“Dünyada qız-oğlan nisbətinin pozulması heç də dini faktorla bağlı deyil. Bu gün bu halın müşahidə edildiyi ölkələrin ilk səkkizliyinə baxsaq, 8 ölkənin üçü Qafqaz ölkələridir: Azərbaycan, Gürcüstan və Ermənistan. Digər 5-i isə Çin, Tayvan, Hindistan, Pakistan və Vyetnamdır. Araşdırma nəticəsində gördük ki, qonşu İran və Türkiyədə bu nisbət pozulmayıb”.
Bunu Bakıda keçirilən “Atalar və qızlar” adlı foto-sərgidə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Bəs Azərbaycanda qız-oğlan nisbətinin pozulmasının səbəbləri nələrdir? Bu cür vəziyyət milli genefonda təsir edə bilərmi?
“Kişinin nəslin davamçısı olması ilə bağlı düşüncələr cahilliyin nəticəsidir”
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bunları dedi:
“Bu gün cinslər arasında balansın pozulma halları ölkələrdə müxtəlif formada müşahidə edilir. Deməzdim ki, burada mentalitet, mədəniyyət əsas rol oynayır. Çünki bizim mentalitetimizdə hər zaman qadına hörmət olub. İstənilən tarixi mərhələləri araşdırsaq, görərik ki, hətta “Kitabi Dədə Qorqud”dan üzü bu yana hər zaman qadın və kişi bərabər addımlayıblar. Hətta müharibədə çiyin-çiyinə vuruşub, tərəfdaş olublar. Yəni balansın pozulmasını sadəcə mentalitetə bağlamağı düzgün hesab etmirəm. Sadəcə yanlış stereotiplər, təsəvvürlər məsələsi mövcuddur. Bir çox insanların məlumatsızlığı, bu sahədə biliklərinin az olması buna səbəbdir. Bu görüşləri daha dərin, doğru bilən insanlar digər insanları da maarifləndirməlidir.
Kişinin nəslin davamçısı, mirasın varisi olması ilə bağlı düşüncələr cahilliyin nəticəsidir. Lakin bu gün düzgün elmi və mədəni yanaşmalar insanın cinsinin deyil, şəxsiyyətinin, həyata baxışının, cəmiyyətdə, ailədə davranışının əsas olduğunu deyir. Ona görə də burada yalnız mentalitetin rolunu vurğulamaq olmaz”.
“Maarifləndirmə işinin davamlılığı çox önəmlidir”
A.Veysəlova qeyd edib ki, növbəti illərdə demoqrafik problemlər ölkənin genefonduna mənfi təsir edə bilər:
“Hazırda Azərbaycanda kişi və qadın arasında balansın pozulduğu tendensiyasını müşahidə edirik. Axırıncı rəqəmlərə əsasən qadınların ümumi sayı 51,1 faiz, kişilərin sayı isə 49,9 faiz olub. Əvvəlki illərlə müqayisədə kişilərin sayının artdığını görürük. Qeyd edilən rəqəmlər bu gün üçün təhlükəli olmaya bilər. Amma növbəti illərdə bu cür tendensiya davam edərsə, demoqrafik problemlər ölkənin genefonduna mənfi təsir edə bilər. Bunun üçün də qabaqlayıcı tədbirlərin və xüsusilə də maarifləndirmə işlərinin aparılması mütləqdir.
Bu gün bizim komitə bu işlərlə məşğul olur. Azərbaycanda ilk dəfə elmi səviyyədə, doğulan uşaqların cinsi nisbətinin pozulması sahəsində ilk təbliğatı Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi BMT-nin Əhali Fondu ilə birgə edib. Azərbaycan hökuməti belə məsələlərə açıq və həssas yanaşır. Amma maarifləndirmə işinin davamlılığı çox önəmlidir. Burada təkcə dövlət qurumlarının deyil, vətəndaş cəmiyyətinin, KİV-in də üzərinə iş düşür. Ayrı seçkiliyinin aradan qaldırılması, ailədə və cəmiyyətdə qız uşaqlarına üstünlüyün verilməsi sahəsində ciddi təbliğat və təşviqat işləri aparırıq”.
“İnsanın kişisi, qadını deyil, şəxsiyyəti vacibdir”
Müsahibimiz düşünür ki, hazırda balansın pozulmasının başlıca səbəbi cəmiyyətdə kök salan yanlış təsəvvürlərdir:
“Əlbəttə, insanların düşüncəsini onların mədəniyyəti, mentaliteti formalaşdırır. Lakin savadsızlıqdan irəli gələn təsəvvürlər var. Cəmiyyətdə yanlış stereotiplər kök salıb. Oğlan uşağına nə üçün üstünlük verilir?. Çünki əksəriyyət nəslin davamçısı olduğunu düşünür. Lakin o qədər oğullar var ki, nəslin bütün malını, mülkünü talan edib. Yaxud oğulları olan valideynlər var ki, Qocalar evində yaşayır. Oğlan uşaqları ailənin ləyaqətini, adını qoruyur deyirlər. Halbuki, bütün nəslin adına ləkə gətirənləri də görmüşük. Yəni bu cür təsəvvürləri aradan qaldırmalıyıq. Müsbət nümunələri təbliğ etsək, insanların şüuruna da bir o qədər tez təsir edəcəyik. Sosial çarxlar, filmlər, televiziya verilişləri davamlı olaraq insanların təsəvvürlərinə təsir etməlidir ki, düzgün fikirlər kök sala bilsin. İnsanın kişisi, qadını deyil, şəxsiyyəti vacibdir. Biz bunu təbliğ etməliyik.
Qadınların maarifləndirilməsi məsələnin bir tərəfidir. Amma kişilərin də bu istiqamətdə maarifləndirilməsi bizim üçün önəmlidir. Bu, bir günün, bir ayın və ya bir ilin işi deyil. Bu məsələ zaman tələb edir. İnanıram ki, təşəbbüslərimiz öz müsbət nəticələrini verəcək və cinslər arasındakı balansın qorunmasına nail olacağıq”.