Hamile

Azərbaycanda süni mayalanma neçəyədir? – QİYMƏTLƏR

Baxış sayı: 1. 724

Süni mayalanma ana və ata namizədlərindən alınan yumurta və sperma hüceyrələrinin laboratoriya şəraitində mayalandırılması və mayalanmadan sonra ananın yumurtalığına yerləşdirilməsidir. “Gencaile.az” “Modern.az”-a istinadən bildirir ki, bu, dünyada ilk dəfə 1978-ci ildə, Azərbaycanda isə 2004-cü ildə tətbiq edilib. Əvvəllər daha dar məqsədlər üçün istifadə olunsa da, günümüzdə kişi sonsuzluğu da daxil olmaqla sonsuzluq problemlərinin 80%-nin həll edildiyi bir üsul olaraq inkişaf etdirilib.
Suni mayalanma prosesi 5 mərhələlədən ibarətdir. Mərhələ sayı və adları bəzi qaynaqlarda fərqli olsa da, tətbiq olunan bütün prosedurlar standartdır.

 

Hormonal müalicə və ya stimulyasiya

Müalicəyə başlamaq qərarı verildikdən sonra stimulyasiya planı hazırlanır. Stimulyasiya hormonal müalicədir. Bu müalicənin köməyi ilə bir menstrual tsikl müddətində yumurtalıqlarda bir neçə follikul və yumurtahüceyrə inkişaf edir. Müasir hormonal preparatlardan istifadə etmək çox asandır. Bunlar gündəlik olaraq inyeksiyalar şəklində qarın ya bud nahiyəsində dəri altına yeridilən hazır məhlullardır. Hormonal müalicənin müddəti, stimulyasiya proqramından, müalicə növündən və xəstənin fərdi xüsusiyyətlərindən asılıdır.

 

Yumurta hüceyrələrin götürülməsi

Yumurta hüceyrələri günün birinci yarısında götürülür. Bu prosedur axırıncı hormonal inyeksiyadan 34-36 saat sonra aparılır. Həmin vaxt ərzində injeksiya edilmiş İQH yumurta hüceyrəni yetişmiş hala gətirir və follikul mayesinə ifraz edir. Yumurta hüceyrələr follikul mayesinin sorulması yolu ilə yumurtalıqlardan götürülür. Bu əməliyyat ultrasəslə idarə olunan nazik iynəni uşaqlıq boynundan salmaqla həyata keçirilir. Əməliyyat zamanı güclü ağrıkəsici və sakitləşdirici dərmanlardan istifadə olunur. Adətən bu əməliyyat ağrısızdır. Çox nadir hallarda yumurta hüceyrələr narkoz altında götürülür. Yumurta hüceyrənin götürülməsi, follikuların sayından asılı olaraq 10-20 dəqiqə çəkir.

Embrioloq mikroskop vasitəsilə follikul mayesindən yumurta hüceyrələri taparaq, Petri kasasına yığır. Yumurta hüceyrələr xüsusi isti dolabda, orqanizmdəki şəraiti imitasiya edən qidalı mühitdə inkişaf edirlər. Yumurta hüceyrələr ətraf mühitin temperaturunun və turşuluğunun (PH) dəyişməsinə çox həssasdırlar. Ona görə də yumurta hüceyrələrlə iş, qızdırıcılarla təchiz edilmiş xüsusi otaqda, yüksək sürətlə aparılır.

 

Sperma nümunəsi

Yumurta hüceyrə götürülən zaman və ya bundan sonra kişi mayalanma üçün sperma verir.

 

Mayalandırma

Spermanın miqdar və hərəkətlilik kimi keyfiyyət göstəriciləridən asılı olaraq mayalandırma in vitro(İVF) və ya mikromayalandırma (İCSİ) yolu ilə aparılır. Mayalandırma üçün spermadan normal formaya malik və daha çox hərəkətli spermatozoidlər seçilərək ayrılır. Mayalandırma yumurtahüceyrə götürüldükdən bir necə saat sonra aparılır.

 

İVF – in vitro (orqanizmdən kənar) mayalandırma

Spermatozoidlərin sayı, hərəkətliliyi və quruluşuna görə sperma normaldırsa və ya normadan az fərqlidirsə mayalanmanı ənənəvi in vitro üsulu ilə aparmaq olar. Bu üsulda təmizlənmiş sperma yumurta hüceyrə olan kasaya əlavə edilir. Spermatozoidlər yumurta hüceyrəyə doğru hərəkət edərək onun səthinə yapışır və beləliklə mayalanma baş verir.

 

Bəs Azərbaycanda süni mayalanma ilə bağlı vəziyyət nə yerdədir?

“Azərbaycanda sonsuzluqdan əziyyət çəkən cütlüklərimiz çoxdur və buna görə də suni mayalanma üçün müraciət edənlərin sayında artım müşahidə olunur”- bu sözləri Modern.az-a açıqlamasında həkim Elnurə Mustafayeva deyib: “Süni mayalanma hər cütlüyə edilməz. Qadınlarda AHM, yumurta rezervi az olanlara, kişilərdə kişi sonsuzluğundan əziyyət çəkənlərə daha çox tətbiq edilir”

Süni mayalanma nəticəsində dünyaya gələn uşaqların adətən əkiz olmarını həkim də təsdiqləyir: “Uşaqların əkiz olması üçün xüsusi bir prosedur aparılmır. Cütlüklər “əkiz istəyirik” deyirsə,  2,3 və bəzi hallarda 4 embrion (mayalanmış hüceyrə) transfer edilir. Embrion köçürülməsindən sonra hamiləlik testi qoyulur. İki həftədən sonra USM müayinəsi aparılır və hamiləlik tam təsdiq olunur. Amma bunu da unutmaq olmaz ki, 3 mayalanmış hüceyrədən biri də tuta bilər, 2 si də. Əvvəlcədən neçəsinin uğurlu olacağını söyləmək olmaz”.

Azərbaycanda suni mayalanma ilə uşaq sahibi olmaq istəyən cütlüklərin ödəyəcəyi məbləğ isə belədir: “Qiymətlər klinakaya görə dəyişir. Bütün prosedurlar daxil olmaqla 4500-5000 manatdır. Heç bir halda xəstələrə 100% zəmanət vermirik. Prosedur uğurla tamamlanmadıqda isə məbləğ geri qaytarılmır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir