Günəş şəhərinin möcüzəsi və Zərdüştlük haqda bilmədiklərimiz; rus astroloq Pavel Qlobanın hər il yayılan proqnozları hansı mənbələrə söykənir?
124 min peyğəmbərin sırasında Zərdüştün yeri, sözsüz ki, siyahıda ən yuxarı sətirlərdədir. İndiyədək onun adı daha çox müqəddəs Avesta kitabı ilə qoşa, sinxron çəkilib. Lakin Zərdüştün irsi təkcə elə bu kitabla məhdudlaşmır. Zərdüştün günümüzədək gəlib yetişmiş zəngin mirasına, həm də onun hazırladığı çox dəqiq astroloji təqvim də daxildir.
***
Orta əsr ərəb məxəzləri Zərdüştün mənşəyi, doğum yeri barədə tərəddüd etmədən eyni fikri bölüşürlər – o, Azərbaycanda dünyaya göz açıb. Əl-Biruni də bu fikirdədir, əl-Bəlazuri, əl-Qəzvini, əl Həməvi də. Avestanın ən qədim parçası sayılan “Qat”larda deyilir ki, Zərdüşt Turan tayfaları ərazisində doğulub. Sonradan vətənini tərk edərək Viştasp adlı bir hökmdarın məmləkətinə sığınıb. Uzun zaman onun himayəsi altında fəaliyyət göstərib.
Beləliklə, ulu Zərdüşt məhz Azərbaycan peyğəmbəridir. Yəni belə deyək – Azərbaycan da peyğəmbərlər ölkəsi sayıla bilər. Peyğəmbərlər isə bildiyimiz kimi, heç vaxt öz vətənlərində qəbul edilmirlər. Bu acı tale Zərdüştü də təqib edir. 30 yaşında Zərdüşt bir sıra silahdaşlarının əhatəsində (onların sırasında qadınlar da varmış) Eran-Vedjo adlı müqəddəs bir şəhərə yollanır.
Həmin şəhər vaxtilə əfsanəvi Cəmşid tərəfindən xüsusi plan əsasında inşa edilibmiş. Soyuq qış şaxtalarından qorunmaq naminə ən nümunəvi insanlar, heyvanlar, bitki növləri və sair və ilaxır məhz bu uzaq ünvanda qorunub saxlanırmış. İndiki dillə desək, görünür, bura bir növ buğda, cins, toxumluq, damazlıq mərkəziymiş. Orda, güman ki, həm də öz dövrü üçün ən mükəmməl rəsədxana da yerləşirmiş.
Zərdüşt peyğəmbər məhz həmin rəsədxanadan istifadə edərək öz mükəmməl astroloji təqvimini hazırlayır. Uzun illər sürən araşdırmalardan sonra alimlər həmin bu rəsədxananı indiki Rusiyanın Çelyabinsk vilayətində, Arkaim şəhərciyində aşkarlayırlar.
Şəhər çox qəribə plan əsasında tikilib. Əslində bu, dairəvi Günəş şəhəri, canlı rəsədxanadır. Günəşin səmadakı səyahəti, bu şəhərin quruluşunda dəqiq ölçülərlə təkrarlanır – millimetrlərə qədər. Burda şəhərlə rəsədxana arasında fərq itir.
Belə mükəmməl dairəvi sxemləri, naxışları, gəlin, insan əməyinin məhsulu bilməyək. Adətən yaz, yay aylarında bu cür düzənlik ərazilərdə səhər vaxtları “kürəvi ildırım” adlanan möcüzəli təbiət fenomeni hərəkət edir. Torpaq, yaxud taxıl, əkin zəmiləri üzərində mükəmməl naxışlar həkk edir. Nəinki Zərdüşt zamanları, elə indi də oxşar naxışlar, bir də görürsən, hansısa bir əkin sahəsi üzərində aşkarlanır. Başlayır camaat arasında min-bir şayiə yaratmağa. Həmin dairələrin ortasındakı buğda sümbülünün keyfiyyəti həmişə kənardakılardan üstün olur. Alimlər bunu təbii seleksiya nümunəsi bilirlər.
Belə naxışların biri üzərində əfsanəvi şah Cəmşid, bayaq adını çəkdiyimiz günəş şəhərini – Arkaimi inşa edir. Bu cür şəhərlərə qədimdə Təxti-Cəmşid deyərmişlər. Şəhər, göydəki günəşin hərəkət trayektoriyasını özündə tam əks etdiyindən əsl rəsədxana imiş.
Belə dairəvi Günəş şəhərləri o vaxtkı Orta Asiya, Güney Ural ərazisində bir deyil, iki deyildi. Qədim türklər bu cür dairəvi şəhərlərə “qazan” deyərlərmiş. İndiki Tatarıstanın paytaxtı Qazan şəhərinin adı da məhz həmin sirlə əlaqədardır. Dövrün bir çox alimləri, o cümlədən, ulu Zərdüşt, məhz bu cür oxşar ünvanlarda göy cisimlərini müşahidə edirdilər.
Bütün bunların son nəticəsi kimi, ortaya Zərdüşt təqvimi çıxır.
***
Zərdüştlüklə bağlı olan nə varsa, indi xalqımızın alt şüuruna hopub. Yəni biz indi, bu gün nə Avestaya bələdik, nə də ki, qədim zərdüştlük ayinlərinə. Ancaq Zərdüşt təqvimindən indi də istifadə edirik. Xüsusən Novruz bayramının dəqiq vaxtını təyin edərkən, məhz bu təqvimdən yararlanırıq.
Heyf biz bu mükəmməl təqvimi, deyəsən, azca unutmuşuq. Halbuki öncəgörmələr baxımından həmin təqvimin tayı-bərabəri yoxdur. Müasir Rusiyanın bir nömrəli münəccimi sayılan aysor mənşəli Pavel Qloba gələcək barədə öz proqnozlarını məhz bu təqvimə əsaslanaraq irəli sürür. İndi Rusiyada elə bir sanballı mətbuat orqanı yoxdur ki, orda Pavel Qlobanın astroloji proqnozları verilməsin.
Bu təqvim 32 ili əhatə edən xüsusi qərinələrə bölünür. Hər il bir heyvanın xassələrini özündə cəmləyir. Məsələn, martın 21-dən etibarən Dəvə ili başlayır. Gəlin görək, dəvə bu təqvimdə hansı dəyərlərin daşıyıcısıdır ?
Əvvəla, dəvə uca Allahın yaratdığı ən nümunəvi səyyahdır. Skeptikdir. Yumor hissinə malikdir. İnadkardı. Tam müstəqil və avtonom şəkildə yaşayıb ən ağır imtahanlardan uğurla çıxmağı bacarır. Bütün bunlar isə üzümüzə gələn dəvə ilində bizlərə gülüş, qəhqəhə, səfər turları, səbr, mümkün maneələri dəf etmək, irəli atılmaq kimi bir çox müsbət xüsusiyyətlər vəd edir. Yəni dəvə ilində gərək gəzəsən, qənaətcil olub aza qane olasan. Dəvə rəmzi həm də daim irəli baxmaq, irəliləmək hissləri ilə əlaqədardır. Yəni bu il biz gərək keçmişə çox da aludə olmayaq. Keçmişdən sakitcə qopub irəli baxmağı bacarmadınsa, heç nə. Demək, səni 2017-ci ildə müsbət nəticələr qətiyyən gözləmir.
Dəvə – zahiddi. Əmrə tabedi. Ətrafındakılara zərər vurmaz. Əksinə, kömək edər həmişə. Natarazdı. Lətifədə deyildiyi kimi, bədənində bircə düz yeri olmasa da, getdiyi yollar həmişə doğru-dürüstdü.
1921, 1953, 1985-ci illər Zərdüşt təqvimində Dəvə illəri sayılır. Beləliklə, biz bu il 1921, 1953, 1985-ci il hadisələrini yenidən, ancaq tərs versiyada yaşaya bilərik. Yəni Nəriman Nərimanovun məlum vəsiyyəti, vətəndaş müharibəsinin sonu, Stalinin vəfatı, Beriyanın qətli, yenidənqurmanın isti nəfəsi, bir başqa şəkildə bizləri təqib edəcək, görəcəksiz, üzümüzə gələn 2017-ci ildə.
Zərdüşt təqvimində hər bir rəmzin tam tərs qarşılığı da mövcuddur. Yəni sən əgər Dəvə ilində bu rəmzin qanunları ilə yaşamasan, özündən küs. Bil ki, belə halda əks rəmzin – Qaraqurd rəmzinin təsiri altında yaşamağa məhkumsan. Qara qurdun zahirən hörümçəklərə oxşamağı qoy sizi aldatmasın. Qara qurd hörümçəklərdən fərqli olaraq özünə tor toxumur. Düşdünmü bu rəmzin ağır çəkisi altına, evsiz-eşiksiz qalıb künc-bucaqlarda çürüyəcəksən? Unutmayın, qədim türklər, dəvə yunundan toxunmuş çadırlarda yaşayarkən bütün bunları bəribaşdan nəzərə almışdılar. Çünki dəvə yunu, keçə xalılar hər cür həşəratın, o cümlədən qara qurdların təbii qənimidir. İlişdilərmi dəvə yununa, vəssalam, qanları getdi. Çapalayıb, çapalayıb axır taleyin hökmünə baş əyəcək, ilişdikləri yerdə qəfil birdən hərəkətsiz qalacaqlar.
***
Yenidənqurmanı elan etmiş 1985-ci il tarixi üzərindən düz bir qərinə – 32 il keçdi, nəhayət. Təkər geri hərləndi. Proses tərsinə axmağa başladı elə bil.
***
Yadda saxlayın, Zərdüştə görə, bu il dəvə kimi zəhmətkeş olmayanları qara qurda çevrilmək təhlükəsi gözləyir. Qara qurdların qənimi isə dəvə tükündən hörülmüş türk çadırlarıdır
Odur ki, ehtiyatlı olun.
***
İlin sonunda adətdi, Rusiya mətbuatının baş münəccimi, məşhur astroloq Pavel Qloba, bizim Novruz təqviminə söykənən növbəti ənənəvi öncəgörmələrini elan edir. Rusiya mətbuatının paylaşdığı yüksək tirajlı bu astroloji proqnozları oxusan, elə bilərsən Pavel Qloba “Sehirli xalat” filmindəki saqqalı seyrək münəccimlə eyni bezin qırağıdır.
Filmdəki “Qüdrətli Kreml sahibləri! Göyün yeddinci qatında Çəyvan, Ütəriyyə, Mürrix, Müşətəri və nəhayət, Nahid ulduzları təxti-tacımıza, hökmdarımıza qarşı qorxulu vəziyyətdə donub qalıblar!” nidasını təkrarlayaraq hamının diqqətini özünə cəlb etmək istəyən Pavel Qloba həmin proqnozlarında münəccimdən çox siyasi texnoloqları xatırladır. İddia edir ki, Avropa Birliyi heç vaxt indiki kimi dağılmağa yaxın olmayıb.
Deyir, Britaniyadan sonra Hollandiya da AB-nin batan gəmisini tərk edəcək. İddia edib ki, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Azərbaycan, Belarus, Ukraynanın böyük hissəsi guya gələn il RF ilə birləşmək istəyəcək. Ancaq guya Rusiya, başda Putin olmaqla, özü indi oxşar ittifaqların əleyhinədir.
Proqnozu oxuyub bilmədim Pavel Qloba bu öncəgörmələri səma cisimlərindən eşidib, yoxsa üzərindəki Kreml ulduzlarından.