Azərbaycanda nizama salınması uzun illərdir mümkün olmayan sahələrdən biri, bəlkə də birincisi səhiyyə sistemidir. Səhiyyə Nazirliyi faktiki olaraq səhiyyə siyasətini həyata keçirən qurum kimi bu işlərin öhdəsindən gələ bilmir.
Ən acınacaqlı hal isə dərmanlarla bağlıdır. Ölkədə dərman qıtlığı, olan dərmanların da keyfiyyətsizliyi və bahalığı haqda hamı danışır, şikayətlənir. Hər kəs öz başına gələnlərdən məlumatlanaraq bildirir ki, Türkiyədə 3-5 manata olan dərmanlar Bakıda 30-50 manatdır, üstəlik də eyni keyfiyyətdə deyil. Düzdür, TƏBİB yarandıqdan, İcbari Tibbi Sığorta Agentliyi yarandıqdan sonra xəstələrin müalicəsi işində xeyli yeniliklər var. Ancaq iki istiqamət var ki, onları nizamlamaq mümkün olmayıb.
Birincisi, onkoloji xəstələrlə bağlıdır. Son illərdə onkoloji xəstəliklər hədsiz çoxalıb və bu bəlaya düçar olanlar böyük məbləğdə pul tapa bilməsələr, lazımi müalicəni ala bilmirlər.
Digər istiqamət isə insult xəstələri ilə bağlıdır. İnsult keçirmiş bir şəxsin yaxınları redaksiyamıza bildirib ki, ölkədə dövlət xəstəxanalarının heç birində İnsult Mərkəzi yoxdur. Hansı ki, insult xəstələri də son illərdə hədsiz çoxalıb. Yalnız iki özəl klinikada İnsult Mərkəzi var ki, onlarda da bir günlük müalicə, palata xərci 1000 manatı ötür.
Səhiyyə sistemində faktiki olaraq inqilabi dəyişiklərə, ciddi islahatlara və hər kəs üçün əlçatan qiymətlərin tətbiqinə ehtiyac var. Bəs bu istiqamətdə hansı addımlar atılmalıdır?
Aydın Əliyev: “Bu qədər geniş yayılmış onkoloji xəstəliyin müalicəsi niyə icbari sığorta paketinə daxil edilməsin?!”
Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dərmanlar hər bir dövlət üçün strateji məsələdir: “Amma təəssüflər olsun ki, bizdə dövlət nəzarəti yox dərəcəsindədir. Bir neçə oliqarx var ki, dərmanları ancaq onlar gətirirlər. Dərmanla bağlı ölkənin siyasəti olmalıdır. Hindistanda bir dollar olan dərman niyə bizdə 10-20 dollar olmalıdır. Monopolistlər gedib Avropadan, Hindistandan dərmanı ucuz qiymətə alırlar. Tranzit ölkədə üçüncü bir şirkət yaradıblar. Hindistandan bir dollara alınan həmin dərmanı tranzit ölkə olan Dubaya gətirib beş dollara satırlar. 10 dollara da rəsmiləşdirilir. Bundan sonra Azərbaycana idxal edirlər. Azərbaycana da idxal olunanda sənəddə göstərilir ki, baha alınıb. Görün, ağlagəlməz pul qazanmaq istəyi insanları nəyə vadar edir? Buna görə bizdə qiymətlər fantastik qiymətə gəlib çatır. Dövlət buna nəzarət etməlidir. Səhiyyə qurumları hara baxırlar bilmirəm. Dəfələrlə bu problemi qaldırırıq, amma sıfır reaksiya olur”.
Ekspert bu istiqamətdə xarici ölkələrin təcrübəsindən də danışdı: “İnkişaf etmiş ölkələrin səhiyyə siyasəti belədir ki, bütün xəstəliklərin müalicə, müayinəsi icbari tibbi sığorta paketinə daxil edilməlidir. Onkoloji xəstəliklərin müşahidə edilməsi dünya ölkələrində öndədir. Birinci yerdə ürək-damar xəstəlikləridir, ikinci, üçüncü yerdə onkoloji xəstəliklər durur. Bu qədər geniş yayılmış xəstəlik niyə icbari sığorta paketinə daxil edilməsin?! Bizim ölkəmiz iqtisadi inkişaf baxımından normal bir ölkədir. Büdcəmizdə yetəri qədər vəsait var ki, bütün xəstəliklərin müayinə və müalicəsi sığorta paketinə salınsın. Bu yaxınlarda bir jurnalist xanımın anası vəfat etdi. O jurnalist yazmışdı ki, 52 minə yaxın borcu əmələ gəlib. Aşağı maaşla dolanan jurnalist bu qədər pulu haradan alsın. Niyə sığorta bunu qarşılamamlıdır. Axı bu, ağır xəstədir. İnsan axı kefindən xəstələnmir. Xəstənin məsrəfləri qarşılanmalıdır. Ən vacib əməliyyatlar, xəstəliklər icbari tibbi sığorta paketinə daxil deyil. Bu yaxınlarda başqa müraciət var idi, dövlət xəstəxanasında yer olmayıb, özəl xəstəxanada 40 mindən çox xərci çıxıb. İnsan borca düşüb, bilmir xəstəsinin, yoxsa düşdüyü borcun dərdini çəksin. Sığorta istər onkoloji, istərsə də nevroloji olsun, yəni bütün xəstəliklərə bu şamil olunmalıdır. Bu qədər vəsait ayrılır, hər bir işləyən vətəndaşın aylıq məvacibindən iki faiz tibbi sığortaya pul tutulur. Müəssisələrin də büdcəsindən pul tutulur. Dövlət büdcəsindən də vəsait ayrılır. Bu qədər vəsait hara xərclənir? Burada şəffaflıq yoxdur. Mən görməmişəm ki, İcbari Tibbi Sığorta çıxsın, şəffaf bir hesabat versin, xalqın qarşısında, Milli Məclisdə. Bu qədər vəsait daxil olub, bu qədər xərcləmişik. 10 minlik avadanlığı 100 minə alıblar?! Götürüb istənilən rəqəmi yazmağı mən hələ demirəm. Bu sahədə çox ciddi problemlər var. İnsanlar hər gün yazırlar. Problem insanları narahat edir ki, bunu deyirlər”.
Aqil Abbas: “Dərman monopolistlərinə qarşı hökumət nəzarəti gücləndirilməlidir”
Millət vəkili Aqil Abbas da mövzu ilə bağlı dedi ki, onkoloji və digər ağır xəstəliklərin icbari tibbi sığorta paketinə salınması ilə bağlı məsələ gündəmdədir: “Çünki parlamentdə bununla bağlı müzakirələr aparılıb. Qarşıda yaz sessiyası gəlir, bununla bağlı müzakirələr olacaq. İnsanların imkanları yoxdur ki, tibbi ehtiyaclarını ödəsinlər. Həmin xəstəliklərin müalicəsi sığorta paketinə salınmalıdır”.
Deputat deyib ki, dərman monopolistlərinə qarşı hökumət nəzarəti gücləndirilməlidir: “İntəhası, onlar böyük mafiyadırlar. Prokurorluq, DTX, Daxili İşlər Nazirliyi və buna nəzarət edən təşkilatlar bununla məşğul olmalıdır. Necə olur ki, 5 manatlıq dərmanı 50 manata satırlar. Onlar maraqlanmalıdır. Hökumətin dərman mafiyasına gücü çatmır, deputat neyləsin?! Bu məsələni dövlət nəzarətə götürməlidir”.
Afaq MİRAYİQ