ehali artimi

Azərbaycanın əhali artımında azalma: səbəblər və gələcək proqnozlar

Baxış sayı: 322

Mütəxəssislər Azərbaycanın əhali artımının azalmasının bir neçə əsas səbəbi olduğunu deyirlər 

“Mən Türkiyədə əhalinin artımı üçün bir ailədə 3 uşaq deyirəm, Azərbaycanda əhalinin artımı üçün isə hər ailədə 5 uşaq deyirəm. Bunu başardıqda, Azərbaycan daha güclü olacaq. Əhali ölkənin gələcəklə bağlı paradiqmasını dəyişdirir”. Bu sözləri  Azərbaycana  ötənilki səfərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Amma statistika göstərir ki, əhali artımının sürəti  azalır.

2000-ci illərdə Azərbaycanın əhalisi təxminən 27 faiz artıb. İlk 12 ildə artım tempi kifayət qədər yüksək olub və 15 faizdən çox göstərici qeydə alınıb. Lakin sonrakı illərdə bu sürət tədricən azalmağa başlayıb. Dünya ölkələri üzrə 2014-2023-cü illəri əhatə edən bir hesabatda Azərbaycanın əhali artımı ilə bağlı maraqlı faktlar ortaya çıxıb. Hesabat göstərir ki, indiyə qədər formalaşmış “Azərbaycan əhalisinin sürətlə artdığı” fikri tam olaraq doğru deyil.

Hesabata əsasən, Azərbaycan bu dövrdə əhali artımına görə dünyada ilk 50 ölkə arasında yer almayıb və yalnız 64-cü pillədə qərarlaşıb. 2014-2023-cü illər ərzində ölkədə əhali artımı cəmi 6,85 faiz təşkil edib. Bu göstərici ilə Azərbaycan xüsusilə Afrika ölkələri ilə müqayisədə xeyli geri qalır. Afrika ölkələrində ailə planlamasının olmaması bu qitədə yüksək artım templərini izah etsə də, Avstriya, Norveç, İsveç, İrlandiya, Kanada, Yeni Zelandiya və Lüksemburq kimi inkişaf etmiş ölkələrin Azərbaycandan irəlidə yer alması maraq doğurur. Məsələn, Lüksemburqda təkcə 2023-cü ildə əhali 2,1 faiz artıb və ümumi artım göstəricisi 20 faizi keçib.

Siyahıya isə Ekvatorial Qvineya başçılıq edir. Bu ölkədə əhali artımı 52,79 faiz təşkil edib. İlk 11 pillədə isə yalnız Afrika ölkələri yer alır. Məsələn, Nigerdə əhali artımı 41,39 faiz, Konqo Demokratik Respublikasında isə 38,63 faiz olub. Bu rəqəmlər Azərbaycanla müqayisədə çox böyük fərqlər göstərir.

Proqnozlar nə deyir?

BMT-nin proqnozlarına əsasən, Azərbaycanda əhali artımı sürəti növbəti illərdə daha da azalacaq. Hazırda ölkənin əhalisi təxminən 10,2 milyon nəfərdir. Ancaq 11 milyon nəfər həddinə çatmaq yaxın gələcəkdə real görünmür. Bu yavaşlamanın səbəbləri müxtəlif amillərlə izah edilir.

Mütəxəssislər Azərbaycanın əhali artımının azalmasının bir neçə əsas səbəbini vurğulayırlar:

Ailə quranların sayının azalması: Şəhərləşmə, gənclər arasında ailə qurma yaşının artması və iqtisadi çətinliklər ailə qurma sayına təsir edir. Bu, doğum səviyyəsinin azalmasına səbəb olur.

İqtisadi və sosial faktorlar: Mənzil problemi, işsizlik, ailələrin gəlir səviyyəsinin aşağı olması, xüsusilə gənc ailələr arasında doğum qərarlarını ertələyir.

Miqrasiya: Xaricə gedən insanların sayının artması da əhali artımının zəifləməsində əhəmiyyətli rol oynayır.

Qadınların sosial rolu: Qadınların təhsil və karyera sahələrində daha çox iştirak etməsi onların ana olma yaşını gecikdirir.

Ailə planlaması: Son illərdə ailə planlaması ilə bağlı maarifləndirmənin artması doğum nisbətinə təsir edir.

Beləliklə, statistikalar göstərir ki, əhali artımı ilə bağlı real vəziyyət ictimaiyyət arasında mövcud olan fikirlərdən fərqlənir. Azərbaycanda əhalinin təbii artım tempinin azalması sosial-iqtisadi strategiyalara yenidən baxmağı tələb edir. Əhalinin artımını təmin etmək üçün gənc ailələrə dəstək proqramlarının genişləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması və iş yerlərinin yaradılması istiqamətində addımlar atılmalıdır. Əks təqdirdə, əhali artımında azalma davam edə bilər və bu, gələcəkdə sosial və iqtisadi sahələrdə ciddi problemlər yarada bilər. Bu mövzuda ictimaiyyətin maarifləndirilməsi və konkret tədbirlər planının hazırlanması zəruridir.

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı aşağıdakıları dedi: “Burada problem uşaq doğumunun azalmasındadır. Ümumiyyətlə, əhalinin sayına müxtəlif faktorlar təsir edir: ölkədən gedənlər, ölüm sayı və sairə. Amma əsas məsələ uşaq doğumunun azalmasıdır. Son on ildə ailələrdə uşaq sayında çox ciddi, təxminən 14 faiz azalma var. Biz bu azalmanı birinci sinfə qəbul olunan uşaqların sayından da görürük. Artıq biruşaqlı ailə modelinə keçmişik. Yəni əksər ailələr bir uşaqdan ibarətdir, nadir hallarda ailələrdə iki və üç uşağa rast gəlinir.

Alimentin artırılması boşanmaların sayını stimullaşdırır"- Elçin Bayramlı

Burada iki əsas səbəb var:

Sosial-iqtisadi problemlər;

Mənəvi-psixoloji problemlər.

Sosial-iqtisadi problemlər əhalinin az imkanlı təbəqələri, təxminən 80 faizi ilə bağlıdır. Uşağın dünyaya gəlməsi, onun böyüdülüb boya-başa çatdırılması üçün yetərli imkanlara sahib deyillər.  Eyni zamanda işsizlik, gəlir  azlığı, evsizlik və digər çox sayda problemlər var. Bütün bu kimi sosial-iqtisadi, maddi problemlər ailələri uşaq dünyaya gətirməkdən çəkindirir. Ya bu məsələni gecikdirir, ya da ki, bir uşaqla kifayətlənirlər.  Dünyada standart budur ki, bir millətin “yoxa çıxmaması” üçün orta hesabla uşaq sayı 2,1 olmalıdır. Yəni bir ailəyə 2 uşaq düşəndə əvəzləyici sistem işə yaramır. Çünki həyatın sonrakı dövrlərində iki valideyni əvəz edən iki uşağın müxtəlif səbəblərdən biri dünyasını dəyişə bilir. Məsələn, qəza, müharibə, xəstəlik və sairə səbəbdən. Yəni balans yaranmır. Bunun üçün normal ailə modeli 3 uşaqdır. Beləliklə, bir millətin mövcudiyyətinin davam etdirilməsi üçün ailələrdə uşaq sayı 3 olmalıdır. İndiki dövrdə isə ailələr 1-2 uşağı belə saxlaya bilmir, nəinki 3-4 və sairə.

Bu məsələni qlobal mediada “demoqrafik qış” adlandırırlar. Yəni bəşəriyyətin demoqrafik “qışı” gəlir, bəşəriyyət qocalır. Bütün ölkələrdə bu problem var. Bizdə də bu proses gedir, sadəcə, fərq burasındadır ki, digər ölkələrdə bu problemlə bağlı tədbirlər görülür, bizim ölkəmizdə isə görülmür. Başqa ölkələrdə ailələrin dəstəklənməsi proqramı, uşaqpulu məsələsi, birdəfəlik müavinətlər, ayrıca olaraq 3 və daha çox uşaqlı ailələrə yardımlar, müxtəlif sosial qayğılar və sairə var. Bizim ölkədə isə bunların heç biri tətbiq olunmur, ona görə də ailələr bir uşaqla kifayətlənirlər. Həmçinin boşanmaların artması əhali sayına ciddi təsir göstərir. Beləliklə, bu cür sosial-iqtisadi faktorlar əhali artımının azalmasına gətirib çıxarır. Dövlət bu problemlə bağlı ciddi işlər, tədbirlər görməlidir.

O ki qaldı mənəvi-psixoloji problemlərə, son dövrlər insanların bəziləri ailə dəyərlərinin üzərindən xətt çəkərək, həyatını yalnız öz şəxsi əyləncəsinə sərf etməyə, özü üçün yaşamağa çalışır, hətta 4-5 uşağa baxmağa imkanı olduğu halda, uşaq sahibi olmaq istəmir. Bu artıq konkret şəkildə mənəvi deqradasiyadır”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir