Ölkədə sərt karantin tətbiq edildikdən sonra artıq gündəlik yoluxmaların və virusdan ölənlərin sayında azalmalar müşahidə edilir. Belə ki, son bir neçə gündür ki, gündəlik yoluxanların sayı 3 mindən aşağı, virusdan ölənlərin sayı isə 35 nəfərə düşüb. Bu gedişlə vəziyyətin bir qədər yaxşılaşacağı gözlənilir.
İndi əksəriyyət ümidini sərt karantin rejiminə deyil, daha çox ölkədə həyata keçiriləcək vaksinasiyaya bağlayır.
Bəs Azərbaycanda vaksinasiya prosesi nə zaman başladılacaq? Azərbaycan hansı ölkədən vaksin almağı planlaşdırır?
Xatırladaq ki, bir neçə gün öncə ölkə Prezidenti İlham Əliyev MDB dövlət başçılarının videokonfransında Azərbaycanda peyvəndlənmənin gələn ilin əvvəlində başlayacağını bildirib. Prezident həmçinin qeyd edib ki, vaksinləmə könüllü olacaq və dövlət hesabına həyata keçiriləcək. Beləliklə, ölkədə vaksinləmə prosesinin yaxın üç ayda mümkün olacağı gözlənilir.
Qeyd edək ki, hazırda dünyanın bir çox ölkələri müxtəlif vaksinlər üzərində çalışır. Bu ölkələr arasında Rusiya, Çin, ABŞ-ın adlarını qeyd etmək olar. Azərbaycanın hansı ölkədən vaksin alacağına gəldikdə isə bu barədə dəqiq məlumat verilməsə də, ötən həftə Operativ Qərargahın keçirdiyi brifinqdə səsələnən açıqlamalardan belə məlum oldu ki, ölkəmiz Çində istehsal olunan “CoronaVac” vaksinindən alacaq.
Adıçəkilən vaksinin 95-97 faiz effektiv, daha təhlükəsiz olduğu iddia edilir. Göründüyü kimi, Çin vaksin məsələsində bir çox ölkələri geridə qoyaraq önə keçdi və istehsal etdiyi vaksini tez bir zamanda bazara çıxarmağa hazırlaşır.
Vaksin ölü virus hissəciklərinin təhlükə törətməyəcək şəkildə bədənə yeridilməsi və bu yolla virusa qarşı immunitet müqaviməti yaratmağa əsaslanır. Bu vaksinin digərlərindən əsas fərqi quduzluğa qarşı istifadə olunan daha ənənəvi bir metodun tətbiqi ilə istehsal edilməsidir.
“CoronaVac”ın digər vaksin nümunələri ilə müqayisədə daha bir sıra üstün cəhətləri ortaya çıxıb. Belə ki, “Moderna” şirkətinin peyvəndi mənfi 20, “Pfizer” peyvəndi isə mənfi 70 dərəcədə saxlanmalıdır. Bu vaksin isə adi soyuducuda saxlana bilər. Vaksin bu halda keyfiyyətini qoruya bilir. Deməli, aşağı temperaturlarda çox miqdarda vaksin saxlaya bilməyəcək inkişaf etməkdə olan ölkələr üçün “CoronaVac” daha faydalıdır. Bu vaksini saxlamaq üçün xüsusi soyuducular tikməyə ehtiyac qalmayacaq.
Qeyd edək ki, Azərbaycanla qonşu olan ölkə Rusiyada artıq dekabrın 21-dən etibarən kütləvi vaksinasiyaya başladılıb. İlk olaraq Moskvada sənaye, nəqliyyat və media işçiləri peyvənd üçün qeydiyyatdan keçiblər. Moskva merinin açıqlamasına görə peyvənd üçün paytaxtda 70 məntəqə fəaliyyət göstərir və ilk növbədə 18-60 yaş aralığında olan insanlar vaksinasiya olunacaq. 60 yaşdan yuxarı insanlar isə bir qədər sonra peyvənd oluna biləcəklər. Eləcə də qardaş Türkiyə də tezliklə kütləvi vaksinasiyaya başlamağa hazırlaşır.
Beləliklə, Azərbaycanda vaksinasiya məsələsi gecikmirmi?
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla aşağıdakıları dedi: “Rusiya artıq vaksinasiyaya başlayıb, çünki vaksin ölkənin daxili bazarındadır. Yəni özləri hazırlayıb, öz vətəndaşlarına tətbiq edirlər”.
Adil Qeybulla Avropanın hazırladığı vaksinin daha keyfiyyətli olduğunu qeyd etdi: “Türkiyədə başladılan vaksinasiya Avropa ölkələrində hazırlanan vaksin əsasında aparılır. Hesab edirəm ki, həmin vaksin daha keyfiyyətlidir. Məlum olduğu kimi, Azərbaycan Çin istehsalı olan vaksindən sifariş edəcək. Çin istehsalı olan vaksinin keyfiyyətsiz olması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Çünki Çində hər cür texnologiya var. Yəni həddindən artıq yüksək texnologiya da, aşağı keyfiyyətli məhsul istehsal edən texnologiya da var. İnanmıram ki, bu vaksinlər keyfiyyətsiz olsun. Hər halda, alıb, istifadə edib, izləyərik, bundan sonra onun keyfiyyətli və ya keyfiyyətsiz olması ilə bağlı dəqiq fikir bildirmək daha asan olar”.
Daha bir məsələ, koronavirusun mutasiyaya uğrayaraq, daha təhlükəli ştampının ortaya çıxdığı iddia edilir. Virusun yeni, ingilis ştampının 70 faizə qədər daha yoluxucu olduğu deyilir. Bu səbəbdən bir çox ölkələr, o cümlədən İtaliya, Niderland, Fransadan sonra İsveç, Bolqarıstan, Latviya, Avstriya, Almaniya İngiltərəyə uçuşları müəyyən vaxtlaradək təxirə salıb. Britaniyadan başqa, Danimarka, Niderland və Avstraliyada da mutasiyaya uğramış yeni növ virus aşkarlanıb. Sual ortaya çıxır ki, tətbiq eidlən vaksinlər mutasiyaya uğramış virus üçün nə dərəcədə keçərli ola biləcək?
Professor Adil Qeybulla məsələyə bu cür mövqe bildirdi:
“Virus davamlı olaraq tez-tez mutasiyaya uğrayır, yəni bu davamlı prosesdir. Hər halda, vaksinlər virusun mutasiyaya uğradıqdan sonra əmələ gələn ştampları nəzərə alınaraq hazırlanır. Bununla belə, işin gedişi boyu vaksinlərin öz təsirini necə saxlaya bilməsini zaman göstərəcək. Digər tərəfdən, yeni mutasiyaya uğramış növlərlə bağlı hələlik ümumi məlumatlar var və bununla bağlı ciddi araşdırmalar gedir. Həmçinin onun genomunda hansı gen quruluşu dəyişiklikləri baş verdiyi dəqiq araşdırıldıqdan sonra İngiltərə alimləri və ÜST məlumat verəcək. Yalnız bundan sonra proqnoz veriləcək”.
Adil Qeybulla qeyd etdi ki, yoluxmadakı zənciri qırmaq üçün vaksin mütləqdir: “Çünki insanlar karantin qaydalaşını gözləmirlər. Bunun üçün getdikcə yayılma zəncirini qırmaq üçün vaksinasiyaya başlamalıyıq.
Lakin vaksinasiya virusun bitməsi demək deyil. Çünki dünya əhalisinin ən azı 4 milyarddan çoxu vaksinasiya olunmalıdır ki, kollektiv immunitet yaransın. Yəni virusu yenməyimiz yaxın ayların reallığı deyil. Ona görə də vaksinasiya öz yerində, karantin davranışlarına əməl olunması çox mühümdür”.
Xalidə GƏRAY