Dövlət 400-500 yerlik binanı icarə haqqı olmadan təklif edərsə, 100 şagirdin bütün xərcini üzərimizə götürüb, ödənişsiz özəl təhsil verə bilərik.
Bunu Azərbaycanda tanınan özəl məktəblərdən birinin rəhbəri olan Şamil Sadiq deyib. Özəl məktəblərin ortalama illik təhsil haqlarının 6-8 min manat civarında dəyişdiyini deyən Ş.Sadiqin sözlərinə görə, 5-6 min kvadratmetrlik bir məktəb binası üçün illik icarə haqqı 500 min manatdan yuxarıdır.
“Bunun qarşılığında valideynlər bildirir ki, illik təhsil haqqının 6-7 min olması yüksəkdir”, – deyə direktor deyib.
Ş.Sadiq bildirir ki, tək uşağın illik təhsilinin maya dəyəri təqribən 6 min manata başa gəlir. Bu, hələ minimal xərcdir.
“Hələlik valideynlərdə təhsilə pul xərcləmək mədəniyyəti formalaşmayıb”, – məktəb rəhbəri deyib.
Azərbaycanda özəl təhsil sahəsində yaranan problemlərdən bəhs edən təhsil eksperti Elşən Qafarov deyir ki, qanunvericiliyə görə ölkədə dövlət, özəl təhsil müəssisələri ilə yanaşı bələdiyyə təhsil müəssisələri də olmalıdır. Lakin Azərbaycanda bələdiyyə təhsil müəssisəsləri yoxdur.
“Qardaş Türkiyədə hər bir bələdiyyənin metrosu, ictimai nəqliyyatı var. Lakin Azərbaycanda bələdiyyə institutları inkişaf etməyib. Ölkədə bələdiyyə institutlarını inkişaf etdirmək, onlara şərait yaratmaq lazımdır”, – ekspert deyib.
Özəl və dövlət təhsil müəssisələri arasındakı fərqdən danışan mütəxəssis bildirir ki, ödənişli müəssisələrdə təhsil daha yüksək səviyyədədir. Bunun səbəbi onunla bağlı deyil ki, özəl təhsil müəssisələrində çalışan müəllimlər dövlət təhsil müəssisələrində çalışanlardan daha peşəkardır.
Mütəxəssis qeyd edir ki, dövlət təhsil müəssisələrində ölkədə təhsilə görə adambaşına düşən xərc 100 manat civarındadır. Özəllərdə isə illik ödəniş təxminən 5 min manatdan başlayır. Yəni bu o deməkdir ki, özəl məktəblərdə təhsilin səviyyəsi dövlət müəssisələri ilə müqayisədə dəfələrlə yüksəkdir”.
E.Qafarovun sözlərinə gröə, dövlət özəl təhsil müəssisəslərinin işini təşviq edir, onlara güzəştli kreditlər verilir. Hazırda da özəl məktəblər vergiləri 5 faizdən başlayaraq verilir. Bununla belə o düşünür ki, istənilən halda özəl təhsil müəssisələri dövlətdən asılı olmamalıdır.
Ekspertin fikrincə, dövlət daha da yumşaldılmış və müddəti daha da uzun olan kredit siyasətini tətbiq edə bilər ki, yeni infrastrukturlar yaradılsın, təhsil müəssisəsi üçün binalar inşa edilsin: “Özəl təhsil sektorun inkişafı üçün 2-3, yaxud da elə 1 faiz olmaqla uzunmüddətli kreditlər vermək olar. Çünki bir məktəbin tikintisi ən yaxşı halda 1,5-2 milyon manata başa gəlir”.
E.Qafarov bildirir ki, özəl təhsil müəssisələri aylıq 30-40 min manatdan başlayan icarə haqqı ödəyirlər. Lakin ölkədə təhsil haqqının yuxarı olmasının tək səbəbi bu deyil.
“Ölkədə tam orta məktəb səviyyəsində oturuşmuş qiymətlər var. Elə sahibkarlar var ki, bina özünə məxsus olsa da, aylıq icarə haqqı ödəyənlərlə eyni məbləğdə illik təhsil haqqı tətbiq edir. Məsələn, SOCAR-ın məktəblərində təhsil haqqı 17-18 min manatdan başlayır. Bu məktəblər sanki öz aralarında yazılmamış qayda-qanun tərtib ediblər ki, qiymətlər bu qədər olsun”, – E.Qafarov deyib.
Azərbaycandakı özəl məktəblərdə ibtidai siniflərə görə illik təhsil haqqı 3500-16 min manat arasında dəyişir. Yuxarı siniflər üzrə isə bu məbləğ 5-16 min manat arasındadır.
Nigar İsgəndərova