aile

Azərbaycanlıların ailə qurarkən qarşılaşdığı əsas problemlər

Baxış sayı: 1. 081

Ailə özündə bütün dəyərləri birləşdirən kiçik toplumdur. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Düzgün mühit, tərbiyə qurulan ailələrin formalaşmasında mühüm rol oynayır. Gəlin, Azərbaycanda ailə qurmaq prossesinə nəzər yetirək;

Ailə qurarkən öncə müxtəlif toy adətlərilə – qız bəyənmə, xəbər göndərmə, kiçik elçilik, böyük nişan,  xonça gətirmə, bayramlıq, danışığagəlmə, cehiz, fətirüstü, çörəkbişirdi, paltarbiçdi, qız şahı, xınayaxdı, kəbinkəsdirmə, qız toyu, gəlin aparma və.s  kimi bir sıra mərhələlər və ya mental dəyərlər əsasında qurulmasa, həmin ailə “camaat”-ın xoşuna gəlməz. Xalq arasında qızla oğlan bir-birlərini bəyəndikdən sonra valideynlərin fikri öyrənilir. Oğlanın ata-anası razı olduqdan sonra qızın yaxın adamlarına – xalasına, bibisinə, anasına xəbər göndərirlər. Bəzən bu hal, ümumiyyətlə baş vermir, ailələr bir-birini bəyənmirsə, demək  ailə quran şəxslərin də razılığı önəm daşımır. Hətta belə bir adət var ki, gəlin əgər köçdüyü evdə ayağının altındakı boşqabı sındıra bilirsə, demək ki, evdə söz sahibi ola biləcək.

Təbii ki, bu hal hər zaman olmur, istisna hallarda müxtəlif peşəli,  dünyagörüşlü insanlar toqquşan maraqlar üzərində öz həyatlarını birləşdirirlər. Bütün dünyada olduğu kimi, Azərbaycan ailələrində də həmin nüans özünü göstərir. Təqribi götürsək, bu gün  azərbaycanlı gənclərin, sadəcə, 30-40 faizi kortəbii şəkildə deyil, istəklərinə görə ailə qururlar. Yerdə qalanları isə ya zorla evləndirilir, ömrünü ailəsinə görə  qurban verir, ya da çıxış yolu olaraq,  intiara cəhd edir. Sual yaranır, səbəb nədir? Valideynlər əbədiyyən övladları ilə birlikdə olmayacaqlarını dərk etsələr, görəsən problem düzələr?

Lakin ailə qurarkən vacib nüansları unudan insanlarımız olduğu qədər, ailə dəyərlərini qoruyub saxlayanları unutmamaq lazımdır. Ailənin təməlini düzgün təhsil, tərbiyə, mədəni mühitdə görən insanlar az deyil ki, çoxdur. Təbii ki, ailə dəyərlərinin qorunmasında gender bərabərliyi xüsusi rol oynayır. Gender bərabərliyi isə qadınlara təhsil verilməsindən keçir.

Hələ 117 il öncə Şərqin ilk messenatı Zeynəlabdin Tağıyev Bakıda ilk qızlar məktəbinin açılışı ilə bağlı xalqa müraciətində deyirdi; “Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir, gözləri açılar, külfətlə rəftarları xoş olar. İngiltərəyə, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımızın hərəsi oralardan qollarına bir arvad keçirib gətirirlər. Çünki öz qızlarımızla məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan doğulan uşaqlar da, özü-özünə olurlar, mürtəd və bütün varidatımıza vərəsə çıxırlar. İş belə getsə ata-baba ocağı qalacaq Quransız, namazsız, şəriətsiz…”

1901-ci il 7 oktyabrda Yaxın Şərqdə ilk qızlar məktəbi açıldı. Bu tarixi addım 17 il sonra 1918-ci il 28 mayda Azərbaycan Cümhuriyyəti yaradılarkən qadınlara kişilərlə bərabər siyasi hüququların verilməsilə nəticələndi. Halbuki həmin ildə Avropanın bir sıra ölkələrində qadınlar bir çox hüquqlardam məhrum idilər, ABŞ-da isə ağ dərililərin qara dərililərlə eyni avtobusda gedib-getməməsi müzakirə olunurdu. Sonrakı illərdə Azərbaycan qadınının cəmiyyətin ictimai-siyasi, mədəni həyatında oynadığı rol, uğurları daha da artdı və hazırda Azərbaycan qadınları öz sözünü “boşqab sındıraraq” deyil, müxtəlif sahələrdə-elmdə, incəsənətdəki uğurları ilə deyirlər.

Əvvəllər olduğu kimi, indi də bəzi bölgələrdə ailə qurarkən dünyaya uşaq gətirmək kimi bir problem var. Əgər ailə qurmusansa, mütləq sənin övladın olmalıdır, amma bu övlad mütləq şəkildə oğlan olmalıdır ki, sənin nəslinin davamçısı olsun. Bu zaman tibbi biliyi, ümumiyyətlə savadı olmayan “KÜT”lə birbaşa ailə qurmuş şəxsləri qınaq obyekti kimi görürdü, həta bu, boşanmalara da gətirib çıxaran əsas amil sayılırdı. İndi bu hal müasir ailələrdə yox dərəcəsindədir. Azərbaycan milli adət-ənənələri daha zəngin və özünəməxsus olduğu üçün Azərbaycan ailələrində də bu öz əksini tapır. Keçmişə baxanda  bugünkü nümunəvi Azərbaycan ailələrinin özünəməxsus forması var, çünki indi valideynlər övladlarını ən yaxşı yerlərdə görmək istəyir, daha uğurlu həyat üçün çalışırlar.

Tövsiyə edərdik ki, harada olmağınızdan asılı olmayaraq ailə qurmazdan əvvəl daha çox maariflənmək üçün çalışasınız. Ailə dəyərlərini kiçik boşluqlara salmadan, el deyimi ilə desək, “camaatın sözü”-nü dinləməyərək qorumağı bacarasınız. Ən əsası, öncə övladınızın gələcəyi üçün özünüzə böyük bir investor mövqeyindən baxasınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir