facebook

Azərbaycanlı nazir və deputatların “Facebook” paylaşımları: kim nədən yazır?

Baxış sayı: 1. 507
Dünyanın bir çox ölkələrində ən məşhur siyasətçilər belə, mütləq şəkildə sosial şəbəkələrdən istifadə edir. Xarici siyasətçilər daha çox “Tvitter”dən istifadə etsə də, ölkəmizdə daha populyar olanı “Facebook” sosial şəbəkəsidir. Bu gün “Facebook” həm iqtidar, həm də müxalifət düşərgəsinin tribunasına çevrilib. 
Maraqlıdır ki, azərbaycanlı siyasətçilərdən nazir və digər yüksək rütbəli rəsmilərlə müqayisədə deputatlar daha çox sosial şəbəkədə aktivlik nümayiş edirlər. Yüksək vəzifəli rəsmilərə gəldikdə bəzi iddialara görə, əslində bütün nazir və rəsmilərin sosial şəbəkədə şəxsi profilləri var, amma saxta adlarla… Bununla da onlar gündəmi izləyir, olub, baş verənlərlə yaxından tanış olurlar.
Lakin bununla yanaşı, “Facebook”da rəsmilərin adından açılmış saxta profillərlə tez-tez rastlaşırıq. Məsələn, bir neçə il bundan əvvəl Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun adından saxta profil açıldığı məlum olmuşdu. Məsələyə dərhal münasibət bildirən Əli Həsənovun sözlərinə görə, saxta profilində onun adından müxtəlif məzmunlu, təxribat xarakterli şərhlər və statuslar yazılırmış. Əli Həsənov həmin açıqlamasında onu da vurğulamışdı ki, onun özünün “Facebook”da hesabı var, istifadəçi adı “Ali Hasanov”dur.
Qeyd edək ki, hazırda həmin səhifənin16 min izləyicisi var. Son olaraq səhifədə Əli Həsənov haqqında mətbuatda dərc olunan yazılar paylaşılıb.
Maraqlıdır, bəs digər yüksək vəzifəli rəsmilər “Facebook”da hansı paylaşımları edirlər?
Qeyd etdiyimiz kimi, nazirlərin hamısının da olmasa, bəzilərinin “Facebook” səhifələri var. Ancaq bu səhifələrin şəxsən onların özləri tərəfindən idarə olunduğu dəqiq məlum deyil.
“Facebook” səhifəsi olan nazirlərdən biri fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Onun şəxsi profili olmasa da, adına bir neçə səhifə var. Son aktiv olan səhifələrindən birinin 16 min izləyicisi var. Səhifədə sonuncu paylaşım mərhum prezident Heydər Əliyev ilə bağlıdır. Mərhum prezidentin fotosu paylaşılaraq, “Allah ulu öndərimizə rəhmət eləsin” şərhi yazılıb. Paylaşım 900 nəfərdən çox izləyici tərəfindən bəyənilib, 52-dən çox rəy yazılıb, 65 paylaşım edilib.
Təhsil naziri Mikayıl Cabbarovun da “Facebook” profili olmasa da, adına səhifəsi var. Ənənəvi olaraq səhifədə nazirin gördüyü işlər barəsində mətbuatda dərc olunan yazılar paylaşılır.
Digər rəsmilərdən Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin isə “Facebook” profili yoxdur. Halbuki, bundan əvvəl Penitensiar Xidmətinin rəisi vəzifəsində işləyəndə Mədət Quliyev sosial şəbəkədə aktiv idi və səhifəsini özü idarə edirdi. Vəzifəsi yüksəldikdən sonra o, “Facebook”dan çıxmaq qərarına gəlib. Lakin qeyd etdiyimiz kimi, şayiələrə görə, bu cür rəsmilərin əslində aktiv olduğu profilləri var, amma başqa adlar altında…
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə həmkarlarından fərqli olaraq, sosial şəbəkədə xeyli aktivdir, ona ünvanlanan şərh və mesajlara reaksiya verir. Məsələn, buna sübut kimi onun sonuncu paylaşımını göstərmək olar.
Bu günlərdə doğum gününü qeyd edən komitə sədri  sosial şəbəkədə onu təbrik edən izləyicilərinə təşəkkür ünvanlayıb: ”Ad günüm ilə bağlı mənə təbrik yazan dostlara səmimi minnətdarlığımı bildirirəm. Sağ olun!”
Onun bu şərhi 500-dən çox izləyici tərəfindən bəyənilib, çoxsaylı şərhlər yazılıb.
Bundan əvvəl qeyd etdiyimiz kimi, yüksək vəzifəli rəsmilər ilə müqayisədə deputatlar sosial şəbəkədə xeyli aktivlik nümayiş etdirirlər. Onların arasında deputat Fazil Mustafanı xüsusi ilə qeyd etmək olar. 2012-ci il fevralın 12-dən “Facebook” istifadəçisi olan deputat gündəlik olaraq öz səhifəsində bir çox aktual məsələlərə münasibət bildirir, mətbuatda açıqlamları dərc olunan yazıları paylaşır. Sonuncu paylaşımlarından biri isə yanvarın 10-da onun iştirakı ilə İTV-də yayımlanan verilişin anonsu barədə məlumat yazıb.
Hazırda Praqada səfərdə olan deputat Adil Əliyev də digər həmkarları kimi sosial şəbəkədə çox aktivdir. Son paylaşımında isə barəsində yayılan dedi-qodulara münasibət bildirib.
Deputat prezidentin siyasi kursunu dəstəklədiyini vurğulayaraq, ona qarşı aparılan kampaniya ilə bağlı sərt reaksiya verib: “Gedin tayınızı tapın, mən siz deyən adam deyiləm. Dostlarımdan da xahiş edirəm ki, ünvanı bilinməyən, soyu-kökü, milləti bilinməyən saxta profil sahiblərinə baş qoşmasınlar. Allaha əmanət olun”.
Daha sonra deputat üç il əvvəl paylaşdığı gənclik şəkillərini yenidən paylaşıb.
Deputat Çingiz Qənizadə də həmkarlarına qoşularaq, bu günlərdə “Facebook” istifadəçisi olmuşdu. Lakin üstündən bir neçə gün keçməmiş deputat sosial şəbəkədən getdiyini bəyan etdi. Səbəbinə gəldikdə isə, deputatın sözlərinə görə, “Facebook” onun vaxtını aldığından bu cür qərara gəlib.
Xalidə Gəray



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir