kokelmek

Azərbaycanda köklük problemi ciddiləşir – qidalar və stress…

Baxış sayı: 535

Bütün dünyada olduğu kimi, Azərbaycanda da artıq piylənmə aktual problemlərdən biridir, xüsusilə azyaşlı uşaqlar arasında geniş yayılıb. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ötən həftə keçirdiyi “Sağlam çəkiyə doğru” layihəsinin təqdimatında çıxışı zamanı deyib. O bildirib ki, əgər 2020-ci ildə ölkədə şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayı 250 min idisə, ötən il bu rəqəm 310 minə yaxınlaşıb. Azərbaycanda da artıq çəki kifayət qədər ciddi problemə çevrilir və bu, bir çox xəstəliklərin yaranmasına səbəb olur. Artıq çəki bir çox xəstəliklərə səbəb olur. Ölkədə 2 milyona yaxın insan bundan əziyyət çəkir ki, bu da əhalinin 20%-ni təşkil edir (hər beş nəfərdən biri).

İddialara görə, hazırda artıq çəkidən əziyyət çəkən insanların sayının artması daha çox qida sənayesinin spesifikası ilə əlaqədardır. Məsələn, rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov hesab edir ki, SSRİ vaxtı qida daha təbii, qida rejimi nümunəvi sağlam idi, ərzağı isə DÜST-ün (QOST) tələbləri ilə hazırlayırdılar. “Bizdə mütləq şorba, quru yemək, desert və kompot olurdu. Bizdə kök adam yox idi”, – Myasnikov “Rossiya-1″in efirində deyib. Həkim qeyd edib ki, hazırda artıq çəkidən əziyyət çəkən insanların sayının artması daha çox qida sənayesinin spesifikası ilə əlaqədardır. Onun sözlərinə görə, müasir qida məhsullarının tərkibində geni dəyişdirilmiş soya və dad əvəzediciləri var, onlara hər yanda böyük miqdarda şəkər və palma yağı əlavə edilir.

Azərbaycanda da ekspertlər hesab edir ki, köklüklə bağlı ən əsas faktor qidalanma ilə bağlıdır. Əsasən də günün ikinci yarısında çox qida qəbul edərək, az hərəkət edirlər. Bu da qəbul olunan qidanın kalorisinin bədəndə depolaşmasına səbəb olur, nəticədə tədricən çəki artmağa başlayır. Mədənin ölçüsü böyüyərək daha çox kalori tələb edir. Getdikcə artan bu kalori nəticədə qüsurlu bir dövran yaradır. Bir tərəfdən orqanizmdə ciddi kalori tələb olunur, digər tərəfdən hərəkət az olduğu üçün çəki artımını sürətləndirir.

Artıq çəkini yaradan səbəblərdən biri də stress və yorğunluqdur ki, bu da əsasən qadınlar arasında artıq çəkiyə səbəb olur. Çünki qadınlar adətən narahatlıq səbəbindən daha çox qida qəbul edirlər. Və tədricən düzgün qida rejimindən yayınır, gecələr çox yeməyə üstünlük verirlər. Məlum olduğu kimi, qadınların və kişilərin stress faktoruna münasibətləri müxtəlifdir. Kişilər arasında streslə yaranan artıq çəki probleminə ona görə təsadüfən rast gəlinir ki, onların əksəriyyəti siqaret çəkir. Qəbul edilən nikotin orqanizmdəki kalorini sağlam şəkildə xaric etmir, əksinə, kalori parçalanır və orqanizm kalorini qəbul etməkdə çətinlik çəkir. Həkimlərin tövsiyəsinə əsasən, mədəkiçiltmə əməliyyatından daha faydalısı pəhriz və idmandır.

Kökəlmənin əmələ gəlmə səbəblərindən biri hərəkətsizlikdir ki, pandemiya buna daha çox təsir edib.

Kliniki Tibbi Mərkəz

Həkim-endokrinoloq Həcər Kazımova dedi ki, piylənməyə əsas səbəb qeyri-sağlam qidalanma, düzgün olmayan rejimdir: “Bəzən əvvəlki dövrün qidaları ilə indiki dövr müqayisə olunur, amma əvvəllər  tortu ad günündən ad gününə yeyərdik, o da evdə bişirilərdi. Şəkərbura, paxlavanı yemək üçün Novruz bayramını gözləyərdik. İndi mağazalarda olan bol çeşidli şirniyyatlar o zaman yox idi. Elə şirniyyatlar var idi ki, onu mağazalarda əl altından alırdılar. Bir sözlə, şirniyyat hər gün yeyilmirdi. Hələ bundan savayı, o zaman “fast-food” deyilən bir anlayış yox idi. Uşaqlarımız heç olmasa həftədə bir dəfə bu cür tez hazırlanan qidalardan yeyirlər. “Burqer”, “pizza” kimi xörəklərin kalori dəyəri çox yüksək olur. Bir sözlə, düzgün qidalanmamaq, sağlam olmayan həyat tərzi, ayaqüstü atışdırmalar – çipsi, krekerlər piylənməyə səbəb olar. Fiziki aktivlik məsələsi də önəm daşıyır, məişət əşyalarından tutmuş, pult, telefonlar xüsusilə uşaqların vaxtını alır. Əvvəllər fiziki aktiv olan uşaqlar bütün günü telefon arxasındadırlar. Bunlar hamısı fiziki aktivliyi məhdudlaşdırır, çəkinin artmasına gətirib çıxarır. Həyat tərzimizdə ən çox dəyişilən bunlardır”.

Həkim son dövrlər uşaqlar arasında piylənmənin çoxalmasından narahatlığını bildirir: “Təəssüf ki, piylənmə uşaq yaşlarından başlayır. Erkən yaşdan başlayan piylənmələr daha sonra depressiyalara da səbəb olur. İnsanların psixoloji durumuna mənfi təsir göstərir. Yaş artdıqca çəki azalmaq əvəzinə daha çox artır. Düzgün olmayan pəhrizlər saxlanılır. Çəki itkisi olsa belə bir müddət sonra  kilo alanlar da olur”.

Məşhur qida eksperti:

Qida texnoloqu Ağa Salamov isə  piylənməyə səbəb olan bir sıra zərərli qidaları sadaladı. O, ağ unun zərərlərindən danışdı: “Buğda dəyirmanda üyüdülərkən kəpək qismi ondan ayrılır və əla növ un əldə edilir. Bu zaman buğdanın qida dəyəri aşağı düşür. Qeyd edim ki, buğdadan ayrılan xeyirli hissəsində xərçəng əleyhinə olan maddə var, proses zamanı o məhv olur və biz çörəkdən faydalana bilmirik. Bundan başqa, unun  tərkibində olan vitamin və minerallar ölür. Sağlam orqanizmə gün ərzində zülal, karbohidrat, lif və digər maddələr lazımdır. Lakin ağ un boş karbohidrat olduğu üçün insan orqanizminə ziyandır. Kəpək və rüşeym qismindən ayrılan undan hazırlanan çörək özündə heç bir vitamin ehtiva etmir. Şəkər də hazırlanarkən müəyyən qatqılardan istifadə olunur ki, onun rəngi ağarsın. Bu da boş karbohidrat sayılır. Şəkərin, unun əvəzedicisi var. Misal üçün, unun əvəzedicisi əl dəyirmanında üyüdülmüş, yaxud cücərmiş buğdanın ət maşınından keçirilmiş halı, yəni kəpək hissənin ayrılmayan hissəsi. Şəkərin alternativi baldır, ağcaqayın ağacının şirəsidir, doşabdır. Bir də rəngli qazlı içkilər də insanı kökəldir ki, bunlar da boş karbohidratlar sayılır. Qazlı içkilərin tərkibi fosfor turşusudur. Fosfor turşusunu balanslaşdırmaq üçün ona vurulur ki, insanın mədəsi bulanmasın. Üzərinə də yazırlar, soyuq için. Çünki onu isti içəndə adamın mədəsi bulanır. Tərkibində şəkəri çox olduğuna görə fosfor turşusu vururlar. Bunlar hamısı insanların kökəlməsi, qaraciyərin piylənməsinə səbəb olur”.

Qida texnoloqu əlavə edir ki, orqanizmimiz üçün əvəzolunmaz 11 yağ turşusu lazımdır: “Bu da quyruqda, kərə yağında, qaymaqda, qatıqda, yumurtanın sarısında, bir sözlə, heyvan mənşəli qidalardadır. Təəssüf ki, heyvan mənşəli qidalardan uzaq dururuq, amma harada boş karbohidrat var, onları yeyirik. Hidrogenlə hazırlanmış trans yağlarından yeməklər hazırlayırıq, bu da pis xolesterinə çevrilir”.

Belə tədbirlərin Azərbaycanda da keçirilməsi ən böyük arzularımızdan biri idi” — Barat Yusubov

Həkim-nefroloq Barat Yusubov isə artıq çəkinin böyrəklərə mənfi təsiri barədə məlumat verdi. O deyir ki, artıq çəkisi olan şəkər xəstələrində böyrək çatışmazlığı olma ehtimalı daha çoxdur: “Həddindən artıq çəki (piylənmə) böyrək içindəki təzyiqi yüksəldir və qılcal damarlarda struktur pozğunluqlarına səbəb olur. Bu zaman süzmə funksiyasını düzgün yerinə yetirə bilməyən böyrəklər sidikdən proteini normadan çox ifraz edir. Piylənmə eyni zamanda şəkərli diabet və hipertoniyaya da (yüksək qan təzyiqi) yol açaraq böyrəklərə dolayı yolla zərər verir. Kənardan normal kiloda görünən, amma qan yağları yüksək olanların, yəni metabolik piylənməsi olan insanların da böyrəkləri risk altındadır. Əgər artıq çəki problemi varsa, şəkər xəstəliyinin kontrolu bir o qədər çətinləşir. Piylənmədən qaynaqlanan şəkər xəstəliyinin ən təsirli və qalıcı müalicəsi piylənmə və metabolik cərrahiyyəsi ilə aparılır. Metabolik cərrahiyyə həkim müayinəsi və göstərişindən sonra, tip2 şəkərli diabet xəstələrində daha çox tətbiq olunur. Bu tip pasiyentlərdə metabolik cərrahiyyə şəkərli diabetin effektiv müalicəsidir. Əlbəttə, əməliyyat sonrası pasiyentlər qidalanmalarına diqqət etməli və mütəmadi olaraq şəkərli diabet və böyrəklərlə bağlı müayinələri ehmal etməməlidirlər”.

Fayl:Dr Cabir Gülmalıyev.jpg — Vikipediya

Ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev isə bildirir ki, artıq çəki və piylənmə bir çox sağlamlıq problemlərinə gətirib çıxara bilər: “Bu siyahıya diabet, ürək xəstəlikləri və bəzi növ xərçənglər aiddir. Artıq çəki olan insanlarda ürəyin iş yükü artır. Artıq çəki ürəyin işemik xəstəliyinə, stenokardiyaya və yüksək təzyiqə səbəb ola bilər. Çəkisi artıq olanlar tənəffüs pozğunluğundan (təngnəfəslik) əziyyət çəkdikləri üçün bu, son nəticədə ağciyər və ürək çatmazlığına səbəb olur. Çəkisi artıq olan insanlarda aterosklerozun inkişaf etmə riski yüksək olur. Xolesterol səviyyəniz dəyişə bilər. Piylənmə pis xolesterol və trigliserid səviyyələrində sıçrayışlara səbəb ola bilər, HDL xolesterolunu da aşağı sala bilər. Nəticədə ürək xəstəliyi riski artar. Eləcə də qan təzyiqinizin yüksəlməsinə səbəb ola bilər. Kök insanlar bədənlərini oksigen və qida maddələri ilə təmin etmək üçün daha çox qana ehtiyac duyurlar, nəticədə qan təzyiqi yüksəlir. Eyni zamanda yüksək qan təzyiqi də infarktın ümumi səbəbidir. Piylənmə diabetə səbəb ola bilər. Obez insanların diabetə tutulma şansı daha yüksəkdir. 65 yaşdan yuxarı diabetli insanların ən azı 68 faizində ürək xəstəliyi də var”.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir