixopatların sayı artmaqdadır?

 

“Sağlam Toplum” İctimai Birliyinin sədri Lalə Mehralı hesab edir ki, Azərbaycanda günü-gündən artan qətllərin bir hissəsi də ailədaxili qətllərin payına düşür. Xanım sosioloqun sözlərinə görə, az qala hər gün həyat yoldaşını qətl edən, övladını öldürən insanlar haqqında cinayət işi açılır: “Əslində isə hər şey kiçik söz-söhbətdən başlayaraq böyüyür. İnsanların biri-biri ilə münasibətlərində düşüncələr və davranış vacib rol oynayır. Ailədə hörmət, sevgi qalmayanda tərəflər biri-biri ilə yalnız maddiyat üçün bağlı olur. Mənəvi hisslərin yox olduğu mühitdə qəzəb, emosiya baş qaldırır, bunun da sonu qeyd etdiyimiz kimi, çox vaxt intiharla, zərər verməklə, cinayətlə nəticələnir. Hirsli başda ağıl olmaz deyiblər, qəzəb içində boğulan biri o an ən yaxşı hərəkət kimi cinayət törədir, hirsi soyuyanda törətdiyi əməlin dəhşətini anlayır. Təəssüflə qeyd etmək lazımdır ki, bizdə boşanma mədəniyyəti yox dərəcəsindədir. Boşanan tərəflər biri-birinə ömürlük düşmən olur. Bir zamanlar ailə olduqlarını, ortaq uşaqlarının olduğunu – hər şeyi unudub biri-birinin qənimi olurlar. Məhkəmə salonlarında bir-birinə ağzına gələn demək, söymək, iftira atmaq kimi nə qədər oyundan çıxırlar. Əgər qadın ikinci dəfə ailə qurmaq istəyirsə, keçmiş həyat yoldaşı hədələyir ki, olmaz, amma kişi yenidən evlənmək istəyirsə, rahatca evlənir”.

Sözügedən hadisə ilə bağlı dərindən məlumatı olmadığını vurğulayan L.Mehralı təxmin edir ki, boşanandan sonra da onların biri-biri ilə münasibəti olub: “Bəzən deyirlər ki, heç bir kişi durduğu yerdə keçmiş qadınını qanına qəltan eləməz-yalnız psixi problemi olanlardan başqa. Törətdiyi əməldən sonra intihar etməsi də bunu sübut edir ki, o, sağlam düşünən biri olmayıb. Amma bilmək olmaz, o bu cinayəti törədərkən aralarında nə baş verib, nədən mübahisə ediblər. Bütün hallarda təəssüf doğuran hadisədir”.

Mövcud durumun acınacaqlı olduğunu bildirən psixoloq Elman Cahangirli isə qənaətincə, kişinin boşandıqdan sonra qadının həyatına müdaxilə etməsi psixopatiyadan başqa bir şey deyil: “Azərbaycan cəmiyyətində psixopatiyanın səviyyəsi günbəgün artmaqdadır. Mən elə halların şahidi olmuşam ki, cütlüklər boşanarkən ər arvadına şərt qoyur ki, boşandıqdan sonra ailə qura bilməzsən. Keçmiş ərlər tərəfindən törədilən qətllərin əksəriyyəti məhz boşanmadan sonrakı qısqanclıq səbəbindən baş verir. Halbuki həmin kişilər özləri yeni ailə qururlar, övlad sahibi olurlar, ancaq qadınlara bu haqqı tanımırlar. Azərbaycan kişilərində belə bir xüsusiyyət var ki, bu qadın mənimdirsə, boşandıqdan sonra belə, heç kim onunla münasibət qura bilməz. Ona görə də keçmiş həyat yoldaşlarını ömür boyu təqib edirlər. Bu cür cinayətlərin sayının az olması üçün polis orqanları güclü işləməlidir. Çünki belə hadisələr öncə təhdidlərlə başlayır. Əgər qadın polisə müraciət edirsə, onu mühafizə ilə təmin etmək lazımdır. Cinayət baş vermədən onun qarşısı alınmalıdır”.

Ekspertin sözlərinə görə, bir çox Azərbaycan kişilərində eqoizm hissi yüksək olduğundan onlar qadını özlərinə məxsus əşya kimi görürlər: “Bu, mənim şəxsi fikrimdir. Kişilərdə belə bir eqoizm var ki, “bu qadın mənə məxsusdur, boşandıqdan sonra belə, bu dəyişməyəcək”. Burada qadına bir şəxsiyyət kimi yox, əşya kimi yanaşmaqdan söhbət gedir. Bu, pataloji problemdir. Ancaq insanlar gedib, bundan müalicə olunmaq istəmirlər”.

Psixoloq qeyd edir ki, boşanmış cütlüklər arasındakı gərgin münasibətlər uşaqlara da çox pis təsir edir: “Əksər hallarda tərəflər biri-birinə qarşı düşmən münasibətdə olurlar. Uşaqları biri-birindən gizlədirlər, onları tərəf tutmağa məcbur edirlər. Bu da uşaqların psixologiyasını zədələyir. Xarici ölkələrdə isə vəziyyət belə deyil. İnsanların xasiyyəti uyğun gəlmirsə, boşanırlar, hər iki tərəf yeni ailə qurur, sonradan ailələr hətta dost olurlar. Uşaqlar da mehriban mühitdə böyüyürlər, atasına və ya anasına düşmən olmaq məcburiyyətində qalmırlar. Azərbaycanda isə boşananlar ömür boyu düşmən olurlar. Bu, Şərq xalqlarına məxsus bir xüsusiyyətdir. Xristian xalqları belə məsələlərdə daha tolerantdırlar. Azərbaycan cəmiyyətində isə bu, bir göstəricidir ki, ayrılan insanlar düşmən olmalıdırlar. Bu da psixopatiyadan irəli gəlir. Psixopatiya geniş yayılmış gizli bir xəstəlikdir və həmin insanlar cəmiyyətdə normal insanlar kimi qəbul olunurlar. Ancaq Azərbaycan cəmiyyətində psixopatiya partlamağa hazırlaşan bomba kimidir. Bu bomba partlayandan sonra insanlar yolda da biri-birini öldürəcəklər. Artıq bu istiqamətdə gedirik. Bu gün Bakıda bir qadının dayanacaqda durması belə, problemdir. Ona kimsə söz atır, kimsə “ilişir”. Bunlar bizim hər gün qarşılaşdığımız hallardır. Ancaq Avropada belə deyil, istədiyin saatda küçədə çox sakit gəzə bilərsən”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir