resept

Azərbaycanda “həkim-firma” əməkdaşlığına nə vaxt son qoyulacaq?

Baxış sayı: 2. 079

Bu kimi halların nəticəsidir ki, bu gün əlavə gəlir əldə etmək üçün dərman preparatlarını ölkəyə idxal edən, onların satışını təşkil edən şirkətlərlə sövdələşmələr aparan bəzi həkimlər xəstələrinə müalicə üçün məhz həmin şirkətlərin tövsiyə etdiyi dərmanların adlarını yazır, ehtiyac olsa da, olmasa da, xəstələrini razılıq əldə etdiyi klinikalara müayinələrə, analizlər verməyə göndərirlər. Bunun müqabilində isə qarşı tərəf həkimlərə vaxtlı-vaxtında müəyyən məbləğdə pul ödəyir.

Bir çox ölkələrdə, o cümlədən qonşu Rusiyada “həkim-firma” əməkdaşlığına imkan verməmək üçün çox effektiv bir üsuldan istifadə edilir – reseptlərdə dərmanların adları deyil, onların aktiv maddələrinin adı yazılır.

Hələ bir neçə il əvvəl “həkim-firma” əməkdaşlığına qarşı mübarizə aparmağa başlayan Səhiyyə Nazirliyi də problemin həlli üçün firma blanklarında reseptlərin yazılmasına qadağa qoydu və həkimlər qarşısında reseptlərin nazirlik tərəfindən təsdiqlənmiş vahid resept blanklarında yazılması tələbini irəli sürdü. Bu məqsədlə nazirlik tərəfindən çap olunmuş blankların dövlət və özəl tibb müəssisələrinə paylanılmasına da başlanıldı. Bu gün xəstəxanaların çoxunda həqiqətən Səhiyyə Nazirliyinin əmri ilə təsdiq edilmiş blanklardan istifadə edilsə də, bu tədbir tam səmərə verə və gizli əməkdaşlığa son qoya bilməyib.

Belə “əməkdaşlığ”ın qarşısını almaq üçün istifadə edilən digər primitiv yol – dərman şirkətlərinin nümayəndələrinin xəstəxanalara daxil olması ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiq edilməsi də bu gün öz səmərəsini vermır. Şirkətlərin nümayəndələri giriş üçün xüsusi tələblərin qoyulmadığı dövlət xəstəxanalarının binalarına çox rahatlıqla daxil ola və istədiyi həkimlə sövdələşmə apararaq dərmanlarının satışı və ya xidmətləri ilə bağlı təbliğatlarına nail ola bilirlər.

Sözsüz ki, elmin nailiyyətləri dərman bazarına da yeni dərmanların çıxmasına şərait verir və bütün dünyada olduğu kimi, Azərbaycanda da həkimlər dövlət qeydiyyatından keçmiş yeni dərmanlardan öz xəstələrinin müalicəsi üçün istifadə edə bilərlər. Ancaq problem ondadır ki, Azərbaycanın əksər həkimlərini xəstələrinin daha effektiv müalicə olunmasından çox, həmin dərmanlar və ya xidmətlər vasitəsilə daha çox gəlir əldə etməsi maraqlandırır.

Trend xəbər verir ki, səhiyyə nazirinin müavini Elsevər Ağayev da bu fikirdədir ki, əgər yeni dərmanlar dövlət qeydiyyatından keçibsə, onlar həkimlərə tanıdılmalıdır. Amma dərman şirkətlərinin nümayəndələri bunun üçün ayrı-ayrı həkimlərin qəbuluna bir-bir getməli deyillər. Dərman şirkətlərinin nümayəndələri həkimlərə yeni dərmanların tanıdılmasını sivil formada həyata keçirməlidirlər. Məsələn, nazir müavini təklif edir ki, xəstəxanalarda həkimlər üçün keçirilən 5 dəqiqəlik iclaslarda həkimlərə bu dərmanlar barədə məlumatlar verilə bilər.

İnsanların sağlamlığının tibb sahəsində çalışanlar üçün ən önəmli məsələ olduğunu xatırladan E.Ağayev bu məsələnin həllini həm də həkimin özünün vicdanına buraxır: “Bizim borcumuz həkimlərimizi xəbərdar etməkdir. Biz baş mütəxəssislərimizə də deyirik ki, bu istiqamətdə təbliğat işi aparsınlar. Xəstəyə lazım olmayan dərmanı heç bir halda yazmaq olmaz. Artıq bu məsələ bir qədər həkimin vicdanına da buraxılır. Dərmanın seçimi bir tərəfdən xəstənin özündən asılıdır. İnsanların bu sahə üzrə bir qədər maarifləndirilməsinə ehtiyac var. Onlar özləri də haqlarını tələb edə bilərlər”.

“Həkim-firma” əməkdaşlığına son qoya biləcək addımlardan biri olan konkret müayinə və müalicə standartlarının hazırlanmasına gəldikdə, baş nazirin müavini Əli Əhmədov hesab edir ki, icbari tibbi sığorta zamanı protokollarsız müayinə və ya müalicə süni surətdə onların qiymətlərinin şişirdilməsi imkanları yarada bilər. Standartların hazırlanıb qəbul edilməsi böyük vaxt və zəhmət tələb etsə də, bunlarsız keçinmək qeyri-mümkündür. Hazırda Səhiyyə Nazirliyində protokolların təsdiq edilməsi sahəsində işlər aparılır.

Səhiyyə sahəsi üzrə tanınmış mütəxəssis, həkim Qalib Əliyev isə Trend-ə bildirib ki, belə əməkdaşlıqların qarşısını almaq üçün ilk növbədə həkimlərin əməkhaqlarını qaldırmaq lazımdır və digər kompleks tədbirlər həyata keçirmək lazımdır ki, onun əlavə gəlir əldə etmək üçün yollar fikirləşməsinə ehtiyac qalmasın.

Q.Əliyevin sözlərinə görə, dünyanın çox ölkələrində reseptlərində firmaların dərmanlarının adlarının yazılması qadağan edilib. Buna görə də Azərbaycanda da belə halların qarşısını almaq üçün reseptlərdə dərmanların adları deyil, onların tərkibindəki əsas aktiv maddənin adı qeyd edilməlidir. Məsələn, xəstəyə tərkibində dəmirlə zəngin olan dərman preparatı lazım olduğu zaman reseptə həmin dərmanın adı deyil, dərman preparatının adı yazılmalıdır. Belə olduqda hansı ölkənin və ya şirkətin dərmanının alınmasını xəstə özü müəyyən edə və seçim apara biləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir