Son zamanlar cəmiyyətdə qadınlara qarşı şiddətin artması ilə bağlı sosial şəbəkələrədə əks təbliğat aparılır. “Şiddətə son” şüarı ilə xüsusilə gənc xanımlar kişilərə qarşı çıxır, bütün mübahisəli məqamlarda əks cinsin yanlış olduğunu nəzərə çatdırırlar. Bu da öz növbəsində aiələrdə problemlərin yaranmasına, qadınların belə hadisələrdən təsirlənərək mübahisə yaratmasına və aqressiv davranışa gətirib çıxarır. Ekspertlər qeyd edir ki, ümumiyyətlə şiddət məsələlərinin sosial şəbəkədə paylaşılması, qadınların daha çox haqlı olduqları barədə təbliğat aiələrdə gərgin vəziyyət yaradır.
Maraqlıdır, doğurdan da qadınlara qarşı şiddət daha çoxdur , ya biz ancaq qadına şiddəti qabardırıq ? Ümumiyyətlə tərəflərdən birinin mövqeyini üstün tutaraq kütləvi şəkildə təbliğat aparmaq nə dərəcədə düzgündür, bunun ailələrə təsiri necədir?
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Hadı Rəcəbli deyir ki, vaxtilə parlamentdə “Məişət zorakılığı haqqında qanun” barədə müzakirələr aparanda çox gərgin vəziyyət yarandı:
“Deputatların çoxu dedi ki, “Necə yəni uşağa, qadına səs qaldırmaq olmaz ?” Əgər cəmiyyətdə indi belə qanun qəbul olunubsa müzakirələr aparılmalıdır, yekun nəticə əldə edilməlidir. Cəmiyyətin özəyi ailə, ailənin təməli isə qadındır. Mən həmişə gənclərə arzu edəndə deyirəm ki, bir-birlərinə qarşı qarşılıqlı güzəşt etməyi bacarsınlar. Əgər ortada ailə adlı məfhum, övladlar varsa mütləq şəkildə ər-arvad bir-birini yola verməlidir. Düzdür ailə söz-söhbətsiz olmur, lakin istənilən halda bütün məsələləri tənzimləmək, yoluna qoymaq lazımdır. Deyirlər qadın zəif məxluqdur, lakin bu belə deyil qadınlar çox güclüdürlər. Bütün hallarda kişilər qadınlara qayğı göstərməli, imkan daxilində kişilər daha çox güzəştə getməlidir”.
Sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, Azərbaycanda kişilərə qarşı şiddət daha güclüdür, nəinki qadınlara:
“Ortada çox böyük sosial bəla var, lakin insanlar başa düşmür. Bu gün Azərbaycanda qadına şiddət yoxdur, bu gün Azərbaycanda ailə faciəsi var. Sadəcə qadına şiddət bu məsələnin görünən tərəfidir. Hazırda bizdə ailələrdə vəziyyət çox pisdir. 100 evlənəndən 27-i boşanırsa düşünün ki, bunun neçəsi evdə mübahisə edir. 80 faizədək ailələrimizdə arzuolunmaz münasibət hökm sürür. Bu həmin ailənin yox, bütövlükdə xalqın faciəsidir. Çünki o cür ortamda böyüyən uşağın da psixologiyası düzgün formalaşmır. İndi psixolji mərkəzlərin çoxuna getsəniz görəcəksiniz ki, ora gələnlərin əksəriyyəti azyaşlılardır. Buna görə biz “SOS” siqnalı çalmalıyıq, deməli deyilik ki, qadına qarşı şiddət var. Biz mənəvi dəyərləri qoruyub düzgün ailə modelinin formalaşmasına səbəb olmalıyıq. İndi bəzi feministlər, qurumlar hay salıb ki, qadına qarşı şiddət artıb. Kişilərə qarşı şiddət artıb, qadınlara qarşı yox. Qadın bütün günü psixoloji olaraq dili ilə kişiyə təsir edir. Kişinin də güclü olduğu tərəf fiziki tərəfidir, o da fiziki güclə ona təsir edir. Buna görə də söhbət ailədən getməlidir, fərddən yox. Şiddətin olduğunu iddia etməklə qadınlar dünyada Azərbaycan kişisi barədə mənfi obraz yaradırlar. Bu məslənin həlli yolu var. Təklif edirəm ki, sahələr üzrə sosial iş xidməti yaradılsın. Həmin xidmət də hər ailəni diqqət mərkəzində saxlasın ki, hansı ailədə riskli, gərgin vəziyyət var. Buxidmət lazım gəldikdə maarifləndirmə işi də aparmalıdır. Bu kimi müəyyən tədbirlərin görülməsi ilə problemi həll etmək, mənəvi dəyərləri formalaşdırmaq mümkündür”.
Məsələnin psixolji məqamlarından danışan klinik psixoloq Nuriyyə Quliyeva deyir ki, son dövrlərdə xoşagəlməz hallar ailələrdə münaqişələrə səbəb olmaqla bərabər, cütlüklərdə stress və gərginlik yaradır:
“Qadınlar daha çox qadın qurbanların tərəfindən çıxış edərək vəziyyəti daha çox emosional qiymətləndirirlər. Kişilər daha çox öz həmcinslərinin tərəfini tutub, törədilən hadisəyə səbəb də gətirirlər. Bu da öz növbəsində tərəflər arasında mübahisələrin yaranmasına gətirir. Qadına qarşı törədilən şiddət halları xəbər halında yayıldıqdan sonra qadınlar evdə öz haqlarını daha çox tələb etməyə başlayır, belə olan halda da onların həyat yoldaşları ilə münasibətləri korlanır. Xüsusilə təhsil almayan qadınlar, evdar xanımlar təhsil almaq, işləmək istəyirlər ki, bu da həyat yoldaşları tərəfindən birmənalı qarşılanmır. Lakin onu da deyim ki, bu cür xəbərlərin yayılması hər ailədə mübahisə yaratmır. Bəzi ailələr bundan dərs çıxarıb daha çox möhəmlənir. Mübahisəli ailələr adətən bu tip hadisələrdən təsirlənərək problem yaşayırlar”.