ev

Azərbaycanda vətəndaş evini sığortalatmağa niyə maraq göstərmir?

Baxış sayı: 1. 096

Ötən gün ölkənin bəzi bölgələrində zəlzələ qeydə alındı. Təbii fəlakətlər nəticəsində bir çox əmlaka zərər dəyib. Hadisə əmlakların sığortalanmaması ilə bağlı məsələni gündəmə gətirib. Azərbaycanda daşınmaz əmlakın sığortası icbari olsa da, buna maraq çox azdır. Bəs səbəb nədir?

Məsələ ilə bağlı danışan sığorta məsələləri ilə bağlı ekspert İlkin İbrahimov deyir ki, Azərbaycanda təbii fəlakətlərlə, yəni zəlzələ, sel, yer sürüşməsi, tufan və s. hallarla bağlı daşınmaz əmlakın icbari sığorta növü var:

“Əmlak sığortası “İcbari sığortalar haqqında” qanunda icbari xarakter daşıyır. Yəni evinin sənədi olan vətəndaşlar üçün bu məcburi xarakter daşıyır, eynilə avtomobillərdəki kimi. Müəyyən olunmuş məbləğ miqdarında, məsələn Bakı şəhəri üçün ildə 50 manat, Gəncə, Naxçıvan, Sumqayıt üçün 40 manat, digər rayon və şəhərlər üçün 30 manat müəyyən olub. Buna da müvafiq olaraq 25000 manat, 20000 manat və 15000 manat sığorta ödənişləri nəzərdə tutulur. Yəni ölkədə daşınmaz əmlakın çıxarış sənədi (“kupça”) olan bütün əmlaklar sığortalanmalıdır. Etməyənlər cəzalanmalıdır. Lakin cəza mexanizmi inzibati Xətalar Məcəlləsində nəzərdə tutulsa da, icra mexanizmi yoxdur. Digər tərəfdən, əhali sığorta məhsullarına az maraq göstərir”.

 

Ekspert bildirir ki, bu məsələ ilə bağlı inkişaf templəri ləng də olsa, gedir:

“Yəni ötən illərə nisbətən daha çox daşınmaz əmlak icbari sığorta olunub. Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyətləri müvafiq protokol tərtib etmək səlahiyyətlərinə malikdirlər. Amma vətəndaşlardan icbari sığortanın kütləvi şəkildə tərtib olunması görünmür, cərimələr tətbiq edilmir. Ona görə də vətəndaşlar bu məsələyə bir növ biganə yanaşırlar”.
İ.İbrahimovun sözlərinə görə, notariat kontorlarında daşınmaz əmlakın sənədləşdirmə işləri aparılarkən, bir addan digər ada keçirilərkən onun icbari sığortası tələb olunmalıdır:
“İnzibati faktorlar əhəmiyyətlidir, amma çox da önəm vermirlər. Türkiyədə belədir ki, əmlak sığortasını kommunal xidmətlərin çeklərinin  üzərinə gəlirlər, vətəndaş borcunu ödəmədiyi təqdirdə,  işığı, qazı və ya suyu kəsilir. Məcbur olub əmlaklarını sığorta etdirirlər. Dünyanın bir çox ölkəsində bu təcrübədən istifadə edilir. Bizdə hələ əmlak sığortası ilə bağlı məcburetmə yoxdur”.

 

Eskpert deyir ki, vətəndaşların evlərini sığorta etməməsinin səbəblərindən biri də süründürməçilikdir:

“Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına baxsaq görərik ki, sığorta ödənişləri azdır. Demək olar ki, sığorta şirkətləri süründürməçilik yaradır.
Vətəndaş baş vermiş zəlzələ faktı ilə bağlı seysmoloji stansiyadan arayış almalıdır, əvəzində 36 manat 60 qəpik rüsum. Hesab edirəm ki, bu format tamamilə əsassızdır. Ona görə ki, dövlət büdcəsindən maliyyələşən bir təşkilat vətəndaşa necə pullu xidmət edə bilər? Vətəndaşın pulu ilə özünə şərait yaradır, bundan sonra vətəndaşa yenidən pullu xidmət göstərir. Hesab edirəm ki, bunların hamısı vətəndaş üçün çox böyük maneələr törədir. Ona görə də çoxluq buna maraq göstərmir”.

 

İ.İbrahimovun sözlərinə görə, sənədi olmayan evlər sığortalanmadığından bu da problem yaradır:

“Sənədsiz evlərlə bağlı məsələ aydındır. Əgər daşınmaz əmlakın sığortasını etmək istəyiriksə, burada qanuni evlərdən söhbət gedir. Yəni qanuni o deməkdir ki, rəsmi qurumda reyestri olan evlər. Bura aiddir: “kupça”lı evlər və yeni tikili binalar.  Yeni tikilən binalarda, hətta onların “kupça”sı olmasa belə, mənzilləri sığortalamaq mümkündür, çünki, bina tikildiyi zaman torpaq sahəsinin sənədi var. Sənədi olduğuna görə, bunların hər biri üçün fərdi qaydada  həm müqavilə bağlanır, həm də sığorta ödənişi verilir. Amma qeyd etdiyim kimi, digər məsələlər var, hansı ki, qanunsuz tikililər deyirik, onların qanunla tələb edilən sənədləri olmadığına görə sığortalamaq mümkün olmur”. (“Modern.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir