geyim

Az pul xərcləyib istədiyimiz kimi geyinə bilərikmi?

Baxış sayı: 1. 386

Alış-veriş etməyi çox sevirik. Təsadüfi deyil ki, yeni geyimlər, ayaqqabılar alarkən özlərini xoşbəxt hiss edənlərin sayı az deyil. Xüsusilə, qadınların depressiyadan çıxmaq üçün istifadə etdiyi ən yaxşı “müalicə” üsulu alış-verişdir. Təbii olaraq, bu “ritual” bizə pulsuz başa gəlmir. Bu gün brend mallar geyinmək üçün büdcəsinin yarıdan çoxunu xərcləyən gənclər kifayət qədərdir. Bəs necə edək? Geyim büdcəmizi tənzimləmək mümkündürmü? Ümumiyyətlə, az pul xərcləyib istədiyimiz kimi geyinə bilərikmi?

 

Modelyer-dizayner Şəlalə Maqsudova da təsdiqləyir ki, daha çox gənclər bahalı, brend geyinməyə üstünlük verirlər. Onun sözlərinə görə, istər orta, istərsə də kasıb təbəqədən olan gənclər geyimlərə həddindən artıq çox pul xərcləyirlər: “Mən insanların, xüsusilə də gənclərin geyimə çox pul xərcləməsinə normal yanaşmıram. Bu, israfçılıqdır. Brend geyimlər həddindən artıq bahadır. Əgər gənclərin fantaziyaları yaxşıdırsa, satışda olan ucuz geyimləri gözəl, zövqlü geyimlərə çevirə bilərlər. Mənə müraciət edənlərin əksəriyyəti gənclərdir. Onların brend olmayan dükanlardan ucuz qiymətə aldıqları geyimlərdən, üzərilərinə gözəl bir formada hansısa işləmələr, qatqılar qatmaqla, bahalı geyimi əldə etmək mümkündür”.

Modelyer deyir ki, bir geyimi 4-5 dəfə geyindikdən sonra gözdən düşür və ödədiyin pula heyfslənirsən: “Geyimə çox pul xərcləmək düzgün deyil. Mən müasir gənclərə fikir verirəm. Bir geyimi 4-5 dəfə geyindikdən sonra, onu qarderobun hansısa küncünə atırlar.  Halbuki,  o geyimi yenidən fərqli formada yaratmaq mümkündür. Hazırda istehsal olunan parçaların əksəriyyətində sintetika çoxdur. Sintetika isə geyimlərin uzun ömürlü olmalarına daha çox dəlalət edir. Bu səbəbdən alınan hər bir geyim, yararsız hala gec düşür və uzun müddət istifadə olunur. Hər bir geyim, çox istifadə olunduqdan sonra gözdən düşsə belə, onu yeni fərqli modaya salmaq olar. Qısa desək, köhnə geyimlərə yeni nəfəs vermək mümkündür. Belə olduğu halda, gənclərin pulları da ciblərində qalır”.

Modelyerin sözlərinə görə, adi ağ köynəkdən belə, göz oxşayan geyim forması yaratmaq olar: “Bu yaxınlarda mənə bir xanım tələbə yaxınlaşdı. Sadə, ağ rəngdə köynək gətirmişdi. Onun qarşısına gözəl rəsm əsəri çəkərək, həmin köynəyi çox gözəl vəziyyətə gətirdik. Bahalı köynəyə oxşadı. Halbuki həddindən artıq ucuz idi. Qarderob küncündə qalan köynək, işləmələrlə gözəl bir geyimə çevrildi”.

 

Aygün Əziz




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir