yoqa

Azərbaycanlı yoqdan İNANILMAZ İDDİALAR: “Ölkəmizə yüz minlərlə vergili insan gələcək” – MÜSAHİBƏ

Baxış sayı: 1. 907

Deyirlər, yoqa varlığımızı üzən hər şeydə bir işıq zərrəsi tapmaq incəsənətidir. Odur ki, bəzən bu fikri bizə xatırladan insanlanlarla görüşməkdə fayda var. Müsahibim Azərbaycanda ilk yoqa məktəbinin əsasını qoyan Sabina Şahidir. Məşhur yoq söhbətimiz zamanı qucağıma verdiyi körpəsinin timsalında həm də müsbət enerji seli, hələ uzun müddət məni müşaiyət edəcək xoş aura ötürdü.

 

– Sabina xanım, neçə övladınız var?

– İki oğlum, bir qızım var.

– Övladlarınızın tərbiyəsində yoqanın önəmi varmı?

– Bilirsiniz, mən uşaq olanda eyni anda müxtəlif dərnəklərə gedirdim. Öz istəyimlə deyil, valideynlərim belə lazım bildiklərinə görə. Onlar məni hər sahədə püxtələşmiş ideal insan kimi yetişdirmək istəyirdilər. Nəticədə yenə öz istədiyim peşəni seçdim. Odur ki, övladlarıma azad seçim hüququ vermişəm. Düşünürəm ki, biz onları yox, onların bizi öyrətdiyi dövrdə yaşayırıq. Nə qədər sərbəstlik versək, o qədər də məhsuldar olacaqlar.

– Yoqa sizi necə seçdi?

– Uşaqlıqdan rəsmlə məşğul olmuşam, fortepiano dərsləri də almışam. Ancaq musiqiyə məhəbbətim yaranmadan sönüb. İqtisadiyyat Universitetini bitirdim. Neft şirkətlərinin birində işə düzəldim. İşim olduqca monoton, ciddi və ancaq sənədlərdən ibarət idi. Beynimdə sadəcə bir fikir fırlanırdı. Necə edim ki, daha maraqlı və yaradıcı biznes qurum? Rəsm və musiqi təcrübəm artıq uğursuzluğa düçar olduğuna görə yeni sahə axtarışında idim. Sonra ailə qurdum. Tam evdar qadın olmadığımdan uşaq dünyaya gətirib, yemək bişirməklə kifayətlənmək istəmirdim. Həm də düşünürdüm ki, yeni peşəni mənimsəmək üçün mütləq təhsil almalıyam. Özü də həmişə indiki kimi köklüyə meyilli olmuşam. Artıq çəkimlə mübarizədən, dietalardan bezmişdim. Həyat yoldaşım məni idman salonlarından birinə yazdırdı. Ürəyimdə anadangəlmə problem olduğuna görə çox hərəkət də edə bilmirdim. Beləcə, yoqanın üzərində dayandım. O vaxtdan 10 il keçib, artıq yoqa məktəbinə rəhbərlik edirəm.

– Bəs kim sevdirdi sizə yoqanı?

– Hələ ilk hamiləliyimdən yoqa ilə məşğul oluram. Həmid adlı bir müəllimim vardı. Amerikada yoqadan dərs vermişdi. Bu insanın dünyagörüşü, fikirləri tamam fərqli idi. Elə bilirdim qarşımdakı azərbaycanlı yox, amerikalıdır. Hətta bizimlə ingiliscə danışırdı. Bir gün Həmid mənə dedi ki, sənin yoqaya olan ehtirasını, həvəsini görürəm. Gəl, səni öyrədim, müəllim kimi işlə. Mənimsə səhnə fobiyam var. Yavaş-yavaş çərçivələrimi sındırıb, daxili balansımı bərpa etdim. Amma heç kimin yanında çalışmaq istəmirdim. Hətta əvvələr müdirlərimin haqsızlığı ucbatından, öz doğrularımı müdafiə etdiyim üçün digər işlərimdən ayrılmaq məcburiyyətində qalmışdım. Ona görə də öz işimi qurmaq istəyirdim. Öncə tələbələrimi evdə qəbul etməyə başladım. Uşaqlarımı dayənin evinə yollayıb, yoqa dərsləri verirdim. Günbəgün daha çox insan mənə müracət edirdi, nəhayət məktəb qurmağa zərurət yarandı.

– Yəqin ki, həyat yoldaşınız sizi dəstəkləyirdi.

– Təbii ki, o hər zaman mənim yanımdadır. Həm maddi, həm də mənəvi dəstək verməyə hazırdır. Çünki hər bir kişi evində əsəbi, günbəgün solan deyil, xoşbəxt qadın görmək istəyir. Özü də mən depressiyaya düşdümsə, mütləq dibinə baş vurmalıyam. Bu isə ilk növbədə ailəmin simasında öz əksini tapırdı.

– Elə həyat yoldaşınızdan danışdıq, soyadınıza da aydınlıq gətirin, lütfən…

– Əslində Şahi bütün dünyada hind soyadı kimi tanınır. Biz araşdırdıq, məlum oldu ki, həqiqətən yoldaşımın əcdadları Hindistandan olublar. Çoxu İran ərazisində məskunlaşıblar. İndi qohumları İranda yaşayırlar. Çoxunun soyadı Şahəndar kimi də səslənir.

– Sizə ilk yoqa məktəbinin yaradıcısı deyə bilərik?

– Əslində ölkəmizdə bir çox fitness mərkəzlər var ki, həmin məkanlarda yoqa məşqləri keçirilir. Amma təsəvvür edin ki, güclü aerobika məşqindən yorğun çıxıb, yoqa otağına girirsiniz. Gözlədiyiniz faydanı almayacaqsınız. Fitness mərkəzi sizə yoqa haqda anlayış verir, amma irəliləmək imkanı qazandırmır. Bu iş isə daha məsuliyyətlidir, birbaşa müəllimlə əlaqəlidir. Bütün bunları nəzərə alıb, oz komandamı yaratdım. Müxtəlif yaşlı, təcrübəli, üslublu müəllimlərimiz var. Uşaqlar üçün də yoqa sinfimiz var. Hətta mən özüm sırf qadınlar üçün nəzərdə tutduğum qrupumda “Kundalini” yoqa tədris edirəm. Bu birbaşa astrologiya ilə bağlıdır.

– Ümumiyyətlə, astrologiyanın yoqa ilə əlaqəsi varmı?

– Astrologiya nəinki yoqa, bütün həyatımızla əlaqəlidir. Baxın, Astrologiya, Ayurveda və Yoqa, sanki 3 bacıdırlar. Yoqa cisimlərimizi birləşdirir, ayurveda hər bir vücudun ayrı-ayrılıqda xarakrteristikasını, astrologiya isə planetləri öyrənir. Bunları yalnız birləşdirəndə bütöv bir elm olur.

– Yoqa bizə nə verir?

– Yoqanı seçəndən sonra əhvalınız yerində deyilsə və ya sağlamlığınızla bağlı probleminiz varsa, hansı hərəkətləri yerinə yetirib, daxili harmoniyaya çatacağınızı bilirsiniz. Bir yandan da dəri gəncləşir və ideal çəkinizə qovuşursunuz. Axı eyni zamanda hormonlarınız da normaya düşür. Düzgün qidalanmağa başlayırsınız. Çünki bədəninizin səsini daha aydın eşitməyə başlayırsınız. Yoqa insanın özünə məhəbbətini artırır. Artıq tərəvəzə, meyvəyə meyl edirsiniz. Ət yeyəndə ağırlaşdığınızın şahidi olursunuz. Bütün bu gözəllikləri sizə yoqa verir. Hər şeydən öncə özünüzü sevirsiniz. Məsələn, mən daimi dietada olanda özümə, vücuduma nifrət edirdim. Həyatın gözəlliklərindən zövq almaq əvəzinə, artıq piylərimi düşünürdüm. Başqalarını bilmirəm, amma mən belə həyatdan bezmişdim. Ancaq vaxtında anlamaq lazımdır ki, bu əsəb gərginliyi ya mədə xəstəliklərinə, ya yuxusuzluğa, ya da daha ciddi problemələ gətirib, çıxardacaq.

– Bütün bu gərginliklərin səbəbi nədir sizcə?

– Era dəyişir. Balıqlar erasını dolça dövrü əvəzləyir. Əgər balıqların zamanında hər şeyi təmir etmək, sıralamaq, kastalara, siniflərə bölmək aktual idisə , dolça erasında bütün bu çərçivələr qırılacaq, möcüzəvi dünya yaranacaq. Vahid dövlət, valyuta yaradılacaq.

– Siz belə düşünürsünüz?

– Nəinki düşünürəm, hesab edirəm. Yoqlar adi insanlardan bir azca çox bilirlər. Çünki biz bilikləri meditasiyalardan alırıq. Ali mənimiz, sonsuz potensialımız bütün suallarımıza cavab verir. Axı əslində zaman anlayışı yoxdur. Biz eyni anda həm keçmişdə, həm bugündə, həm də gələcəkdə yaşayırıq. Sadəcə meditasiya zamanı öz informasiya mənbəyimizdən məlumat əldə edirik. Bəzən meditasiya vaxtı oxumadığınız, eşitmədiyiniz bir mövzu haqda məlumat ötürülür sizə. Bunlar hamısı yoqanın gözəl, əsrarəngiz yönləridir.

– Sabina xanım, gündəlik həyatı ofisdə keçənlərə sadə bir meditasiya növü göstərə bilərsinizmi?

– Baxın, bu vəziyyətdə oturub, gözlərinizi yumun, burnunuzla sakit və rahat nəfəs alın. Heç nə düşünmədən, özünüzü fikirlərə qapdırmadan, sadəcə dincəlməyə çalışın. Bir də görəcəksiniz ki, bütün qara fikirlər haradasa uzaqlardadır. Bütün gözəl hissləriniz, dünyaya məhəbbətiniz oyanır. Ona görə də deyirlər ki. yoqa insanı incəsənətə sövq edir. Mənəvi rahatlığın, özünüdərkin zirvəsində ən gözəl əsərlər yaranır.

– Bəs dejavü dediyimiz anlayış nə ilə əlaqədardır?

– Bayaq da dediyim kimi, əslində zaman anlayışı yoxdur. Biz bütün dövrlərdə eyni anda yaşayırıq. Ona görə artıq yaşanmış və yaşanacaq hadisələr bir anlıq yaddaşımıza hopur. Bədənimiz isə bizi çərçivəyə salan bir qəfəsdir. Bəzi yoqlar bu qəfəsi qırmaq üçün özlərinə qəsd edirlər. Bu isə doğru deyil.

– Sabina xanım, bu bədbinliyimizlə necə mübarizə aparaq?

– Baxın, kainatın enerji seli var. Biz onu öz xeyirimizə də, zərərimizə də istifadə edə bilərik. Bunun üçün öncə düşüncələrimizi sahmana salmalıyıq. Heç nəyi dəhşətli dərəcədə istəmək olmaz. Həmçinin, mənfi eneriləri də özümüzə doğru səsləməmliyik. Məsələn, səhər oyanıb, deyirsiniz ki, urəyimdə bir narahatlıq var. Bəlkə də maşınımla qəza edəcəm və həqiqətən də bu baş verir. Axı siz bütün neqativ dalğaları özünüzə doğru səslədiniz. Bunun yerinə düşünün ki, mənim maşınım gözəldir, amma bundan da yaxşısını alacam. Artıq həmin enerji sizi müşaiyət edəcək. Müsbət enerjini səsləyin ki, o da gəlib, sizi tapsın.

– Təmiz havada, aydın səmada, şəhərin səs-küyündən kənar ərazilərdə yoqaya ehtiyac varmı?

– Yoqa insanın xoşbəxt olması üçün ən gözəl vasitəsdir. Xüsusən də meqapolislərdə. Addımbaşı təmir, tikinti, yollarda davamlı tıxaclar, ofisdə əsəb gərginliyi, yuxusuzluq və s… Baxın, yoqa bu gərginlikdən azad olmaq məktəbidir. Fiziki, mənəvi və əqli harmoniyaya qovuşmaqdır. Yoqa da dinlər kimi insanı fikir aydınlığına, pisliklərdən uzaq olmağa səsləyir. Biz onsuz da mükəmməlik. Allah bizi ideal yaradıb, sadəcə yoqa vasitəsilə baş verənləri daha asan dərk etmək imkanı qazanırıq.

– Yoqaya din xarakteristikası verə bilərik?

– Xeyr, yoqanın dinlə heç bir əlaqəsi yoxdur. Yoqa sadəcə ruhu, bədəni inkişaf etdirməyin üsuludur. Biz heç bir dinə, quruma, cərəyanlara tabe deyilik. Məsələn, hər dəfə bir yoqa növü tədris edə bilərik.

– Neçə növü var ki?

– Rəsmi olaraq 20-dir, amma hər bir yoqun da öz həyat tərzinə görə yaratdığı səmti var. Hətta bəzən ustadlar meditasiya vaxtı yeni növ mənimsəyir və onu tədris etməyə başlayır. Bəlkə də minillər öncə hansısa müdrik bu növü təcrübədən keçirib və kainatın yaddaşında qalıb. 2018-ci ildə isə digər yoq bu metodikanı təbiətdən qəbul edib, tədrisinə başlayır.

– Nirvanaya necə çata bilərik?

– Ümumiyyətlə, yoqada bir neçə mərhələni keçmək lazımdır. Öncə fiziki rahatlığa nail olub, nəfəsini idarə etməyi öyrənməlisən, bundan sonra fiziki təlimlər keçirmək imkanı qazanırsan. Sonra isə meditasiya mərhələsi başlayır. Bəziləri deyir ki, meditasiya vaxtı hətta ruh bədəndən çıxıb, özünə kənardan tamaşa da edə bilir. Yalnız meditasiya müddətində bədən adı verdiyimiz bu çərçivəni sındırıb, özümüzü sonsuz hiss edəndə, nirvanaya çatırıq. Yəni dünyanı vücudumuzla deyil, ruhumuzla hiss edirik. Məsələn, yuxudan oyanıb, özünüzə faydalı bir xörək hazırlayırsınız. Onu minnətdarlıqla, sevgi ilə yeyirsiniz. Hətta bu prosesin özündən zövq alırsınız. Baxın bu nirvanadır. Hər bir yoqun çatmaq istədiyi zirvə budur.

– Sabina xanım, mən yoqanı da, ət yeməyi də çox sevirəm. Sabah bu işlə ciddi məşğul olmaq istəsəm, ət yeməyim mane olacaqmı?

– Əlbəttə, yox. Bizim hətta bəzi pedaqoqlarımız da ət yeyrilər. Mən artıq 10 ildir ki, ətdən imtina etmişəm. Çünki belə daha rahatam. Bəzən də olur ki, 2 il ətdən imtina edəndən sonra yenidən bu qida növünə qayıdırsan. Bizdə qadağa yoxdur. İnsanı ittiham etmək isə ən son yoldur. İstədiyinizi yeməsəniz, stress, sinir gərginliyi yaşaya bilərsiniz. Tədricən yoqanın gözəlliyini ruhunuzla duyanda, ağır qidalardan özünüz imtina edəcəksiniz.

– Söhbətimizi nirvana zirvəsində sonlandırmaq üçün bizə maraqlı nəsə deyin, lütfən.

– Bilirsiniz, Azərbaycan torpağının möcüzəvi enerjisi var. Vətənimizə ayaq basan ustad yoqlar da bunu təstiqləyir. Elə rayonlarımızdakı müqəddəs ocaqların energetikası o qədər möhtəşəmdir ki, insan heyran olur. Yaxın illərdə bura müqəddəs məkan kimi yüz minlərlə qurular, vergili insanlar gələcəklər. İkinci Rişikeşə (Hindistanda müqəddəs şəhər) çevriləcək. Bildiyiniz kimi ora da hər il miyonlarla insan üz tutur. Azərbaycan da belə olacaq. Özü də mən bunu nə reklam, nə də cəlbetmə xatirinə demirəm. Torpağımızın həqiqətən fantastik qüvvəsi var. Özümüz də bunu hiss edib, həzz almağa çalışmalıyıq. (Publika.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir