Azərbaycanda küçə yeməkləri festivalı niyə keçirilmir?

Baxış sayı: 1. 853
Türkiyədə “Küçə ləzzətləri” adlı festival keçiriləcək. 150 restoranın iştirakı ilə 7 şəhərdə eyni vaxtda keçiriləcək festival bu dəfə mövzusunu küçə yeməkləri üzərində qurub. Şəhərin ən yaxşı köftəçiləri (katletçiləri), sosiska çörəkçiləri, midye dolmaçıları, balıq-çörəkçiləri, sənaye kokoreççiləri, plov bişirənləri parklara toplaşacaq və öz yeməklərini nümayiş etdirəcək. Festivalda küçə ləzzətləri satan ticarətçilərin hər birinin gündəlik gəlirləri də ödəniləcək.
Ümumiyyətlə, bir çox ölkələrdə zaman-zaman bu cür maraqlı festivallar keçirilib.
Azərbaycanda olmasa belə, hazırda bir çox ölkələrdə “küçə ləzzətləri” satılır. Əksəriyyət ölkədə küçələrdə arabada yemək satanlara, qarğıdalı, şabalıd qovurub satanlara rast gəlmək mümkündür. Bəzən küçədə və ya yad şəhərdə olanda “ev yeməyi” olmayan təamları yemək məcburiyyətində qalırıq o zaman üzümüzü məhz bu yeməklərə tuturuq. Azərbaycanda da bal, şirniyyat  və sairə festivallar keçirilsə də bu günə kimi küçə yeməklərinin festivalı keçirilməyib. Bunun səbəbi isə Azərbaycanda küçə ticarətinə müəyyən qadağaların qoyulmasıdır. Azərbaycanda qonşu Türkiyədə olduğu kimi küçədə müxtəlif çeşidli yeməklər satılmır. Azərbaycanda küçə yeməklərinə misal olaraq yalnızca dönəri, sosiska çörəyi göstərmək olar. Bir də arada bir gözə qarğıdalı satanlar dəyir.
Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov Azərbaycanda səyyar satıcıların heç biri olmadığı üçün bu cür yarışların və festivalların keçirilməsinin mümkün olmadığını bildirdi: “Küçə ticarətinin olmaması o qədər də yaxşı hal deyil. Biz təklif veririk ki, küçə ticarətinə, xırda ticarətə icazə verilsin, təbii ki, qayda-qanun çərçivəsində bu, baş versin. Həm insanlar üçün iş yeri olar, həm də küçə ticarətində hər şey ucuz olur. Əgər bizdə küçə ticarəti yığışdırılıbsa, festival necə keçirilsin? Səyyar ticarət Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yığışdırıldı. Hazırda küçə ticarətinin iştirakçıları yoxdur. Halbuki səyyar ticarətin olması yaxşı hal idi. Əgər bütün gigiyenik qaydalara riayət etsələr, satıcılar arabalarının yanına zibil qabı, torba qoysalar, onların fəaliyyətinə icazə vermək mümkündür. Səyyar ticarətçilər həm turistlərə həm də yerli camaata xidmət edərlər. Həm də insanlar bir tikə çörək pulu qazanarlar. Bakı küçələrində də yeməklər, səhləb satmaq,  şabalıd qızardıb satmaq mümkündür. Məsələn, bizdə də Türkiyədəki kimi plov arabalarında plov satmaq olar. Çində, Almaniyada və digər ölkələrdə bu var. Küçə ticarəti bu ölkələrdə geniş yayılıb. Hətta Avropada küçə bazarları var. Şənbə və bazar günləri hansısa park və ya bir küçədə camaat öz əşyalarını satışa çıxarır. Bizim küçələrdə əvvəllər rəssamlar işləyir, suvenirlər satılırdı. Bunların nəyi pis idi?! İnsanlar özləri üçün iş yerləri yaradırdılar. Bu iş yerlərinin yaradılması üçün çox vacib məsələdir. İndi bizdə küçə ticarəti ilə məşğul olmaq üçün fiziki şəxs kimi qeydiyyatdan keçmək olur. Ancaq şərait yaradılsa istənilən normal şəxs bütün gigiyenik qaydalara əməl etməklə küçədə sağlam qida sata bilər. Məsələn, küçədə bişmiş qarğıdalı satırlar. Özü də bir yerdə durmurlar. Hara satış üçün yaxşıdırsa, orada da dayanırlar. Yəni satacaqları yeri özləri tənzimləyir. Buna polisin, şəhər bələdiyyələrinin qarışmağı heç lazım deyil”.
T.Əmiraslanov küçə ticarətinin bərpasının insanların iş yerləri ilə bərpası demək olduğunu bildirdi: “Məsələ onda deyil ki, küçələrdə yalnız ərzaq məhsulları satılsın, bura başqa əməklər də daxil ola bilər. Məsələn, küçə musiqiçiləri küçədə hansısa musiqi alətində çalıb çörək pulu qazana bilər. Yaxud küçə rəqqasları, küçə rəssamları öz işlərini ortaya qoya bilərlər. Bunun nəyi pisdir? Kimsə öz əntiq əşyasını gətirib mağazaya satanda mağaza həmin əşyanı ondan çox ucuz qiymətə alır və ikiqat baha satır. Halbuki, imkan yaradılsa, o adamın özü əntiq əşyasını küçədə sata bilər. Küçə ticarətinin əhaliyə heç bir ziyanı ola bilməz, əksinə, yalnız xeyri olar. Xeyri budur ki, həm bu adamlar üçün iş yeri olur, həm əhalinin hansısa məhsulu və ya əşyanı ucuz almaq şansı olur, həm də, şəhərimizə gələn turistlər üçün maraqlı olur. Təəssüf ki, indi səyyar satıcıların heç biri olmadığı üçün onların nə yarışını, nə də ki, festivalını keçirmək olmur”.
Günel MANAFLI

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir