qis turizmi

Azərbaycanda qış turizmi niyə “axsayır”?

Baxış sayı: 561

Hazırda turizm dünyada sürətlə inkişaf edən sahələrdən biridir.  Bu sahə bir çox ölkə üçün biznes mahiyyəti daşıyır və dövlət büdcəsinə önəmli dərəcədə müsbət təsir göstərir.  Amma Azərbaycanda turizm,  xüsusilə qış turizmi tam inkişaf etməyib. Qonşu ölkələrlə müqayisə etdikdə, Respublikamızda bu sektorun necə axsadığını müşahidə edə bilərik. Vətəndaşlar bu mövsüm də istirahət üçün xarici ölkələrə üz tutur. Xaricdən gələn şəxslərin sayında da azlıq müşahidə olunur.

Azərbaycandakı turizmin hazırkı vəziyyətini dəyərləndirən iqtisadçı-ekspert Elşad Məmmədov bildirir ki, Azərbyacan iqtisadiyyatı əsasən xammal ixracatına əsaslanır:

“Bu tip struktura malik iqtisadiyyatlarda xidmət sferası, yüksək texnoloji sahələrin inkişafı  bir çox hallarda problemlərlə üzləşir. Əsas pul kütləsi mədən sənayesinə, xammal və neft sektoruna xərclənir. Digər sahələrdə pul çatışmazlığı yaranır. Pul çatışmazlığı olan yerdə investisiya olmur. İnvestisiya olmasa, nə infrastruktur ola bilər, nə xidmətlərin çeşidi, nə də  rəqabət mühiti. Biz bu sahədə fəaliyyət göstərən şirkətlərin, demək olar ki, hamısının eyni qurumlara, eyni imkanlı iş adamlarına məxsus olduğunu müşahidə edirik.

Ona görə də bazarda hegemon statusa malik sahibkarlar istədiyi qiyməti qoyur və qiymətlər əlçatan olmur. Şübhəsiz ki, heç bir orta statistik turist qiymətlərin 2 dəfə baha olan yerə müraciət etməz”.

Ekspert dünya miqyasında turistlərin vəziyyətindən də danışdı:

“Bütövlükdə, dünyada turistlərin sayı dünya iqtisadiyyatındakı böhranla əlaqədar azalmağa doğru gedir. Bu artıq nəinki, Azərbaycanda digər ölkələrdə də olacaq. Ona görə xaricdən böyük turist axının gəlməsi ilə bağlı proqnozlarım o qədər də nikbin deyil”.

 

İqtisadçı ölkədəki turizmi inkişaf etdirmək üçün çıxış yollarını da göstərdi:

“Turizm bazarının inkişaf etdirilməsi üçün regional iqtisadi inteqrasiya layihələrin ölkəmizdə reallaşdırılmasına ehtiyac var.  Biz qonşu dövlətlərə iqtisadi əməkdaşlığımız dərinləşməsinə getsək, ordan gələ biləcək turistlərin axınını eyni dərəcədə sürətləndirərik. Bu həm sənədləşmə ilə bağlı olan məsələlərin sadələşdirilməsinə şərait yaradacaq, həm də əlavə xərclərin turistlər tərəfindən ödənilməməsi Azərbaycan turizm bazarında onlar üçün daha əlverişli şərait yarada bilər”.

 

Çimnaz Şahlar

 



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir