Yalanın belə bir qəribə növü var: Tərəflərdən biri onu deyir, digəri eşidir və ürəyindən “Yalançının lap elə…” fikrini keçirir, amma bu zaman sifətinə çox mədəni bir ifadə verib, hətta gülümsəyib, başını şaquli istiqamətdə tərpədərək, “Bəli, bəli, çox gözəl” söyləyir. Qəribə bir dövrə alınır: Sən bilirsən ki, mən sənin yalan danışdığını bilirəm; Mən bilirəm ki, sən mənim sənin yalan danışdığını bildiyimi bilirsən; amma ikimiz də özümüzü elə aparırıq ki, sanki dünyanın ən səmimi insanlarıyıq.
Bəzi yalanlar var ki, onlara artıq “yalan” demək də düzgün deyil, çünki hamı onların həqiqət olmadığını bilir, sadəcə, özünü o yerə qoymur. Danışan adamın özü də başa düşür ki, siz, böyük ehtimalla, onun dediyinə inanmayacaqsınız. Bular artıq şablonlaşmış, növbətçi yalanlardırlar. Azərbaycanda həmin gündəlik istehlak yalanlarının “Top-10”luğu təxminən bu şəkildədir:
1) “Yaxşı başı var, amma oxumur”
Uğursuzluğa haqq qazandırmağın ən uğursuz yoludur. “Yaxşı baş” nəyə deyirsiniz? Onun beynindəki akson və dendritlər başqalarından fərqlidir, daha keyfiyyətli materialdan düzəldilib? Sinapsları elektrik impulslarını daha yaxşı ötürürlər? Yoxsa papağı başına daha yaxşı oturur? Nə deməkdir “yaxşı baş”?! Bəzi istisnaları çıxmaqla, bütün insanların başı təxminən eynidir, fərqləri isə nə qədər vicdanla çalışmalarında, çəkdikləri zəhmətdədir.Təbiət hamımıza təxminən eyni sayda və eyni keyfiyyətdə neyronlar verib, sadəcə, hərəmiz onlardan bir cür istifadə edirik.
2) “Mənim də əslim oradandır”
İnsanın öz dədə-baba torpağını sevməyində pis heç nə yoxdur. Amma sırf əslin filan yerdən olduğu üçün hansısa dividend qazanmağa cəhd etmək, yumşaq desəm, cılızlıqdır. İnsana dəyər əslinin haradan olduğuna görə yox, şəxsi və peşəkar keyfiyyətlərinə görə verilməlidir.
Və hələ bütün bunlar o hal üçün nəzərdə tutulub ki, həmin sözü deyən şəxsin əsli həqiqətən “oradan” olsun. Faciə ondadır ki, çox vaxt insanlar əsillərinin haradan olması haqqında yalanlar uyduraraq, bununla öz dəyərlərini qaldırmağa çalışırlar. Halbuki, heç bir bölgə insana yalnızca “əsli oradan olduğu” üçün öyünməyə əsas vermir. İnsan yalnız o halda öyünə bilər ki, uğurları ilə bölgəsinin adını ucaltmış olsun.
3) “Babalarım bəy nəslindəndir”
Vaxtilə Qərbin kübar dairələrində məşhur bir məsəl varmış: Əgər bir qadın ətrafdakı kişilərə “…Axı, burada xanım var!”,- deyə irad tutursa, deməli, orada xanım yoxdur.
Söhbət ondan gedir ki, əsl xanımın varlığını xatırlatmağa ehtiyac qalmazdı, bunun özü avtomatik hiss olunardı. Eyni fikir əsilzadələr üçün də keçərlidir: Həqiqi bir əsilzadənin öz babalarının kim olduğunu xatırlatmasına heç bir ehtiyac qalmamalıdır. Adətən belə insanların davranışında, hərəkətlərində, danışığında elə bir kübarlıq, nəciblik, ağayanalıq olur ki, sən özün hər şeyi sözsüz də hiss edirsən.
Di gəl, adətən elə adamlar babalarının bəy, xan nəslindən olduğunu iddia edirlər ki, sən dərhal başa düşürsən: Bəli, onun babası həqiqətən də bəy olub – amma bir dəfə, o da öz toyunda; qalan vaxtlarda isə mal-heyvan qaçırırmış.
4) “Nömrəniz kampaniyaya düşüb”
Yəni gör, sən necə də bəxtəvər adamsan! Oturduğun yerdə başına şahlıq quşu qonub, indi qalır onu yemləmək. Yemləməsən, axmaq olarsan. Amma biz axmaq deyilik axı, biz olduqca ağıllı insanlarıq! Ona görə də, böyük ehtimalla, oturduğumuz yerdə başımıza qonan o Şahlıq Quşunu yemləyəcəyik. Yemin də ki, aydın məsələdir, xərci var. Beləliklə, adamlar həm öz mallarını və ya xidmətlərini bizə satacaqlar, həm də buna görə minnət qoyurlar! Əla düşünülüb.
5) “Demokratiya uğrunda mübarizə aparırıq”
Əgər “demokratiya” deyilən şeyin rəngi yaşıldırsa, təzəsindən mətbəə qoxusu gəlirsə, onda bəli, düz deyirlər. Son 25 ildə bu sözü deyərək, ortaya atılanlar ya həmin o “demokratiya”dan yığıb, kənara çəkildilər, ya da sığınacaq alaraq, xaricə koçdülər. Demokratiya uğrunda mübarizədən pul qazanmaq qəribə bir paradoks yaradır: Əgər adamın pulu “demokratiya uğrunda mübarizə”dən çıxırsa, deməli, o, ölkədə demokratiyanın yaranmasında maraqlı ola bilməz. Əksinə, həmişə istəyəcək ki, ölkədə demokratiya mümkün qədər olmasın. Qışda qar uğrunda mübarizə aparmağa görə heç kimə pul verməzlər axı. Ona görə də, “demokratiya uğrunda mübarizə aparırıq” iddiasını əslində belə başa düşmək lazımdır: “Ölkənin antidemokratik obrazını yaratmaq üçün çalışırıq”.
6) “Baqatı görünür”
Bu ifadə ləğv edilsə, ölkənin geyim biznesində ağr bir böhran başlayar. Onu tapan adama “dünyanın ən dahi marketoloqu” medalı ana südü kimi halaldır. Çünki bizim xalqın damarını bu qədər dəqiqliklə tutan ikinci bir formul hələ kəşf olunmayıb.
Biz – aldığı maaşın bir neçə misli qiymətində telefon işlədən insanlarıq; bizim üçün dünyada ən vacib olan şey budur: “Baqatı görsənmək”. Əslində olduğundan daha zəngin görünmək azərbaycanlı üçün dindir, imandır, ideologiyadır… Ona görə də, dünya marketoloqlarına səslənirəm: Baxın, öyrənin ki, işləyən formul necə olur!
7) “Xanım işlədib”
İkinci əl telefon və noutbuk satanların ən çox sevdiyi yalanlardan biridir. Guya, cihazı xanım işlədibsə, daha səliqəli, həssas davranıb. Əslində isə bəylər elektron cihazları ilə xanımlara nisbətən qat-qat incə rəftar edirlər. Çünki kişilərdə uşaqlıqdan cihaz, aparat, mexanizm sevgisi olur. Ən son model telefon ilə öyünən xanımları nadir hallarda görə bilərsiniz, kişilər üçün isə ən yeni aldığı texnika ilə qürurlanmaq adi haldır. O da adi haldır ki, öyündüyün şeyi daha çox qorumaq, qayğısına qalmaq istəyəcəksən. Bu sadə səbəbdən də, siz heç vaxt bir kişinin smartfonunun ekranında, yaxud noutbukunun klaviaturasında dırnaq boyasının ləkəsini, yaxud, maqqaş cızığını görə bilməzsiniz.
8) “5 dəqiqəyə çatıram”
Buradakı 5 rəqəminin konkretliyi sizi aldatmasın, o, sadəcə, bir dəqiqlik illüziyasıdır. Əslində bu sözlərin mənası odur ki, “Hazırda yoldayam, nə zaman çatacağımı isə dəqiq bilmirəm”. Müşahidələrə görə, adətən 15 dəqiqə-1 saat zaman intervalını ifadə etmək üçün işlədilir. Buna əmin olmaq çox asandır: “5 dəqiqəyə çatıram” deyən adama düz 5 dəqiqədən sonra zəng vurun və o, yenə belə deyəcək: “5 dəqiqəyə çatıram”. 20, 35, 50 – fərqi yoxdur, azərbaycanlı əgər gecikirsə, bunların hamısı “5 dəqiqə” sayılır.
9) “Əgər olsa, qurbandır”
Bizim xalq tarixən borc verməyən adamlara pis baxıb. Atalarımızın “İstəyənin bir üzü qara, verməyənin iki” məsəli onu göstərir ki, vermək lazımdır; əgər verməsən, istəyən olur məsum möhtac, sən isə xəsis və simic.
Amma təəssüf ki, genişürəkli atalarımız borcu qaytarmaq haqqında heç bir müdrik fikir ərz etməyiblər. Ruslar “Долг платежом красен” (Borc qaytarılanda gözəldir) kimi praqmatik məsəllər fikirləşəndə bizimkilər “Borclu borclunun sağlığını istər” deyib, dalınca da əlavə ediblər ki, “Əşşşi, təki sağlıq olsun”. Üstündən bir neçə əsr keçib, atalarımız görüblər ki, yox, bu cür alınmır, oturub zərblə yeni bir məsəli ratifikasiya ediblər: “Verib, pis olunca, vermə, pis ol”. Hazırda bu sonuncu variant bəzi xırda redaktələrlə hələ də qüvvədədir.
10) “O, mənim gəlinim deyil ha, qızımdır”
“Qayınana” sözünün mənası haqqında heç düşünmüsünüzmü? Niyə məhz qayının anası? Çünki 100 haldan 99-da qohumluğun daha yaxın yollarının hamısı bağlanır. Bir müddətdən sonra gəlin o zəhmli və deyingən qadını artıq ərinin də yox, ən yaxşı halda, qaynının anası kimi təsəvvür və təqdim edir. Burada heç kimdə günah axtarmaq lazım deyil: Evin ancaq bir xanımı ola billər, dünənə qədər həmin missiyanı yerinə yetirən ana isə əsla öz rolunu xoşluqla gəlinə təhvil vermək istəməyəcək. Ona görə də, nə qədər ki, “gəlin” sözü “gedin”lə əvəzlənməyib, problem həmişə qalacaq. Amma bu izahat işin incəliklərini bilən ariflər üçündür; yerdə qalanlar, xüsusilə də qohum-qonşu üçün isə:
– Oyyy, siz nə danışırsınız, o, mənim gəlinim deyil ki, qızımdır, qızım… Vallah, Səbişdən ayırmıram. Düz demirəm, Lətiş?!
– Hə, mama, əlbəttə!
Vüsal Məmmədov, “AzVision.az”