Bütün dünyada orqan köçürülməsi əməliyyatları həyata keçirilir və qəfil ölüm keçirən insanların orqanları donor gözləyən xəstələrə köçürülür. Əksər ölkələrdə sadə vətəndaşlardan tutmuş cəmiyyətdə müəyyən mövqeyə sahib olan insanlara qədər orqanlarının bağışlanmasını vəsiyyət edənlər var. Xatırladaq ki, Azərbaycanda da millət vəkili Qənirə Paşayeva öz orqanlarının bağışlanmasını vəsiyyət edib.
Ölkəmizdə hələ ki qəfil ölüm keçirmiş insanların orqanlarının götürülməsi faktı olmasa da, az da olsa, böyrək, qaraciyər kimi orqan nəqli əməliyyatları həyata keçirilir. Orqanlarını bir-birinə verənlər isə daha çox yaxın qohumlardır. Çünki cəmiyyət olaraq heç kim cavan yaşda ölmüş yaxınının yarılmasını və orqanlarının götürülməsini istəmir.
Bu günlərdə Mərkəzi Neftçilər Xəstəxanasında keçirilən mətbuat konfransında xəstəxananın cərrahiyyə və orqan transplantasiyası bölməsinin müdiri Mircəlal Kazımi orqan transplantasiyası barədə həqiqətəuyğun olmayan məlumatlar yazıldığını bildirərək hazırda əsas məqsədin meyitdən donor köçürmə məsələsi olduğunu deyib: “Azərbaycanda – Mərkəzi Neftçilər Xəstəxanasında on ilə yaxındır orqan köçürmə əməliyyatları aparılır və bu müddət ərzində bizim xəstələrin 95 faizinin əməliyyatı uğurlu olub. Yeddi xəstəmiz əməliyyatdan sonra valideyn olub. Təkcə bu il 76 xəstəyə böyrək və 9 qaraciyər transplantasiyası həyata keçirilib. Bu sahədə çətinliklərdən biri də qan qrupunun uyğun olmamasıdır. Bu problemin həlli yollarından biri də dünyada nadir əməliyyatlardan sayılan çarpaz orqan transplantasiyasıdır. Bu əməliyyat əsasən II və III qan qrupları olan xəstələrdə mümkündür. Artıq bizim təcrübəmizdə bu, Azərbaycanda ilk dəfə həyata keçirilib”.
Kazımi bildirib ki, bu vaxta qədər Gürcüstandan 9, Rusiyadan isə nəfər qaraciyər və böyrək köçürülməsi üçün Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib: “Bunun səbəbi bizdə əməliyyatın 40-50 faiz daha ucuz olmasıdır”.
Tədbirdə iştirak edən Mərkəzi Neftçilər Xəstəxanası transplant nefroloqu Elnur Fərəcov ölkədə transplantasiya əməliyyatı edilənlərin 22 faizinin uşaqlar olduğunu deyib. O, orqan köçürülən uşaqlardan ən kiçiyinin 5 yaşında olduğunu bildirib. Nefroloqun sözlərinə görə, dializə başlamadan orqan köçürmək daha uğurlu sayılır. E.Fərəcov bildirib ki, orqan transplantasiyası xəstələrin yaşama şansını 8-9 dəfə artırır.
M.Kazımi bundan sonra əsas məqsədin meyitdən donor köçürülməsini həyata keçirmək olduğunu deyib. O əlavə edib ki, hazırda ehtiyacı olan xəstələrə dövlət tərəfindən meyit orqanlarının köçürülməsini nəzərdə tutan konsepsiya hazırlanır.
Maraqlıdır, hansı təlimatlar olmalıdır ki, ölüdən orqanlar alına bilsin?
Tibb elmləri doktoru, professor Adil Qeybulla orqan köçürülməsi üçün qanun qəbul etməyin hələ yetərli olmadığını dedi: “İnsan yalnız kliniki ölüm keçirdiyi zaman onun orqanlarını götürmək olar. Orqan köçürülməsi məsələsində diqqət edilməli bir neçə nüans var. Orqan kimdən köçürülə bilər? Orqan beyin ölümü keçirmiş, orqanları hələ salamat olan, özü nəfəs alan, amma həyata qaytarılması mümkün olmayan şəxslərdən köçürülə bilər. Bunu da tibbi komissiya araşdırır və bundan sonra həmin insandan orqan köçürülməsinə icazə verir. Orqan köçürülməsi xəstənin himayədarı, atası, anası, qohumlarının razılığı olmadan həyata keçirilə bilməz. Orqanı köçürülə bilən adamlar adətən cavan adamlar olmalıdır. Avtomobil qəzası və ya üzləşdiyi hansısa qəza nəticəsində aldığı travmadan və ya digər patologiyadan beyin ölümü keçirmiş adam olmalıdır. Ən əsası nəzərə alınmalıdır ki, köçürülən orqan sağlam və salamat olmalıdır. Yəni elə xəstəliklər var ki, o xəstədən orqan köçürmək məsləhət deyil. Sağlam və cavan adamların yarılıb ondan orqan götürülməsinə hansı valideyn icazə verəcək?! Cəmiyyət buna hazırdırmı?! Neftçilər Xəstəxanasında bir-iki epizod olub ki, ata-anadan orqan götürüb köçürüblər. Bu donor haqqında qanunun, orqan nəqlinin bir sistem şəklini alması demək deyil. Əvvəla orqan nəqli konsepsiyası bir sistem olmalıdır. Bu sistem ondan ibarətdir ki, donor bankı yaradılmalıdır və cəmiyyət buna psixoloji hazır olmalıdır. Cəmiyyət daxilən qəbul etməlidir ki, dünyasını dəyişməkdə olan, həyatını itirməkdə olan bir insanın orqanı başqa bir insana həyat verə bilər. Biz bunu bir növ qəbul etməliyik. Yalnız qəbul etdikdən sonra buna hazır ola bilərik. Təbliğat aparmaq, cəmiyyəti buna hazırlamaq lazımdır. Digər tərəfdən də sistem odur ki, tutaq ki, Azərbaycanın bir rayonunda bir orqana ehtiyac varsa, başqa bir rayonda da donor daxili orqan götürülübsə, dərhal növbədə olan adama köçürülür. Dünyanın hər yerində bu cür sistem var”.
A.Qeybulla icbari tibbi sığorta olmadan da bunu həyata keçirməyin real olmadığını dedi: “İnsanların bunu kütləvi şəkildə həyata keçirmək imkanları məhduddur. Bu gün nə qədər qaraciyər köçürməsinə ehtiyacı olan adam dünyasını dəyişir. Bunların hansı gedib orqan köçürə bilir?! Bu çox bahalı bir əməliyyatdır və hər adamın da cibinə, büdcəsinə uyğun deyil. Buna görə də hesab edirəm ki, biz bəzən ”çaya çatmamış çırmalanırıq”. Qanunlarımız da bu cürdür, gördüyümüz işlər də çox vaxt bu cür olur. Biz hansısa qərarı qəbul edərkən bu qanunun işlək mexanizmini, infrastrukturunu düşünmürük. Bu da qanunun çox vaxt kağız üzərində qalmasına səbəb olur. Bu, sistem şəklini almalıdır. Bunun üçün də səhiyyə islahatları axıra qədər getməlidir, cəmiyyət buna hazır olmalı, donor haqqında qanun layihəsi olmalıdır, bunun işlək mexanizmi olmalıdır. Tək o qanunu qəbul etmək hələ yetərli deyil”.
Günel MANAFLI