omicron

Azərbaycanda epidemioloji durumla bağlı infeksionistdən müjdə; “Omikron” çox yoluxucu olsa da…”

Baxış sayı: 589

“Koronavirus pandemiyası ləğv edilir və qadağalar yumşaldılır”. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Maykl Rayan bildirib. ÜST rəsmisi qeyd edib ki, koronavirusla bağlı fövqəladə vəziyyət bu il aradan qaldırıla bilər: “Ekosistemin bir hissəsinə çevrilən bu virus heç vaxt bitməyəcək. Ancaq səhiyyə ilə bağlı fövqəladə vəziyyətə bu il son verə bilərik”.

İngiltərə isə yanvarın 21-dən məhdudiyyətlərin xeyli dərəcədə götürülməsinə qərar verib. Yaxın günlərdə ABŞ prezidenti Co Bayden də bildirib ki, ölkə “Omikron” ştamının yayılması ilə əlaqədar karantin tətbiqi və məktəblərin bağlanması praktikasına qayıtmaq niyyətində deyil. Bildirib ki, COVID-19 ilə bağlı ölkədə vəziyyət indiyədək olduğundan daha yaxşıdır: “Vəziyyət bir il əvvələ nisbətən daha yaxşıdır. Biz qapanmaya qayıtmaq fikrində deyilik. Məktəblər yenidən bağlanmayacaq. Məktəblər açıq olmalıdır”.

Bu arada ÜST ölkələrə səyahət qadağalarını götürməyi tövsiyə edib. Təşkilatın hesabatında bildirilir ki, qadağalar insanların sosial iqtisadi vəziyyətinin daha da gərginləşməsinə xidmət edir.

Azərbaycanda isə yoluxma artıq yenə 4-rəqəmlidir və sürətlə artır. Yazını hazırladığımız zaman bəlli olan statistik məlumatlara əsasən, koronavirus infeksiyasına 1 186 yeni yoluxma faktı qeydə alınıb, 582 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Bəzi həkimlər neçə günlərdi ki, ölkəmizdə bir neçə həftəyə vəziyyətin kritik həddə çatacağı barədə proqnoz verirlər. Bəs panikaya əsas varmı? Əhali niyə qorxudulur? Axı “Omikron” əslində çox yüngül keçir və hətta “canlı vaksin” adlandırılır…

Yeri gəlmişkən, yaxın günlərdə Azərbaycanda Türkiyə istehsalı olan “TURCOVAC” vaksininin kliniki sınaqlarına başlanacaq. Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. Qeyd edək ki, artıq Türkiyədə bu vaksinin istifadəsinə icazə verilib. O zaman nədən bizdə onun tətbiqinə deyil, sınağına başlanacaq?

Nazir maraqlı bir açıqlama da verib. Deyib ki, son 4 həftədə ölkədə koronaya yoluxanların 40%-i “Omikron” ştammına yoluxanlar olub. Sən demə, “Omikron” çoxdan ölkədə imiş. Halbuki cəmi 1 həftə öncə bu ştammın ölkədə aşkar olunduğunu rəsmən elan etdilər. Niyə?

Qonşu Gürcüstanda isə yeni növ koronavirus infeksiyasının “Omikron” ştammına təsdiqlənmiş yoluxma hallarının sayı 1419-a çatıb. Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin direktoru Amiran Qamkrelidzen deyib ki, “Omikron” ştamı artıq Gürcüstanda dominant ştama çevrilib və bütün yoluxma hallarının 70%-dən çoxunu təşkil edir.

Mərdan Əliyev həm peşəkar, qayğıkeş və səmimi insan » Qanun və Hədəf

Mövzu ilə bağlı bu və digər suallarımızı infeksionist-hepatoloq Mərdan Əliyev cavablandırdı: “Bu il pandemiyanın son ”akord”larıdır. Yay aylarına qədər pandemiyanın sönəcəyi gözlənilir. Çünki “Omikron” variantı sürətlə çoxalıb-artmaq qabiliyyətinə malik olan bir variantdır. Bu ştammın virulent və patogenliyi “Delta” ştamından xeyli dərəcədə aşağıdır. Ağırlaşma törətmək və ölüm göstəriciləri də zəifdir. İnsan yoluxur və sağ qalırsa, bu sürətli baş verirsə, burada kollektiv immunitetin də yaranması sürətli olur və pandemiya sönür. Həm ölkəmizdə, həm də dünyada xeyli sayda insanın yoluxub-sağalması, yəni təbii immunitet, həm də vaksinasiya prosesi nəticəsində yaradılan süni immunitetin kifayət qədər olması da pandemiyanın son ilinin olacağını deyir. Artıq immunitet formalaşıb, “Omikron” variantı bu mövzuda ümidləri artırdı. “Omikron”un gəlişi də bu prosesi sürətləndirir. Onsuz da bu proses gedirdi, yeni ştamm da bu prosesi tezləşdirdi. Yay aylarında pandemiyanın sönəcəyi gözləniləndir.

Amma bu o demək deyil ki, pandemiya birdən-birə bitəcək və virus olmayacaq. Virus yavaş-yavaş azalacaq. Elə bir rəqəmlərdə olacaq ki, artıq əhəmiyyətsiz olacaq. Artıq bu məsələ gündəmdə olmayacaq. Qrip kimi mövsümi infeksiyaya çevriləcək. Payız-qış aylarında müəyyən alovlanmalar olacaq. Təbii ki, pandemiya səviyyəsində yox. Bundan qabaqkı pandemiyalarda-donuz qripi, quş qripində də müəyyən alovlanmalar olmuşdu. İndi heç buna donuz qripi də deyilmir, adi qrip deyilir”.

İnfeksionist səhiyyə nazirinin açıqlamasına aydınlıq gətirdi: “Hazırda ölkəmizdə yoluxma sayı artmağa doğru davam edir. Yoluxmanın artması yüz faiz ”Omikron” variantı ilə bağlıdır. Bildiyiniz kimi, karantin qaydaları yumşalan zaman, artıq biz artma görürdük, bu çoxalma isə artıq fərqlidir. Heç bir məhdudiyyət aradan qaldırılması, karantin qaydalarında müəyyən ləğv edilmələr olmadığı halda səbəbsiz artma baş verir. Əslində səbəbsiz deyil, bu yeni ştammla bağlıdır.

Omicron variant brings new restrictions in Romania – EURACTIV.com

Təbii olaraq ölkəmizdə yoluxma sayında artma gözlənilir. Çünki yeni ştamm çox yoluxucudur. Yeni ştamm ölkəmizə daxil oldusa, bunun tez bir zamanda aşkar olunması mümkün deyil. Əvvəlcə bir şəxs yoluxur, çox vaxt da xaricdən gələn şəxs olur. Bu, Türkiyədən, Avropadan, Afrikadan gələn ola bilər. Yaxud da öz vətəndaşımız hər hansı ölkədən yoluxub gələ bilər. Bunu çox da araşdırıb tapmaq mümkün deyil. Yavaş-yavaş artmağa doğru gedir. Artan zaman analizlər arasında yoxlanılanda aşkara çıxır. Yəni ölkəyə daxil olan kimi həmən aşkar etmək o qədər də asan deyil. Xüsusən də bizim kimi  ölkələrdə genotip analizi hər yerdə  götürülmür. Bir neçə klinikada götürülür. Ona görə də çətindir. İndi artıq müəyyən ediblər, genotip analizlərə baxılıb və yoluxmaların sayına baxılıb, məlum olub ki, 40 faiz xəstələnənlər “Omikron” variantına yoluxub”.

İnfeksionist “TURKOVAC”la bağlı verilən suala isə belə cavab verdi: “”TURKOVAC”ın sınaqları bizdə artıq çoxdan başlamışdı. Açığı bilmədim nə ilə bağlı sınaq idi. Artıq bir neçə ay idi ki, Azərbaycanda və Pakistanda da bu sınaqlar davam edirdi. Bəlkə də bu 3-cü faza sınaqlarıdır. Ya da sınaqların son mərhələsidir. Vaksin Türkiyədə artıq sınaqdan uğurla çıxıbsa, yenidən Azərbaycanda sınaqdan keçirilir deyə məsələ yoxdur. Hər halda eyni səviyyədə, eyni vaxtda aparılır. Bilirəm ki, bir neçə ay bundan öncə bir neçə ölkədə bu sınaqlar həyata keçirilirdi”.

TURKOVAC'ın Faz 3 çalışmaları Azerbaycan'da da yapılacak

İnfeksionist, “Niyə dövlətlər karantin qaydalarının ləğv olunmasının əleyhinədir” sualına belə cavab verdi: “Ölkələr bir neçə həftə öncə deyirdilər ki, karantin şərtləri mütləq məhdudlaşdırılmalıdır. Amma indi əksini deyirlər. Bilinir ki, ”Omikron” variantı çox ciddi deyil. Yoluxanların sayı sürətlə artsa da, xəstəxana şəraiti və reanimasiya şəraiti tələb olunanların sayı çox olmur. Bununla bağlı təhlükə törətmədiyi üçün karantin qaydalarının ləğv olunmasının tamamilə aradan qaldırılması kimi fikirlər səsləndirilir. Yeni ştamm gələndə buna reaksiya fərqli olur. Bilinəndə ki, artıq bu, o qədər də qorxulu deyil və bu praktikada da artıq öz əksini tapıb. Buna görə artıq müəyyən ölkələr karantin qaydalarını ləğv etməyə başlayırlar. Bəzi ölkələrdə bu çox sürətli artmır. Bəzi ölkələrdə bu elə də çox sürətlə artmır, bəzi ölkələrdə isə çox sürətlə artmağa meyllidir. Bu da onların kollektiv immunitetinə bağlı olan məsələdir. “Omikron” variantı qorxulu olmadığı üçün artıq karantin qaydalarının ləğv olunmasında məhdudiyyətlərin aradan qaldırılmasında hər hansı bir təhlükə yoxdur. İndi məhdudiyyətlər aradan qaldırılır”.

Yeri gəlmişkən, TƏBİB-dən bildirilib ki, “Omicron” ştammına yoluxduğu müəyyənləşən 12 nəfərin hamısı tam sağalıb, onların səhhətlərində hər hansı problem yoxdur. Qeyd olunub ki, ümumiyyətlə, beynəlxalq təcrübəyə əsasən, hazırda “Omicron” yayılmağa başladığı ölkələrdə “Delta” ştamını üstələyir və yoluxmaların əksəriyyətinin “Omicron” ilə əlaqəli olduğu bildirilir.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir