“Son zəng” tədbir ənənəsi SSRİ qurularkən – 1920-ci ildə yaranıb. Azərbaycanda ilk dünyəvi məktəblər çar Rusiyası dövründə açılıb. Məhz həmin vaxta qədərki tədris ilinin ilk və son günü haqda heç bir fakt yoxdur. Sovet məktəbləri açılandan sonra məktəblərdə mayın 25-i sonuncu dərs günü kimi qəbul olunub. Beləcə, 2005-ci ilə qədər hər il 25 may tarixi Azərbaycanda “Son zəng” kimi qeyd olunub.
Beləliklə, “Son zəng” SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilə qədər mayın 25-i, 2005-ci ildən 2016-cı ilə qədər isə mayın 31-də, həmin dövrdən indiyə qədər isə 14 iyunda qeyd olunur. “Son zəng” zamanı məktəbi bitirən 11-ci sinif şagirdləri məzun adı qazanır.
SOVET ənənəsi – “SON ZƏNG”
“Son zəng”-i, adətən, MDB ölkələrində qeyd edirlər. Lakin Azərbaycandan fərqli olaraq onlarda bu gün “Vida”, “Əlvida”, “Məzun günü”, “Sonuncu gün” və s. adlanır. “Son zəng” ifadəsi əsasən, Azərbaycan, Türkiyə və Rusiyada işlənir.
Uzun illərdir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərində təntənəli şəkildə qeyd edilən “Son zəng” tədbirlərinə müəyyən məhdudiyyətlər qoyulur. Əvvəllər son dərs günü – mayın 25-i məzunlar üçün bayrama çevrilirdi. Məktəblərdə xüsusi mərasimlər təşkil olunur, ziyafətlər verilir, məzunlar şəhərə, Bakı məktəbliləri xüsusən Dənizkənarı Milli Parka çıxıb əylənirdilər. Lakin hər kəsin yaddaşında silinməz iz qoyan “Son zəng” mərasimi 2009-cu ildən etibarən aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitteində terrorla bağlı təntənəli keçirilməsinə qadağa qoyulmuşdu. Sabiq təhsil naziri Misir Mərdanov da məzunları həmin gün kütləvilik yaratmamağa çağırmışdı. Elə həmin ildən etibarən artıq “Son Zəng” kütləvi təşkilinə icazə verilmir və mərasim yalnız məktəbdaxili qeyd olunur.
Təhsil naziri hər il olduğu kimi bu il də “Ümumtəhsil məktəblərində ”Son zəng” tədbirinin keçirilməsi haqqında” əmr imzalayıb. Əmrə görə, “Son zəng” tədbiri 14 iyun, 2018-ci il tarixdə saat 10:00-dan başlayaraq 2 saat müddətində yalnız təhsil müəssisələrinin ərazisində keçirilməlidir. Əmrdə məktəblərdə təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakının təmin edilməsi nəzərdə tutulur. Nazirin əmrinə əsasən, məktəblərdə “Son zəng” mərasiminin yalnız 2 saat, özü də məktəblərin ərazisində keçirilməsinə icazə verildiyi üçün məktəbdənkənar gəzintilərə görə bütün məsuliyyəti valideynlər daşıyır.
Sovetlər dönəmindən qalma “Son zəng” bayramı şagirdlərin ən çox sevdiyi və səbirsizliklə gözlədikləri gündür.