Azərbaycanda əhalinin ildən – ilə cılızlaşmasına dair fikirlər tez-tez səslənir. Artıq yaşlı nəsil universitet tələbələrini məktəblilərlə müqayisə edirlər. Bir sıra mütəxəssislər boyun getdiçkə qısalmasını qeyri-sağlamlıq kimi qiymətləndirsələr də, bəziləri əksinə olaraq, boyu qısa olan insanların beyninin daha yaxşı inkişaf etdiyini iddia edirlər.
Heç təsadüfi deyil ki, cəmiyyətdə insanlar arasında tez-tez “dünyanı balacalar idarə edəcək” kimi ifadələr də işlənir.
Uzman. Dr Fuad Bəşirov qeyd edir ki, boyla ağıl arasında heç bir elaqə yoxdur.
“Səslənən fikirlərə rəğmən insanların boyunun getdikcə qısalması ilə bağlı bir tədqiqat varmı-yoxmu dəqiq bilmirəm. Olsaydı, çox güman ki, xəbərim olardı.
Çin və Yapon xalqlarının boyları ortalama insan boyundan qısa deyil. İndiyə qədər insanın fiziyolojik quruluşu ilə IQ (zəka gostericisi olaraq qəbul edilir) arasında əlaqə olduğu göstərilməyib”.
Mütəxəssislər qeyd edir ki, hormonal dəyişikliklərlə bağlı müraciət edənlər arasında boy qısalığından şikayət edənlər çox olur. İllik böyümə sürəti 1-2 yaş arasında təxminən ildə 8 sm, bundan sonra isə yetkinliyə qədər ildə 5-6 sm-dir. İllik boy artımı yaşa görə normadan az olarsa, boy qısalığına səbəb ola bilər.
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev deyir ki, Azərbaycanda insanların boyunun qısalması və çəkilərinin azlığı ilə bağlı heç bir statistika yoxdur.
“Azərbaycan ümumiyyətlə əhalisinə görə uzunboylu ölkələrdən deyil, təxminən ortaboylu ölkələr sırasındadır. Mənim bildiyim məlumata görə, uşaqlarda boyun qısalması prosesi deyil, əksinə uzanması prosesləri gedir. Bundan əlavə, fiziki sağlamlıqla bağlı da birmənalı fikir söyləmək olmaz ki, azərbaycanlıların fiziki sağlamlığı kimlərdənsə geri qalır. Düzdür, insanların getdikçə boyunun qısalması ilə bağlı Milli Məclisdə də fikirlər səslənib, amma mən cılızlaşmaya meyllilik hiss etmirəm. Ola bilər ki, onlar hansısa Avropa ölkələrinin insanları ilə müqayisə edirlər. Qeyd edim ki, hər bir etnik qrupun özünün fiziki-antropoloji göstəriciləri var. Və bu göstəricilərə görə Avropa insanı ilə bizi müqayisə etmək düzgün deyil. Azərbaycanda 40-50 il əvvəlki göstəricilərə baxsaq da, qeyd edə bilərəm ki, fiziki olaraq dəyişiklik hiss olunmur”.
Bəzi mütəxəssislər boy qısalığını daha çox qohum evlilikləri ilə əlaqələndirirlər. Belə ki, qohum nikahları gendə cılızlaşmaya səbəb olur ki, bu da fiziki baxımdan özünü mütləq göstərir. Əlavə olaraq boy artımı üçün qidalanma və gigiyena da əsas şərtlərdən hesab olunur. Müxtəlif idman növləri ilə məşğul olmaq, proteinli qidalarla bəslənmək, gecikmədən həkimə müraciət edilərsə, boyun müəyyən qədər uzanmasına gətirib çıxara bilər. Araşdırmalara əsasən, uşaqların boyu 70% ata və anadan, 30% isə birbaşa qidalanmadan və sağlamlıq vəziyyətindən asılıdır.
Musa Quliyevin sözlərinə görə, Azərbaycanda insanların idmanla məşğul olması üçün şərait yaradılsa da, bu sistem halında formalaşmayıb.
“Baxmayaraq ki, Azərbaycanda çoxlu sayda idman olimpiya kompleksləri açılıb, ancaq məktəblərdə idman dərslərinə çox ciddi fikir verilmir və idmanla bağlı müəyyən forumlar, hərəkatlar geniş şəkildə yayılmayıb. Sovet dönəmində məhəllələrdə turniklər olurdu, “Əməyə və müdafiəyə hazır ol” devizi altında müxtəlif məktəblərarası, rayonlararası idman yarışları keçirilirdi. Bu da insanların idmana marağını artırırdı və bu sağlamlıq cəhətdən çox vacib hesab olunur. Bunlar bir qədər azaldığı üçün ümumi göstəricilərə mənfi təsir edə bilər”.