Xəbər verdiyimiz kimi, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, yetkinlik yaşına çatmayanların, gənclərin hüquqlarının daha səmərəli təmin olunması istiqamətində fəaliyyət daha da gücləndiriləcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirir ki, Azərbaycan cəmiyyətində uşaqlara qarşı zorakılıq, nikaha məcburetmə, təhsildən yayınma, selektiv abort faktları mövcuddur:
“Bunlar isə əhalinin 3 faizə qədərini təşkil edir. Eyni zamanda bütün ailələrə şamil edilməsə də, hələ də bəzi ailələrdə patriarxal düşüncələr qalmaqdadır. Ona görə ki, bəzi valideynlər düşünürlər ki, onlar uşaqlarına zorakılıq edə bilərlər və buna haqları çatır. Bu məqamlarla bağlı mübarizə aparılmalıdır ki, bunlar aradan qalxsın”.
E.Səfərovun fikrincə, hazırda Azərbaycan cəmiyyətində qınaq demək olar ki, yoxdur:
“Ancaq 1980-90-cı illərdə qınaq çox idi. Valideynlərə uşaqlara qarşı zorakılığın edilməməsi barədə, onların münaqişələrdən kənar tutulması və digər məsələlər əsas yer tuturdu. Çox təəssüf ki, hazırda bu cür məsələlər yaddan çıxır. Bu gün Azərbaycanda ən böyük problemlərdən biri də selektiv abort məsələsidir. Çünki Azərbaycan qızları hələ dünyaya gəlməmiş, ana bətnində ayrı-seçkiliyə məruz qalırlar. Ölkədə daha çox qadın cinsinə məxsus ikinci və növbəti uşaqların abort etdirilməsi müşahidə olunur. Bildirim ki, Azərbaycanda selektiv abortun qarşısının alınması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondu ilə birlikdə Milli Fəaliyyət Planı layihəsi hazırlanıb. Sözügedən layihənin növbəti aylarda icraya başlaması gözlənilir”.
Qurum rəsmisi əlavə edib ki, cəmiyyətdə uşaqlara, eləcə də ümumilikdə zorakılıq hallarının baş verməməsi üçün maarifləndirmə kampaniyaları daha geniş aparılmalıdır:
“Mövcud mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var. Eyni zamanda bununla bağlı dövlət sığınacaqları yaradılmalıdır. Bu sığınacaqlarda isə məişət zorakılığı qurbanları – uşaqlar, qadınlar, ahıllar, kişilər üçün yerlər olmalıdır. Doğrudur, hazırda bir sıra qeyri-hökumət təşkilatının (QHT) sığınacaqları var, ancaq istənilən halda dövlət sığınacaqları da olmalıdır. Onlar elə qurulmalıdır ki, QHT-lər də onlara baxaraq problemlərin həlli üçün daha da çox çalışsınlar.
Bundan başqa, nümunə üçün dövlət qaynar xətti açılmalıdır və bunun sayəsində bütün qurumlara birbaşa məlumat ötürülməli, problemlər təcili olaraq həll edilməlidir”.