Türkiyə və qonşu ölkələrdə baş verən zəlzələlər, dağıntılar daşınmaz əmlakın sığortalanması məsələsini gündəmə gətirdi.
Azərbaycanda son vəziyyət necədir?
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, mənzillərin sığortalanması prosesi çox zəif gedir: “Evlərin böyük qismi kreditlə, bank vasitəsilə satılır və belə olan halda avtomatik sığorta predmetinə çevrilir. Bank həmin əmlakı məcburən sığortalayır ki, hansısa təbii fəlakət, yanğın baş verdikdə dəymiş zərər sığorta şirkəti tərəfindən ödənilsin”.
Ekspert deyir ki, mənzilərin sığortalanmması könüllü sürətdə baş vermir.
Əmakın sığortalanmasına mane olan başqa amillər də var: “Əmlakın sığortalanması üçün onun mülkiyyət hüququnu təsdiq edən sənəd olmalıdır. Lakin təkcə Bakı-Abşeronda 500 mindən çox çıxarışı olmayan həyət evləri var. Hətta kimsə istəsə belə, bu evləri sığortalaya bilmir. Bundan başqa, çoxsaylı binalar var ki, onlara da çıxarış verilmir. Qanunvericiliklə həmin evlərin sığortalanması mümkün deyil”.
E.Fərzəliyev qeyd edir ki, daşınmaz əmlakın sığortalanmasını təşviq etmək üçün maarifləndirmə işləri aparılmalıdır ki, vətəndaş bunun nə üçün lazım olduğunu bilsin.
O, belə hesab edir ki, sırf zəlzələyə görə də ayrıca sığortanın olmasına ehtiyac var.
Sığorta üzrə ekspert İlkin İbrahimov isə deyir ki, müəyyən risklər, təbii fəlakətlərdən sığortalanma daşınmaz əmlakın icbari sığortası ilə tənzimlənir: “Daşınmaz əmlakın icbari sığortalanmasına nəzarət Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir. Qanunvericilikdə sığortalanmamağa görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulub. Lakin inzibati tənbeh, cərimələnmə mexanizmi yoxdur. Bunun da səbəbi müvafiq protokolun olmamasıdır. Lakin qeyd edim ki, notarial hərəkətlər və ipoteka müqavilələri zamanı mənzilin sığortalanması məcburi hesab edilir”.
“Ölkəmizdə icbari sığortaya cəlb olunan daşınmz əmlaklar 10-15 faizdir”, – deyə o əlavə edir.
Qanunvericilik nə deyir
Qeyd edək ki, “İcbari sığortalar haqqında” Qanunun tələblərinə əsasən, 2012-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına başlanılıb.
Daşınmaz əmlaka görə bir illik icbari sığorta haqqı Bakı şəhərində 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır.
Yanğın, elektrik naqillərində baş verən qısa qapanma, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; təbii fəlakətlər və s. sığorta hadisəsi hesab olunur.
Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.
Sığorta hadisəsi baş verdikdən sonra sığorta şirkəti əmlak sahibinə Bakı şəhərində maksimim 25 min manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində maksimim 20 min manat, digər yaşayış məntəqələri və bölgələrdə isə maksimim 15 min manat ödəyir.
“İnzibati Xətalar Məcəlləsi”nin 569-cu maddəsinə əsasən, icbari sığorta müqaviləsinin bağlanmamasına görə, fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub.
Daşınmaz əmlakı sığorta etdirmək üçün 2 sənəd – şəxsiyyət vəsiqəsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd (“kupça”) tələb olunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də , tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.
Nigar İsgəndərova