psixoloji problem

Azərbaycanda münaqişəli ailələrin sayı açıqlandı

Baxış sayı: 1. 652

Ölkə üzrə profilaktik qeydiyyata götürülən 3344 münaqişəli ailənin 510-u Bakı şəhərinin payına düşür 

Sentyabrın 16-da Nərimanov RPİ-də Nəqliyyatda və Bakı şəhər BPİ-lərin, həmçinin, paytaxtın rayon polis idarə və şöbələrinin bayır və ictimai təhlükəsizlik xidmətlərinin məsul əməkdaşlarının iştirakı ilə növbəti zona seminar-müşavirəsi keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun və «Ailə-məişət münaqişələri zəminində törədilən cinayətlərin qarşısının alınması sahəsində görülən işlərin vəziyyəti haqqında» DİN-in müvafiq Kollegiya qərarının icrası məqsədilə keçirilən tədbirdə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov gündəlikdəki məsələ üzrə görülən işlər, qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.

Qeyd olunub ki, Nazirliyin rəhbərliyinin ciddi nəzarəti və tələbkarlığı, aidiyyatı baş idarə, xidmət və ərazi polis orqanlarının əməkdaşlarının göstərilən istiqamətdə həyata keçirdikləri kompleks tədbirlər, ailə-məişət zəminində baş verən hüquqpozmalara vaxtında və operativ reaksiyanın verilməsi, eyni zamanda, cəmiyyəti narahat edən belə neqativ hallara qarşı həm əlaqədar dövlət  qurumları, həmçinin qeyri-hökumət təşkilatları tərəfindən aparılan məqsədyönlü profilaktik iş sayəsində müsbət nəticələr əldə etmək mümkün olub və bu yönümdə birgə səylər indi də davam etdirilir.

Bildirilib ki, cari ilin birinci yarısında ailə münaqişəsi zəminində respublika üzrə 392 cinayət törədilib ki, bunun 198-i Bakı şəhərində baş verib. Göstərilən dövr ərzində ölkə  üzrə profilaktik qeydiyyata götürülən 3344 münaqişəli ailənin 510-u Bakı şəhərinin payına düşür.

Məruzəçi əvvəllər məhkum olunmuş şəxslər ətrafında profilaktiki işin gücləndirilməsinə nəzarətin və tələbkarlığın artırılmasını da nəzərə çatdırıb.

Baş İdarənin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov çıxışında yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikasında daxili işlər orqanlarının fəaliyyətinin təşkili ilə bağlı  uşaq hüquqlarına dair ölkə qanunlarının və beynəlxalq aktların xidməti fəaliyyətdə tətbiqinə, habelə, məişət zorakılığından daha çox əziyyət çəkən uşaqların reabilitasiyası və təlim-tərbiyəsində valideynlərin, pedaqoji kollektivlərin, dövlət və qeyri-dövlət təşkilatlarının, İctimai Şura üzvlərinin rolunun artırılması üçün müvafiq təsirli tədbirlərin görülməsi məsələlərinə toxunub.

Tədbirdə həmçinin müzakirə edilən mövzularla bağlı Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrində edilmiş əlavə və dəyişikliklərin öyrənilməsi və xidməti fəaliyyətdə tətbiqinin, habelə, məişət zorakılığı törətmiş şəxslərin inzibati və cinayət məsuliyyətinə cəlb edilməsinin hüquqi əsasları müzakirə edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir