Bir müddət öncə Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıb. Bu məsələ ilə bağlı açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, Ədliyyə Nazirliyindən komitəyə daxil olan məlumatlara əsasən, 2015-ci ildə 68 985 nikah qeydə alınıb. Ötən il nikahın pozulması üzrə 12 886 fakt qeydə alınıb. E.Səfərov deyib ki, Azərbaycanda boşanma səbəbləri arasında ilk yeri “xasiyyətlərin uyğunsuzluğu” tutur. Ötən il Azərbaycanda bu səbəbdən boşanmaların sayı 7318 olub. Ailədaxili zorakılıq (cinslər üzrə statistika aparılmır) səbəbindən 228, uşaqlarının olmaması səbəbinə görə 609 boşanma faktı qeydə alınıb.E.Səfərov deyib ki, uşaqların olmaması səbəbindən boşananların sayı azalıb: “Əvvəlki illərdə uşaqlarının olmaması səbəbindən boşananların sayı daha çox olub. Belə boşanmaların sayı 1000-ə yaxın olub”. Komitə rəsmisi bildirib ki, ötən il xəyanətə görə boşanmaların sayı 413, sərxoşluqla bağlı boşanmaların sayı 369, narkomaniya ilə bağlı boşanmaların sayı 171, maddi duruma görə boşanmaların sayı 302, xəstəliyə görə boşanmaların sayı üzrə 224 fakt qeydə alınıb.E.Səfərovun sözlərinə görə, boşananlar daha çox 25-35 yaş arasında insanlar arasında olur.
Biz də mövzu ilə bağlı ekspertlərin rəyini aldıq. Onlar bu barədə fərqli fikirlər səsləndirdilər.
Gerçək faktlar
Sosioloq Asif Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, əslində bu məsələyə bir qədər fərqli aspektdən yanaşılmalıdır. Çünki statistik məlumatda səsləndirilən səbəblər və faktlar Azərbaycan ailəsində yüz illərdir mövcuddur. Sosioloq bildirdi ki, bu səbəblər Azərbaycan ailəsinin dağılması üçün heç vaxt həlledici rol oynamayıb: “Bu gün həmin faktlara ailələrin dağılmasının və boşanmanın əsas amili kimi yanaşmaq həqiqi gerçək faktı görməmək olardı. Biz nəzərə almalıyıq ki, xalqımızın milli mədəniyyətinin əsas nüvəsi, özəyi ilk olaraq onun ailə modelidir. Qərb dünyası – Avropa və Amerika – istər bütövlükdə Şərq xalqları, istərsə də Azərbaycan xalqının milli mənəviyyatını əritmək və qloballaşmaq prosesində onu özlərinin arzuladığı bir şəklə salmaq üçün onun ailə modelini hədəf seçib. Bu gün Qərbdən gələn düşüncə tərzi, müxtəlif fərqli standartlar, zərərli stereotiplər əslində əsrlərlə bizi bir millət olaraq qoruyub saxlayan və bu günə çatdıran həmin ailə modelinin dağılmasına yönələn bir addımdır. Hesab edirəm ki, qeyd olunan bu səbəblər əksər hallarda həmin ailələrin dağılması üçün mühüm səbəb rolunu oynamır. Vaxtilə də müvəqqəti olaraq ailələrdə bu səbəblər müxtəlif anlaşılmazlıqlar doğurub. Bu problemlər sonradan ağsaqqalların, ağbirçəklərin məsləhətləri vasitəsi ilə yoluna qoyulub və ailə yenidən öz birliyini əldə edib. Ancaq bu gün Azərbaycan cəmiyyəti üçün ən təhlükəli tendensiya xarici KİV vasitəsi ilə Azərbaycana ötürülən təhlükəli Qərb modelləri və stereotipləridir”.
Bu problemlər əvvəllər qat-qat çox idi
Sosioloq bildirir ki, bu gün biz öz milli-mənəvi dəyərlərimizə əsaslanaraq bu problemi çözə bilərik. Həmçinin müvafiq qurumlar bu məsələyə önəm verməlidir: “Bu gün biz bir cəmiyyət və dövlət olaraq bu zərərli tendensiyanın qarşısını almaq üçün xüsusi metodlar və yollar tapmalıyıq. O cümlədən dövlət orqanları bu sual üzərində çox ciddi şəkildə düşünməlidir. Çünki bu gün cəmiyyətimizə yalnız radikal ideoloji düşüncələr yox, mənəvi cəhətdən də çox zərərli təsirlər ötürülür. Bu gün gənc ailələrin boşanmasında bu sadaladığım amillər həlledici rol oynayır. Məgər əvvəllər ailələrdə xəyanət, uşağın olmaması, yaxud xarakter uyuşmazlığı, iqtisadi problemlər, güzəran çətinliyi faktı yox idimi? Əlbəttə, bu problemlər əvvəllər indikinə nisbətən qat-qat çox idi. Lakin buna baxmayaraq, milli-mənəvi əxlaq dəyərləri və ailə modeli, ağsaqqallıq institutu ailənin dağılmasının qarşısını almaq gücündə olub. Bir mədəniyyəti və onun dəyərlərini məhv etmək üçün onun daxili nüvəsini tapmaq və dağıtmaq kifayətdir. Çünki bu zaman cəmiyyətdə mənəvi-mədəni xaos, boşluq yaranır. Xaos olan cəmiyyətdə isə hər kəs öz istədiyi kimi modelləri təqdim edir və bunun adını Avropa standartları qoyurlar. Biz düşünürük ki, Qərb mədəniyyəti sivilizasiyanın ən inkişaf etmiş versiyasıdır və onlardan əxz etdiyimiz dəyərlər daha müasir və daha mükəmməldir. Lakin gerçəkdə isə bu belə deyil”.
A.Bayramovun sözlərinə görə, boşanmalar zamanı qadınlar daha çox mənəvi zərbə alır: “Əgər ailə institutu zədələnibsə, bu zaman təbii ki, hər iki tərəf zərbə alır. Lakin Azərbaycan cəmiyyətində daha çox zərif cinsin nümayəndələri zərbə alır. Biz ailənin mənəvi mühitinin başında dayanan qadınlarımızı hər şeydən öncə qorumalıyıq. Ailənin iç dünyası qadına məxsusdur. Ailədən çöldə qalan dünya isə kişiyə məxsusdur. Azərbaycan gəncliyinin formalaşmasında qadının kişiyə nisbətən daha böyük rolu var. Biz bu faktı nəzərə almadan ailə modelinin qorunub saxlanmasının düzgün yolunu tapa bilmərik. Bu isə bütövlükdə cəmiyyətimizi məhvə doğru sürükləyir”.
Ən əsas səbəblərdən biri psixoloji şiddətdir
Psixoloq Gülnarə Əliyeva boşanmaya təkcə adıçəkilən faktların səbəb olmadığını bildirdi. Psixoloq bildirdi ki, sadalanan faktlar ailələrin boşanmasında böyük rol oynasa da, burada digər vacib məqamlar diqqətdən yayınır: “Araşdırmalar göstərir ki, boşanmaların əsas səbəbi cinsi uyğunsuzluqdur. Bu səbəb boşanma zalında səsləndirilə bilmir. Biz psixoloqlar isə seans müddətində məsələnin dərinliyinə vardığımız zaman bu qənaətə gələ bilirik. Mühüm səbəblərdən biri də qadına qarşı şiddətdir. Burada söhbət təkcə fiziki şiddətdən getmir. Eyni zamanda psixoloji şiddət nəzərdə tutulur. Qəfəsləmə, qadağalar, alçaltmalar, xor baxmalar qadını mənən çökdürən səbəblərdəndir. Sosial-iqtisadi faktorlar, maddiyyat, ailələrin uyğunluğu, təhsil və dünyagörüşü səviyyəsinin üst-üstə düşməməsi, din, mədəniyyət fərqi, monotonluq da bu qəbildən olan səbəblərdəndir. Erkən yaşda nikah – tərəflərdən birinin və ya hər ikisinin psixoloji cəhətdən evliliyə hazır olmaması, ailədə fərdlərin öz rollarını lazımınca yerinə yetirə bilməməsi də evliliyin sonlanması ilə nəticələnir”.
Evlilik zamanı gözümüzün ikisini də yummalıyıq
Psixoloq hesab edir ki, qadınların bəzən bütün diqqətini övladına yönəltməsi evliliyin təməlini sarsıda bilər: “Ailə qurmazdan öncə insan sanki kor olur və sevdiyini gözündə ideallaşdırır. Evləndikdən sonra isə səhvlər üzə çıxmağa başlayır. Halbuki sevgili vaxtı gözümüzü dörd açmalıyıq, evlilik zamanı isə gözümüzün ikisini də yummalıyıq. Laqeydlik tərəfləri bir-birindən soyudan səbəblərdən biridir. Qadın həmişə diqqət istəyir, kişi isə zamanla bu diqqəti qadınından əsirgəyir. Qadınlar isə uşaq dünyaya gətirdikdən sonra bütün diqqətlərini və vaxtlarını körpələrinə ayırdıqları üçün qarşı tərəf də diqqət və qayğıdan kənar qalır. Ümumiyyətlə, boşanan cütlükləri dindirdiyimiz zaman fərqli səbəblər ortaya çıxır. Çünki hər ailənin öz hekayəsi və hər insanın öz duyğusu ,düşüncə tərzi və dünyagörüşü var. Ona görə də bu səbəbləri saydıqca çoxalda bilərik”.
Psixoloq boşanmaların mənfi təsirlərindən də söz açdı: “Boşanmaların cəmiyyətə mənfi təsirləri çoxdur. Bu təsirlər isə cəmiyyətdə tənha insanların, depressiv şəxslərin, natamam ailələrin sayını artırır. Xüsusilə boşanmış ailədə böyüyən uşaqların psixologiyası çox ciddi zərbə alır. Ümumiyyətlə, boşanma zamanı qalib və ya məğlub tərəf yoxdur. Hər iki tərəfdə müəyyən şeyləri əldə etmə və itirmə var. Sərbəstlik istəyən qadın sərbəstliyini, subaylığını istəyən kişi azadlığını qazanmış ola bilər. Lakin əmin ola bilərsiniz ki, itirilmiş şeylər daha çox olur. Bu o demək deyil ki, heç kim boşanmamalıdır-xeyr! Bəzən elə situasiyalar olur ki, boşanmaq hər bir ailə üzvü üçün ən xeyirlisidir. Bu isə başqa mövzudur. Bir çox səbəblər, xüsusilə tərk edilmə, aldadılma, yalnız yaşlanmaq qorxusu hər iki tərəfə də pis təsir edən səbəblərdəndir. Gənclərimiz teleseriallarda, nağıllarda qarşılaşdıqları evliliyi real evliliklərlə səhv salmasınlar. Hər şey romanlardakı kimi olmur. Bəzən ailədə yolunda getməyən nələrsə ola bilər. Bizə düşən qarşı tərəfi başa düşüb onun əlindən tutmaq, çətin vaxtda onunla çiyin-çiyinə dayanmaq və “sən-mən” olmaqdan çıxıb “biz” ola bilmək, bir ailə ola bilməkdir”.
Nikahın pozulmasına adi istək kifayət edir
Hüquqşünas Asif Abdullayev isə bildirir ki, müraciət edən şəxslər bəzən boşanma səbəblərini məhkəmədə açıqlamaqdan çəkinir və utanır: “Hətta bu səbəbləri açıqlamayacağına görə məhkəmənin onları boşamayacağını da düşünənlər var. Ailə qanunvericiliyinə əsasən, nikah kişi və qadının könüllü ittifaqıdır. Hətta ailə qanunvericiliyinin başlıca məqsədi də odur ki, ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulmasını təmin etsin. Göründüyü kimi, ailə qanunvericiliyində nikah könüllü birlik kimi nəzərdə tutulduğu üçün nikahın pozulmasına da adi istək kifayət etməlidir. Yəni nikahın pozulması üçün hansısa ciddi səbəb gətirməyə əsas yoxdur. Nəzərə almaq lazımdır ki, kişinin nikahın pozulmasını tələb etmək hüququ qadının hamiləlik dövrü və uşağın 1 yaşı tamam olanadək məhdudlaşdırılır. Bu müddət ərzində yalnız qadının istəyi ilə nikah pozula bilər. İstənilən halda nikaha son qoymaq qərarına gəlməmişdən öncə bir daha düşünmək və ciddi götür-qoy etmək məsləhətdir”. (Kaspi.az)