Azərbaycanda qeyri-adi cərrahi əməliyyat həyata keçirilib.
Ailem.az bildirir ki, Mərkəzi Klinik Xəstəxananın uşaq cərrahı və uroloqu, uzman Fuad Hüseynovun medicina.az-a verdiyi məlumata görə, əməliyyat rayonlardan birində doğulan və cinsiyyəti ayırd edilə bilməyən uşaq (adı gizli saxlanılır – red.) üzərində aparılıb. Onun sözlərinə görə, aparılan xromosom analizləri zamanı uşağın oğlan (46 XY) olduğu müəyyən edilib: “Cinsiyyət orqanı əyri, ölçüsü isə çox kiçik idi. Sidik kanalının dəliyi xayalığa keçən hissəyə açılırdı. Uşaq böyüdükcə oturaraq sidiyə gedəcəkdi, cinsi həyatında və ata olmasında ciddi problemlər olacaqdı”.
F. Hüseynov körpəni 2 mərhələdə – 10 aylıq və 1,5 yaşında əməliyyat edib.
“Cinsiyyət orqanı kosmetik olaraq bərpa olundu, sidik ifrazı normallaşdırıldı, artıq körpə normal oğlan uşaqlarından fərqlənmir və gələcəkdə də bir problemi olmayacaq”, – deyə cərrah əlavə edib.
O vurğulayıb ki, bu, Azərbaycanda ilk rastlanan hal deyil: “Belə körpələrimiz olub. Əvvəllər də belə hadisələrə rast gəlinib. Sadəcə valideynlər bu problemi sirr kimi saxlayır, həkimə getməyə utanır, uşağın böyüyəndə düzələcəyinə ümid edirlər. Bu tip uşaqlar kişi kimi böyüyür, xarici görünüşləri də kişidir. Amma cinsi orqanları inkişaf etmir və sidik sistemində problem olur. Onları bəzən hətta evləndirirlər də. Amma cinsi həyatdakı problemlər ailənin dağılmasına səbəb olur. Vaxtında cərrahi müdaxilə edilməmiş insan psixoloji sarsıntı keçirir. Bu problemləri qohum-qonşudan, həkimdən gizlətməklə bir şeyə nail olmaq olmaz. Uşaq hələ körpə ikən müayinə olunub, əməliyyat edilməlidir. Müasir tibb buna imkan verir. Hər bir problem zamanında həll olunmalıdır”.
Məlumat üçün bildirək ki, bu patologiya hermofraditizm deyil. Hermofraditizm hormon çatışmazlığı və pozulmasıdır. Mütəxəssislər uşaq doğulan kimi körpədə hər hansı cinsi uyğunsuzluq, qüsur və cinsiyyəti sual altında qoyan simptom olarsa, dərhal uşaq uzmanlarına müraciət etməyi tövsiyə edir.