“Gencaile.az” “Publika.az”-a istinadən Azərbaycan Fotoqraflar Birliyinin üzvü, dövlət qulluqçusu, sənəddə adı Arif Ələkbər olan, ancaq hər kəsin sosial şəbəkələrdən Əli Əkbər kimi tanıdığı məşhur səyahətçi-fotoqrafın müsahibəsini təqdim edir:
– Əvvəlcə bu sahəyə olan marağınızdan danışın. Necə oldu fotoqrafiyaya maraq göstərdiniz?
– Bir qədər şablon səslənsə də, hələ məktəb yaşlarından yaranıb. O vaxtlar yeni il gecəsi televiziyada Avropa ulduzlarının çıxışları olurdu. Həm musiqiyə, həm də fotoqrafiyaya olan marağımın sintezindən həvəslənərək, elə televizor ekranından o şoulardan kadrları çəkirdim. Təbii ki, o vaxt hələ rəqəmsal fotoaparatlar yox idi. Keyfiyyətləri çox aşağı olsa da, həmin fotoları hazır edib, qürurla şagird yoldaşlarıma göstərirdim. Elə o zamanlardan bu günə fotoqrafiya mənim üçün sevdiyim, həzz aldığım, ruhən dincəldiyim sahəyə çevrilib.
– Niyə Afrika? Xüsusi səbəbi varmı?
– Səfərlərim təkcə Afrika ölkələrinə olmayıb. Ancaq Afrikadan kənar istənilən başqa ölkəyə gedib qayıtdıqdan sonra həmişə “kaş bu ölkənin əvəzinə yenə hansısa Afrika ölkəsinə gedərdim” deyə, düşünmüşəm. Sözsüz ki, buna səbəb ilk növbədə Afrikanın zəngin faunasıdır. Sözün əsl mənasında, özünü canlı və vəhşi təbiətin qonağı kimi hiss edirsən. Bunu izah etmək yaşamaqla eyni effekti vermir. Bundan başqa da bir sıra səbəblər var. Məsələn, Afrika məişəti, oradakı insanların yaşam tərzi, müxtəlifliyi… Özünüz düşünün, dünyanın digər ölkələrində belə çalarlarla, fərqliliklə rastlaşmaq mümkün deyil.
Yadıma gəlir, hələ uşaq vaxtlarımda Afrika faunası ilə bağlı sənədli filmlərə çox baxırdım. O vaxtdan maraqlı idi mənim üçün. Elə o vaxtdan da beynimdə “Serengeti” sözü həkk olmuşdu. Serengeti Tanzaniyanın ən böyük, ümumilikdə, Afrikanın ən məşhur qoruğudur. Tanzaniyaya işlə əlaqədar uzun müddətə ezam olunmuş dostumun dəvətini alanda hədsiz sevindim və elə ilk səfərim də buradan başladı. Elə onun sayəsində anladım ki, həqiqətən Afrikanı çox sevirəm. Nəticədə belə-belə Afrikaya səfərlərim davamlı oldu.
– Orada çəkib paylaşdığınız fotolar çox möhtəşəmdir. Kadrları çəkə bilmək üçün nə qədər vaxt sərf edirsiz?
– İnanın ki, hamısı anidən çəkilən fotolardır. Safari zamanı, bir neçə qoruğu çıxmaq şərti ilə bütün hərəkət yalnız avtomobil vasitəsilə həyata keçirilirdi. Təhlükəsizlik baxımından ərazilərdə əlavə şərait yaratmaq mümkün olmadığı üçün, əksər hallarda bir yerdə uzun müddət dayanmaq imkanımız da olmurdu. Buna baxmayaraq, maşından düşməmək şərtilə bir neçə dəqiqəlik istədiyimiz yerdə avtomobili saxlatdıra bilirdik.
– Bəs ilk “silah”ınızın markası nə idi?
– Məktəb vaxtlarında istifadə etdiyim ağ-qara şəkillər çəkən “Svema” fotoaparatını saymasaq, ilk rəqəmsal fotoaparatım 30 USD aldığım SONY olub.
– Afrikanın əhalisinin yaşam tərzi necədir?
– Ümumiyyətlə, çox vaxt Afrika haqqında danışanda insanlar sanki bir ölkəni nəzərdə tuturlar. Halbuki, Afrikada bir-birindən fərqli 50-dən çox ölkə var. Onların hər biri haqqında eyni sözləri söyləmək düzgün olmaz. Məsələn, Cənubi Afrika Respublikası və Namibiya haqqında deyilənləri Sudana, Anqolaya şamil etmək olmaz. Həmçinin, insanların yaşam tərzi də ölkələrdən asılı olaraq, dəyişir. Bənzər olanlar da var, son dərəcə fərqli olanlar da. Məsələn, ölkələr arasında Uqanda nisbətən kasıb ölkə sayılır. Lakin buna baxmayaraq, əhalisi çox xoşbəxt görünür. Afrikanın qərbində yerləşən ölkələrlə, şərqində yerləşən ölkələr arasında fərqli məqamlar var. Qərbdə yerləşən ölkələrdə (məsələn, Anqolada) insanlar daha soyuqqanlıdır. Şərqdə isə tam əksinə.
– Sizə olan münasibətdən danışa bilərsiz? Onlar ünsiyyətcildirmi?
– Düzünü desəm, yerli əhali ilə bağlı heç vaxt xoşagəlməz hadisələr yaşamamışam. İnsanlarda çox qəribə bir stereotip formalaşıb. Hamı elə düşünür ki, kimsə Afrikaya gedibsə, o, mütləq kiminsə hücumuna məruz qalmalıdır. Məsələn, hər hansı vəhşi heyvanla bağlı stres keçirməlisən deyə, bir qanun yoxdur. Çünki, həqiqətən mənim səyahətlərimin məqsədi getdiyim yerlədə gördüyüm bütün gözəllikləri çəkib, paylaşmaqdır. Əsas da öz yaddaşıma həkk etmək. Buna görə də bilə-bilə hər hansı neqativ nəticələrin ola biləcəyi vəziyyətlərdən uzaq olmuşam. Belə şeylər planlarımda olmayıb. Çünki, Afrika bunsuz da öz gözəlliklərini insana peşkəş edir.
– Bəzən elə ərazilər olur ki, orada 20-30 kral olur. Qəbilə kralı. Onlar insanları necə idarə edirlər?
– Hər qəbilənin özünün bir başçısı olur. Məsələn, Massailər qəbiləsi. Bu qəbilənin 100-ə yaxın üzvü ola bilər. Hamısı bir yerdə, ailə şəklində yaşayır. Massai qəbiləsində əsas yük qadınların üzərinə düşür. Hətta qəbilənin köçü zamanı evin əşyalarının daşınması, eləcə də digər ən ağır işləri məhz qadınlar icra edir. Onlara görə ağır işlər qadınların hesab olunur.
– Bu qəbilələrlə bağlı heç yerdə eşitmədiyimiz başqa maraqlı faktları bölüşə bilərsinizmi bizimlə?
– Eşitməmiş olmazsız, amma yenə də bir neçə deyilməsi mümkün olan qeyri-adi adətlərini deyə bilərəm (Gülürük). Məsələn, Massai qəbiləsində toy bir başqa cür olur. Bizim toylara qətiyyən bənzəmir. Bizim üçün çox əcaib gələ biləcək qayda-qanunları var. Onlardan ən abırlısını deyim, məsələn, toyda cavanlara verilmiş bəxşişlərin hamısı mütləq təzə bəyin anasına çatmalıdır. Yeri gəlmişkən, onu da deyim ki, bizim xanımların toydan sonra ayrı evdə yaşamaq şansları olur. Massai qadınlarında isə belə şans olmur. Çünki, bəyin ansı ömrünün axırına qədər həmin cütlüklə bir yerdə yaşayıb, ailənin xəzinədarı rolunu oynayır.
Keniya və Tanzaniyada yaşayan massai qəbilələri təbiət qüvvələrinə sitayiş edirlər. Qəbilə üzvlərindən dünyasını dəyişən insanlar vəhşi heyvanların qidalanması üçün istifadə olunur. Onlar öldükdən sonra nəşlərini birbaşa savannaya qoyurlar. Burada yalnız uşaqlar adətdən kənar qalır. Onlar hər birimizin bildiyi kimi adi qaydada dəfn olunurlar.
– Bütün yük qadınların üzərinə düşür. Amma fotolarda çox gözəl görünürlər. Özlərinə necə qulluq edirlər?
– Əslinə qalsa, Massai tayfasının qadınlarından danışırıqsa, onu deyim ki, burada bütün qadınların saç düzümü səliqəsizdir. Əzəldən, necə deyərlər, dədə-babadan belə qəbul olunub. Eyni zamanda, onlar əks cinsin nümayəndəsinə simpatiya duyduqları zaman bunu ona ağlınıza belə gəlməyəcək tərzdə bildirirlər. Onların alt damağında iki orta dişlərinin yeri boş olur. Məsələn, Avropada qadınlar simpatiya hissi duyduqları kişilərə bunu gülümsəyərək bəlli edirlər. Massai qəbiləsinin qadınları isə bəyəndikləri kişilərə bunu bəlli etmək üçün alt damaqlarında iki orta dişin boşluğundan onların ayaqqabılarına tüpürürlər.
Bundan başqa, bu qəbilənin qızları ərə gedəndə ataların onlara münasibəti çox maraqlıdır. Təsəvvür edin, qayğıkeş ata qızının başına və sinəsinə tüpürməklə ona və qurduğu yeni ailəyə xeyir-duasını verir. Hesab edilir ki, bundan sonra cavan ailənin xoşbəxtliyi və uğuru bol olacaq.
– Heç olubmu təsadüfi çəkilən fotoya daha sonra baxdığınız zaman maraqlı məqam aşkarlana?
– Çox olub. Elə Tarangiridə çəkdiyim ən çox bəyəndiyim fotodakı bəzi maraqlı məqamları məsələn, zebraların düzülüşünü səfərdən qayıtdıqdan sonra aşkar etmişəm.
– Dünyanın ən məşhur jurnallarından olan “National Geographic” səhifəsində sizin çəkdiyiniz foto da yer alır. Necə hissdir?
– Əlbəttə ki, çox qürurverici. Ümumiyyətlə, hər bir kəs müəllifi olduğu fotolara kənardan müsbət reaksiya alanda onun üçün çox xoş olur. Eləcə də mənim üçün çox xoş oldu ki, fotom “National Geographic” tərəfindən seçildi. Bu insanda özünə inamı artır, ruhlandırır. Anlayırsan ki, çəkdiyin fotolar insanlara nəsə deyə bilir.
– Bir çox xəstəliklərin yayıldığı ərazilər arasında Afrika da var. Ora gedənlər hansı vaksinləri vurdurmalıdır?
grandhayat.az
– Bu baxımdan hər bir ölkənin tələbləri fərqli olur. Məsələn, Həbəşistana gedərkən difteriya, tetanus, hepatit A, qarın yatalağı, meningit, malyariyaya qarşı peyvənd tələb olunursa, onun qonşuluğunda yerləşən Tanzaniya üçün yalnız sarı qızdırmaya qarşı peyvəndlə kifayətlənmək olar. Əksər ölkələrə giriş zamanı bu peyvəndlərlə bağlı sertifikatı tələb edirlər.
– Ərazilərdə zəruri dərmanlar varmı?
– Var. Amma orada qiymətlər bir o qədər də ucuz olmadığı üçün səyahətə çıxma ərəfəsində elə lazım ola biləcək dərmanları Bakıda hazır edib özümlə aparıram.
– Afrikada ailə qurmaq üçün hansı qaydalar var?
– Bu hər ölkə üçün müxtəlifdir. Sözün düzü onlarla elə da yaxşı tanış deyiləm. Amma ailə qurmaq şansı çox böyükdür. Belə ki, Avropa və digər yerlərdən gələn turistlər hər zaman potensial ər və ya arvad kimi dəyərləndirilir. Bu, əsasən, dünyaya çıxış, yeni və daha yaxşı həyata vəsiqə kimi qiymətləndirilir.
– Getdiyiniz ərazilərə, sizin kollektivinizə qoşulmaq sərbəstdir, yoxsa?
– Adətən hər səfər öncəsi sosial şəbəkədə hesabımdan məlumat paylaşıram. Bir neçə dəfə qoşulanlar olub. Bir çoxları isə həvəslənib öz dostları ilə Afrikaya səfər ediblər.
– İlk səfərinizdə Tanzaniyanın Nqoronqoro Milli Parkında təsadüfən ov səhnəsinin şahidi olmuşduz. Kifayət qədər yaxın məsafədəydiz. Nə hisslər keçirdiniz?
– Bircə onu deyə bilərəm ki, o gün həqiqətən bəxtimiz gətirdi. Çünki o cür ov səhnəsinin şahidi olmaq üçün bəzən günlərlə kamera qarşısında gözləyənlər olur. Biz isə düz ovun “üstünə çıxdıq”. Əlbəttə ki, çox maraqlı və həyəcanlı idi, ən azından ona görə ki, ilk dəfə idi belə bir səhnənin canlı şahidi olurduq. Təsəvvür edin, bizə bələdçilik edən şəxs 6 ildir bu işin içərisindədir. O belə birinci dəfə belə yaxın məsafədən ov səhnəsini izləyirdi. Səhifələr periodik o videonu paylaşır və həmişə də bəzi izləyicilər eyni şeyi deyir “xaricilər çəkib, bizimkilər üstünə səslərini yazıblar”, “kameranı niyə əsdirirdiz?”, “niyə imkan verdiz aslanlar zebranı yesin?”… Bu şərhləri oxuyuram və düşünürəm ki, qeyri-professional kamerayla bizim kimi turist tərəfindən çəkilən videodan doğurdan da “National Geographic” keyfiyyəti tələb edirlər (Gülür). Aslana necə mane olaq? Bu bilirsiz nəyə bənzəyir? Adicə məhlədəki qəssablara mane olmaq olurmu? Ağlımıza belə gətirmərik. Aslanlar da elə. Onlar özləri özlərinin qəssablarıdır.
– Əminəm ki, müxtəlif yeməklərin dadına baxmısız. Dadından doya bilmədiyiniz təamlar olubmu?
– Hədik (Gülür). İnanın ki, yeməklə aram düşündüyünüz qədər mükəmməl deyil. Deyərdim ki, səfər zamanı ən son yadıma düşən şey elə yeməkdir. Ümumiyyətlə, yemək sarıdan bir qədər problemli insanam. Bunu məni tanıyan hər kəs təsdiqləyər. Məsələn, çoxlarının bəh-bəhlə yedikləri yeməkləri mən yeyə bilmirəm. Daha dəqiq desək, meylim çəkmir. Ona görə də dost-tanışla bir süfrə başına yığışanda hər kəs mənə təəccüblə baxır. Səmimi deyirəm, dadından doya bilmədiyim elə bizim hədikdir.
– Yaradıcılığınızı yaxından izləyirəm. Hiss olunur ki, uşaqlarla çalışmağı, onların üzündə gülüş oyatmağı çox sevirsiz.
– Çöhrələrində gülüşü yaradan elə onların özləridir. Səhifəmdə uşaqların siması olan fotolar çoxluq təşkil edir. Səbəb isə onların olduqca təbii olmasıdır. Uşaqlar kamera qarşısında heç hazırlıqlı dayanmırlar. Necə var elə, olduqları kimidirlər. Düzdü, kameranı uzaqdan görüb qaçanları da olur, gəlib onun qarşısında poz verənlər də. Amma əksər hallarda təbii kadrlar alınır.
– Səyyahların əksəriyyəti Afrikaya vurğundur. Bəs fürsətiniz olsa belə getməyəcəyiniz yerlər varmı?
– Mənim Qərbi, Şərqi və Mərkəzi Avropa ölkələrinə qəti marağım yoxdur. Ümumiyyətlə, böyük meqapolislərə, iri şəhərlərə səfər etmək həvəsim olmayıb. Qarşımda Paris, London, Nyu-York və Vindhuka (Namibiya) getmək şansım olsa, təbii ki, sonuncu variant seçərəm.
– Səyahət etdiyiniz yerlər arasında sevdiyiniz və sevmədiyiniz hansılardı? Və nə üçün?
– Sevdiyim – birmənalı Tanzaniya, daha sonra Kosta-Rika, İsrail, Uqanda, Hindistan, Yaponiya. “Sevmədim” demək bir az düzgün olmaz, hər yerin özünə xas özəlliyi var. Amma kasad təəssüratla qayıtdığım ölkələr sırasında Macarıstan, BƏƏ və Finlandiyanın adını çəkə bilərəm. Ümumiyyətlə, mənim üçün uğurlu səfər dedikdə, ilk növbədə, ürəyimcə olan bol fotolar çəkdiyim an deməkdir.
– Bir az şəxsi həyatınızdan danışa bilərsizmi? Uzun müddət evinizdən kənarda olursuz. Sizin üçün bunun avantajları və dezavantajları…
– Əslində, elə də uzun müddət ölkədən kənarda olmuram. Sadəcə, səyahət zamanı çəkdiyim fotoların sayı çox olur və əlbəttə ki, onları birnəfəsə paylaşmaq mümkün deyil. Periodik paylaşıram deyə, bəlkə də elə təəssürat oyanır ki, ilboyu səyahətdəyəm. Səyahət, fotoqrafiya – bunlar mənim hobbilərimdir.
Qəribə də olsa, səfər ərəfəsində ən böyük dezavantajım – ölkəni müvəqqəti də olsa tərk etməyimlə bağlıdır. Dost-tanışlarım yaxşı bilir: səfərimin vaxtı bəlli olub, biletim hazır olan gündən depressiyaya düşürəm. Həqiqi və sağalmaz bir ruh düşkünlüyü yaşayıram. İştaham da küsür, xırda bir şey də qıcıqlandırır… Səbəb də – Azərbaycanı müvəqqəti də olsa, tərk edəcəyimlə bağlıdır. Bəlkə pafoslu səslənə bilər, amma bu, həqiqətdir. Həmin anlarda şəhərdə hər şeyə həsrətlə baxıram: fənər dirəyinə, məhlədəki mağazaya, ətrafımdakı tanımadıqlarım insanlardan tutmuş, doğmalarıma, evdəki çarpayıma, siqaret çəkdiyim eyvanımızadək… “Hamı burda olacaq, mən isə yox” fikirləşib üzülürəm. Buna görə hətta yaxın dostlarımdan da bəziləri “gəzməyə gedirsən də, get keyf elə” deyib, təəccüblənirlər. Azərbaycanda ola-ola TV-də Azərbaycanla bağlı reklam çarxını görəndə belə qəhərlənirəm. Həqiqətən. Ölkəmi çox sevirəm, laaap çox!!!
– Gələcək planlarınızda nələr var?
– Səyahət baxımından, qismət olsa, mütləq Tibetə, Qrenlandiya və Madaqaskar adalarına və Namibiyaya baş çəkmək.
– Fotolarınızdan ibarət sərgi keçirməyi planlaşdırırsızmı?
– Zaman-zaman belə bir istək keçir ürəyimdən. Nə vaxtsa təşkil olunar, düşünürəm.
– Bu gün Azərbaycanda fotoqraf olmaq istəyən yüzlərlə gənc var. Tövsiyyələrinizi əsirgəməyin.
– Fotoqraf olmaq istəyi bir az qəribə gəlir mənə, çünki insan fotoqraf olarkən özü də anlayır ki, o, artıq fotoqrafdır. Texnikaya yiyələnmək olar, əlbəttə. Amma kadrı hiss edib, həkk etmək, məncə, içdən gələn şeydir.
– Səmimi söhbətiniz üçün təşəkkür edirəm
– Buyurun, xoş oldu.