Artıq bir neçə gündür ki, cəbhə xəttində gərgin anlar yaşanır. İtkilərimiz olsa da, azad etdiyimiz ərazilər də var. Digər tərəfdən, düşmənin itkiləri qat-qat daha çoxdur. Xalqımız üçün həlledici olan bu ərəfədə Azərbaycanın və Türkiyənin tanınmış ifaçısı, dünyada mədəniyyətimizi və incəsənətimizi təbliğ edən xalq artisti Azərin suallarımızı cavablandırdı.
Ankaradan bizimlə əlaqə yaradan ifaçı ürəyinin daima Azərbaycanla döyündüyünü bildirdi. “Çırpınırdı Qara dəniz” deyə hayqıran Azərin Türkiyədə baş verən terror hadisələri və Azərbaycanımızın cəbhə xəttində yaşananlara münasibətini bildirdi.
– Azərin xanım, sizi vətənpərvər ruhda yazılmış mahnıların mahir ifaçısı kimi tanıyırıq. Cəbhə bölgəsində ağır döyüşlərin getdiyi günlərdə bütün hadisələri ölkədən kənarda izləmək sizə çətindirmi?
– Əvvəla, sizi məlumatlandırım ki, mütəmadi şəkildə cəbhə bölgəsində əsgərlərimiz qarşısında konsert proqramlarıyla davamlı olaraq çıxışlar edirəm. Təkcə ötən 2015-ci il ərzində musiqiçilərimlə 20-yə yaxın konsert proqramlarımızı həyata keçirdik. Bir vətəndaş olaraq bunu özümüzə borc bilirik. Çünki Silahlı Qüvvələrimiz hər zaman ruh yüksəkliyində olmalıdır. Onlar cəbhə xəttində düşmənlə üz-üzədirlər. Keçirdiyimiz konsertlərdə başda vətənpərvər mahnılarımız olmaqla, Azərbaycanın zəngin musiqi irsi əsgər və zabitlərimizə təqdim olunub. Bu gün mən həm də Müdafiə Nazirliyinin baş leytenantıyam. Azərbaycana öz işimlə xidmət etməkdən qürur duyuram. Hal-hazırda işlərimlə əlaqədar olaraq Türkiyədəyəm.
– Türkiyədə Azərbaycanın haqq işinə dəstək hansı səviyyədədir? Türkiyə vətəndaşları Dağlıq Qarabağ haqqında nə dərəcədə məlumatlıdırlar?
– Türkiyə həm dövlət səviyyəsində, həm də xalq olaraq Azərbaycanın haqlı davasında bizə tam dəstək verir. Türkiyə vətəndaşları Qarabağ haqqında tam məlumatlıdırlar. Belə ki, bugünə qədər mənə minlərlə məktublar gəlib. Burdakı qardaşlarımız könüllü olaraq bizim dövlətimizin və millətimizin yanında döyüşlərə qatılmaq istəklərini bildiriblər. Onlar bu savaşı öz savaşları olaraq görürlər. Bilirsiniz ki, mən həm Azərbaycanda, həm də Türkiyədə yaşayıram. Biri mənim ana Vətənim, biri isə ata yurdumdur. Təəssüflər olsun ki, türk insanının yaşadığı hər yerdə böyük güclərin oyunları oynanır. Azərbaycanda Qarabağ döyüşləri, Türkiyədə isə PKK-çılarla mübarizə aparılır. Hər iki Vətənim bu gün gördüyümüz kimi, şəhidlər verir.
– Bildiyimiz qədərilə, siz Ankarada yaşayırsınız. Hazırda orada vəziyyət necədir?
– İnsanlar panikaya qapılmadan öz gündəlik həyatlarını sürdürməyə çalışırlar. Türkiyədəki terror hadisələrindən sonra bizim cənab Prezidentimiz İlham Əliyevin jest edib Türkiyəyə gəlməyi 85 milyonluq ölkə xalqı tərəfindən böyük sevgi və rəğbətlə qarşılandı. Biz dünyaya bir daha sadəcə dost deyil, həm də dərin tarixi bağları olan “Bir bədəndə bir can” olduğumuzu nümayiş etdirdik.
– Azərin xanım, cəbhə boyunca keşiyimizi çəkən əsgərlərimizə konsert proqramlarınız davam edirmi?
– Əlbəttə. Azərbaycanda olduğu kimi, mən Türkiyə Mehmetciyinə de konsert proqramlarıyla çıxış edirəm. Bir neçə ay bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Hulusi Akar bəyə konsertlər vermək istədiyim haqda müraciətim olmuşdu. Bu konsertlərin ilkini 2008-ci ildə PKK ilə mübarizə bölgəsində (Şırnak, Diyarbekir, Siirt) vermişdim. Və bu dəfə də Hulusi Akar bəy təklifimi qəbul edib, məni və musiqiçilərimi dəvət etdi. “Türkün bayramı- Novruz konsertləri” adı altında Ankara, İzmir, Balıkesir, Foça, İsparta şəhərlərində hərbi məktəblər və hərbi hissələrdə konsert proqramları ilə çıxış etdik. Burada hərbi akademiyalarda oxuyan zabitlərimizlə də görüşlərimiz oldu. Cənab prezidentimizin Türkiyəyə gəlişi, davamlı olaraq 8 konsertlə çıxışımız bir daha sübut etdi ki, biz həm sevincli, həm də kədərli günümüzdə bir yerdəyik. Siz burdakı əsgərlərin coşğusunu görməli idiniz. Türk övladları “Qarabağ, Azərbaycan” deyə hayqırırdılar. İnsanın sevincdən gözləri dolurdu. Fürsətdən istifadə edib, konsertlərin keçirilməsində bizə şərait yaradan Azərbaycanın müdafiə naziri cənab Zakir Həsənova və Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar bəyə xüsusi təşəkkürlərimi bildirirəm. Biz həm Azərbaycanda cəbhə bölgəsində, həm də Türkiyədə Mehmetciyə verdiyimiz konsert proqramlarıyla ordu mənsublarımıza mənəvi dəstək oluruq, düşmən qarşısında əyilməyəcəyimizi, ayaqda dimdik durduğumuzu göstəririk. Çox zaman cəbhə bölgəsində verdiyim konsertlər haqqında danışmağı sevmirəm. Çünki gördüyüm işi ilk növbədə Allah rizası üçün, sonra isə vətənim, bizləri qoruyan əsgərlərimiz üçün edirəm. Bu gün də Vətənimin əmrindəyəm. Təki, Vətən sağ olsun! İnşallah, bayrağımız Qarabağda dalğalansın.
– Sizcə, musiqi dili ilə insanları vətənpərvərliyə səsləmək olarmı?
– Əlbəttə. Musiqi, xüsusən də vətənpərvər musiqi bu gün ən böyük silahdır. Tarixə nəzər salsaq, görərik ki, bütün savaşlarda musiqi əsgərləri qələbəyə çağırmış və zəfərlər qazandırmışdır.
– Müharibə davam edər və genişlənərsə, siz də bir əsgər kimi döyüşlərdə iştirak edərsinizmi?
– Şübhəsiz. Bu, ilk olaraq mənim insani, vətəndaşlıq borcumdur. İkinci dünya savaşı zamanı öndə döyüş gedir, bir az arxada isə incəsənət xadimləri əsgərlərə konsert verirdilər. Əslində isə bu gün hər birimiz bir əsgərik. Bu baxımdan, mən işimdə, peşəmdə vətənimin əsgəriyəm. Əgər lazım gələrsə, ön cəbhəyə gedib musiqiçilərimlə əsgərlərimizə xidmət etməyə hazıram. Qarabağı qaytarmaq bu gün bizim mənəvi borcumuzdur. Çünki bu yükü bizdən sonra gələn nəsillərin taleyinə buraxmamalıyıq. Bu gün xalqımızın qüdrətinə, Ali Baş Komandanımıza tam güvənirəm.
– Azərin xanım, “TRT Avaz”da verilisiniz davam edirmi? Hazırda Türkiyədə hansı işlərlə məşğulsunuz? Yeni layihələriniz varmı?
– TRT kanalından yeni proqram təklifi almışam. Bundan başqa, ikinci albomumun işıq üzü görməsi üçün çalışıram. Bu ilin əvvəlində Türkiyədə ilk dəfə böyük bəstəkarımız Üzeyir Hacıbəylinin həyat və yaradıcılıgı ilə baglı tanınmış yazıçı Cümhur Turan tərəfindən qələmə alınan kitab çapdan çıxdı. Bu kitaba ön söz yazmaq mənə təklif olundu və mən bundan böyük qürur hissi duydum. Bildiyiniz kimi, YUNESCO 2016-cı ili “Ehmed Yesevi” ili elan edib. Bununla əlaqədar olaraq bir sıra konsert proqramlarım var.
– Eşitdiyimiz qədər, Türkiyənin Muğla Universitetinin keçirdiyi sorğu nəticəsində aprelin 24-də sizə “Türk dünyasının səsi” mükafatı təqdim ediləcək. Bu sorğu nə ilə əlaqədar olaraq keçirilib?
– Bu sorğu, müxtəlif sahələrdə Türk dünyasına xidmət edən insanların kimliyi ilə bağlı keçirilib. İncəsənət sahəsi üzrə keçirilən sorğuda mənə verilən səslər çoxluq təşkil edib.
– Sizə işlərinizdə uğurlar arzulayırıq. Sonda xalqımıza demək istədiyiniz ürək sözlərinizi eşitmək istərdik.
– İlk öncə mən şəhid analarımızın əllərindən öpürəm. Biz şəhidlərimizə qanımızla, canımızla borcluyuq! Baş verən son hadisələr göstərdi ki, biz çox əzmli və qüdrətli xalqıq. Qarabağ dərdi bizi bir daha birləşdirdi. Birliyimiz, bərabərliyimiz əbədi olsun. Tarix boyu Azərbaycanın 20 faiz yox, 80 faiz torpağı işğal olunub. Tarixdə etdiyimiz səhvlərimizi görməli və bir daha onları təkrarlamamaq üçün dostumuzu və düşmənimizi yaxşı tanımalıyıq. Haqlı davamızda zəfər bizim, zəfər Allahın olsun, inşallah. Allah Azərbaycan Ordusunu qorusun. Allah mənə “Çırpınırdın Qara Dəniz”i Qarabağda, Şuşada ifa etməyi nsib etsin. İnşallah!
“Kaspi.az”