aile munaqisesi

Azərbaycanda “namus cinayətləri” niyə artır?

Baxış sayı: 754

Azərbaycanda “namus cinayətləri” kateqoriyasından olan qətllər, ölümə qəsdlər artıb. Bu kateqoriyadan olan cinayətlərin artım səbəbi nədir?  

 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, hər bir rayonun öz xüsusiyyətinə uyğun olaraq işlər aparılmalıdır: “Hesab edirəm ki, bu cür cinayətlərin işıqlandırılması zamanı jurnalistlər hadisəni ətraflı araşdırmalı və bütün stereotipləri dağıtmaq üçün hadisə yerinə gedib, yaxın qonşularla, qohumlarla söhbət edib, sübutlar toplamalı, yaxud da hüquq-mühafizə orqanları ilə birgə addımlamalıdırlar. Əks halda, qadınlara qarşı münasibət daha da pisləşəcək. Bu gün vəziyyət o yerə çatıb ki, hər yerindən duran həyat yoldaşını qətlə yetirir və bunu namus üstündə törətdiyini bəyan edir. Adamdan soruşarlar ki, həyat yoldaşın namussuzluq edəndə sən hara baxırdın? Vaxtlı-vaxtında ailəsi ilə maraqlanan kişilərin arvadları heç vaxt əyri yollara düşmürlər. Hər şeyin bir səbəbi var”.

Mehriban Zeynalova: ““Qaynar xətt”in yaradılması zəruridir”

Evli qadınları xəyanətə vadar edən səbəblərdən danışan ekspertin sözlərinə görə, bu cür situasiyalarda kişilər də ən azı xəyanətkar qadın qədər günahkardır: “Qadınların niyə xəyanət etdiyinə dair konkret bilgim yoxdur. Sadəcə, onu bilirəm ki, əksər zamanlarda qadınları bu yola kişilərin biganəliyi vadar edir. Adətən evliliyin müəyyən mərhələsindən sonra kişilər öz həyat yoldaşlarına qarşı diqqətsiz olur. Öz kefində, gəzməyində olur. Ailəsi ilə maraqlanmır, xanımına lazımi qədər qayğı, nəvaziş göstərmir. Öz həyat yoldaşına bircə kəlmə xoş söz deməyə qıymır. Sevgidən, diqqətdən məhrum qalan qadın da bunu başqa kişilərdə axtarmağa başlayır. Bəzi xanımlar hər cür diqqətsizliyə baxmayaraq, xəyanəti özlərinə yaraşdırmır. İradəsi zəif olan qadınlar isə ilk sevgi etirafında özlərini xəyanətin ortasında tapırlar. Müasir dövrdə isə qadının xəyanəti kifayət qədər əlçatandır. Özünü tənha, sevgisiz hiss edən qadına sosial şəbəkədə bircə status yazmaq kifayətdir ki, ona yüzlərlə xoş sözlər, sevgi etirafları ünvanlansın. Ola bilər ki, hansısa qadın sırf pula görə ərinə xəyanət etsin. Belə şeyləri qəbul etmədiyim üçün səbəbləri ilə də maraqlanmamışam. Amma istənilən halda, bunun psixoloji durum olduğunu düşünürəm. Sadəcə deməyim odur ki, arvadı xəyanət edən heç bir kişi yaxasını kənara çəkib, özünü məsum göstərməsin. Bir kişinin arvadı ona xəyanət edirsə, həmin kişi problemi ilk növbədə özündə axtarmalıdır. Günü xoş keçən, əri tərəfindən sevilən heç bir qadın xəyanətə əl atmaz. Kişi arvadı ilə elə münasibət qurmalıdır ki, qadın hər addımını əri ilə məsləhətləşsin. Yoxsa ki, sən ailənlə, həyat yoldaşının tələbləri ilə maraqlanma, iş-işdən keçəndən sonra da onun başını kəsib, adını da namus məsələsi qoy! Xanımınla elə davran ki, onu izləməyə, otağa kamera quraşdırmağa ehtiyac qalmasın. O, yerindən qalxmazdan əvvəl də artıq gedəcəyi yeri bil!”

M.Zeynalova deyir ki, aşkar ediləndə ki, qadına qarşı zorakılıq var, qadınlar deyil, artıq kişinin özü üçün reabilitasiya proqramı tətbiq etmək lazımdır: “Münaqişə olan ailələrdə kişilərin məcburi psixoloji xidmətə göndərilməsi və bu ailə yenidən bir arada olar bilər və yaxud bilməz məsələsi gündəmdə olmalıdır”.

Mehriban Zeynalova qeyd edir ki, məişət zorakılığı törədən şəxslərə elektron qandal tətbiq etmək uğurlu nəticələrə gətirib çıxara bilər: “Düşünürəm ki, elektron qandalları məhbuslardan daha çox məişət zorakılığı törədən şəxslərə tətbiq etmək lazımdır ki, onların neqativ davranışları ilə bağlı dərhal xəbər tutulsun. Hər zorakılıq qruplarının yanına bir polis mühafizəçisi qoymaq iqtidarında deyilik. Amma elektron qandalın həmin şəxslərə tətbiq edilməsi xeyli sayda hadisələrin qarşısını almış olar”.

Sabiq polis rəisi Mahmud Hacıyev bildirir ki, bu tendensiya təxminən 5-10 ildir başlayıb: “Hadisələr hər zaman yavaş-yavaş başlayır və sonradan sürətli şəkildə yayılır. Ona görə də baş verənləri son illərin hadisəsi kimi xarakterizə etmək olmaz. Yeni başlananda psixoloqlar, kriminalistlər bu kimi hadisələrə əhəmiyyət vermədilər, nəticə də göz qabağındadır. İlk olaraq səbəb odur ki, vətəndaşlar arasında psixoloji durum gərgindir. Bir qayda olaraq bu cür qətllər də məhz psixoloji durumun gərginliyindən ortaya çıxır.  Yaranmış sosial-iqtisadi problemlər nəticəsində son illər xeyli sayda insan öz işini itirdi, bank sektoru bərbad vəziyyətə düşdü. Bu hadisələr nəticəsində isə fahişəliyə, narkomaniyaya, ümumən cinayətə meyl gücləndi. İndi də ailədə adi sözlər belə əsəb gərginliyinə gətirib çıxarır. Əvvəllər mübahisə edəndə insanlar dilinə güc verirdilərsə, indi balta-bıçağa əl atırlar”.

Səni xilas etdi sirli təbiət... - Əhməd Qəşəmoğlu | Edebiyyatqazeti.az

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, 1000 illərdir ki, müdrik insanlar, dini  kitablar, alimlər deyir ki, hansı sosial sistemdə mənəvi dəyərlər öndədirsə, həmin sistem ahəngdar şəkildə özünü tənzimləyir: “Harada ki, mənəvi dəyərlər arxa plana keçir, maddi dəyərlər önə keçir, orada kriminal vəziyyət yaranır və yaranacaq da. Bu, təbiətin qanunudur. Çox təəssüf ki, son 10-15 ildə bizim ailələlərdə mənəvi dəyərlər arxaya, maddi dəyərlər isə önə keçib. 15 il bundan əvvəl efirdə bildirdim ki, bu cür davam etsə, qətl hadisələrinin sayı artacaq və bunun qarşısını təcili almaq lazımdır. O zaman bu sözümə görə məni qınayanlar da oldu. Lakin bu gün görürük ki, artıq proses gedir. Nəticə göz qabağındadır”.

Əhməd Qəşəmoğlu qeyd edir ki, yeni evlənən şəxslər ailə institutu barədə maarifləndirilməlidir: “Biz yeni ailə quran insanları ailə institutumuz haqda maarifləndirmirik. Əvvəllər evlənən kişi də, qadın da bilirdi ki, onun qarşısında hansı öhdəlikləri, borcu var. Lakin indi evlənənlər qarşılarında hansı ailə öhdəlikləri dayandığını bilmir. Sadəcə olaraq, nəyinsə xatirinə, yaxud valideynlərinin istəyi ilə ailə qurur. Tez-tez eşidirik ki, hansısa böyük təlim, kampaniya keçirilir və orada qadınlara qarşı şiddət olduğu, qadınların kişilər tərəfindən döyüldüyü, hüquqlarının əlindən alındığı deyilir, qadınların öz hüquqlarını bilmədiklərini deyirlər. Bu istiqamətdə iş aparan şəxslər yaxşı olardı ki, hər iki tərəfə ağıl verəydi. Birini müdafiə edib, digərini kənarda qoymaq yanan ocağa odun qoymağa bənzəyir. Məgər qadınlar 50 il bundan əvvəl hüquqlarını bilmirdi? Əksinə, o zamanlar qadınlar hüquqlarını daha yaxşı bilirdi. Beləliklə, qadınları deyil, bütünlükdə ailələri xilas etmək lazımdır”.

Ekspert son zamanlar ölkədə boşanmaların sayının kəskin artdığını da diqqətə çatdırır: “Faciə odur ki, bu gün 100 evlənən adamdan təxminən 28-i boşanır. Bu saydan iki dəfə artığı da evdə vuruşur, dava edir. Bu, artıq həmin ailənin deyil, ölkənin faciəsidir. Çünki bu halda yeni nəsil gərginlik içərisində böyüyür. Psixoloji reabilitasiya mərkəzlərinə getsəniz görərsiz ki, növbədə nə qədər uşaqlar var. Uşaqlar gözlərini açıb dava-dalaş görür və bu da onların psixoloji durumlarına təsir edir. Buna görə də ən vacib məsələ budur ki, ailələri xilas edək. Bunun da yolu ondan ibarətdir ki, ciddi alimlər, mütəxəssislər bir yerə toplanaraq ailənin xilası yolunda proqramlar hazırlasın. Bunun da həyata keçirilməsinə aidiyyəti qurumlar kömək göstərməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir