“Ailə” rubrikamızın bu dəfəki cütlüyü Azərbaycan Televiziyasının aparıcısı Ruslan Həsənov və həyat yoldaşı Leyla Həsənovadır. Onlar 10 ildir eyni həyatı bölüşürlər. Qeyd edək ki, müsahiblərimizin iki oğlan övladları var.
“Qismət ayağıma gəlib”
5 il nişanlılıq müddətini əlavə etsək, 15 ildir birlikdə olan həmsöhbətlərimiz valideynlərinin məsləhəti ilə ailə qurub. Elə tanışlıqları da sürpriz olub. Hətta ilk görüşləri də ailə tanışlığından sonra baş tutub.
Ailə başçısı Ruslan deyir ki, Leyla ilə uzaq qohum olsalar da, o, Leylanı tanımayıb. “Böyüklərin xeyir-duasında hikmət var” deyimini əsas götürərək bu izdivaca razılaşıb. Amma ilk görüşə qədər qızı tanımadığı üçün tərəddüd içində olub: “Sürpriz tanışlığımız olub. Qohum olsaq da, bir-birimizə gediş-gəlişimiz az olub. Mən İncəsənət Universitetində oxuyurdum. Atam həyətimizdə təmirlə məşğul olarkən yıxılmışdı. Xəstə olduğu üçün onu görməyə qohum-əqrəba, dost-tanış gəlirdi. Xanımlar bir yerə toplaşanda subayları evləndirmək, kimisə kiməsə “calamaq” kimi söhbətləri xoşlayırlar axı. Sən demə, öz aralarında müzakirə edib söhbəti “bişiriblər”. Anam bir gün dedi ki, “yaxşı qız var, istəyirik səni evləndirək”. Həmin an düşündüm ki, anam deyən qız yəqin ki, yaxşı olar. Amma daxilimdə həyəcan var idi. Düzdür, toylarda görmüşdük bir-birimizi, amma diqqət etməmişdik. Həm də yaşım az idi deyə, evlənməyə tərəddüd edirdim. Valideynlərim artıq tanışlığa getmişdi, amma mən hələ də qızla görüşməmişdim. Düşünürdüm ki, xoşum gəlməsə, mən nə edəcəm? Son qərarım o oldu ki, görüşəcəm, əgər xoşum gəlməsə, deyəcəm ki, bizimki alınmaz. Getdim, məni ilk baxışdan elə ovsunladı ki, elə ordaca sevdim. Elə o görüşdə bütün bu tərəddüdlərimə son qoyuldu, belə düşündüyümə peşman oldum və dedim ki, qismət gəlib ayağıma çıxıbsa, niyə qismətimə təpik atım. 15 ildir ki, bir yerdəyik. Belə xoşbəxtliyi bütün insanlara arzu edirik”.
Leyla Ruslanı toyda görüb gözaltı edib. Amma Ruslanın onun qisməti olacağı ağlına belə gəlməyib: “Bizdə də söhbəti böyüklər həll etdi. Onlar məsləhət gördü və biz görüşüb danışdıq. Əslində Ruslanı toylardan birində çox bəyənmişdim, amma belə söhbət olacağı ağlıma gəlməzdi. Bu, sadəcə bir arzu idi və Allah məni arzuma çatdırdı. Gözaltı elədiyim insan qismətim oldu”.
“Leylada o cəsarəti gördüm”
Ruslan deyir ki, onun təsəvvüründəki qadın, uşaqlarının anası savadlı, dünyagörüşlü və güclü olmalı idi. Bu xüsusiyyətləri Leylada gördükdən sonra axtardığı qadını tapdığına əmin olub: “Ailədə qadın aparıcı qüvvədir. Bizim ailələrdə bəzən üstünlüyü oğul övladlarına verirlər. Onlara təhsil verir, inkişaf etdirirlər. Əgər biz inkişaf etmiş cəmiyyət, sivil insanlar istəyiriksə, qız övladlarına təhsil verməliyik. Çünki bu günün qız övladı sabahın anasıdır. Doğulan körpələri ana tərbiyə edir. Ailədə qadın həmişə öz ayağı üzərində durmağı bacarmalıdır. Çünki qadın nə qədər inkişaf etmiş olsa, kişi o qədər güclü olur. Qadın nə qədər savadlı olsa, cəmiyyətə o qədər savadlı insanlar qazandırır. Bu cəsarəti mən həyat yoldaşım Leylada gördüm. Mən bütün günü işdə, çəkilişdə oluram. Uşaqların tərbiyəsi ilə, dərsləri ilə Leyla məşğul olur”.
“Nifrəti sevgiyə çevirməyi bacarmaq lazımdır”
Bütün ailələrdə olduğu kimi, onların da ailəsində müəyyən problemlər olur. Ruslan düşünür ki, insan qırdığı qəlbi yenidən titrətməyi bacarsa, sevgi yenidən alovlanar: “Aramızda anlaşılmazlıqlar olur. Amma biz bunu həll etməyi bacarırıq. Bu, həyatdır, gərginlik hər zaman olur. Amma güzəştə getməyi bacarmalıyıq. Məsələn, kompyuterin yaddaşı dolur, biz onu format edirik, münasibət də belədir. Komyuterdən virusu təmizləyəndə işləyir. Ailəyə virus düşə bilər, onu təmizləməyi bacarmaq lazımdır. Bir-birimizn ürəyini qırdıqda belə, gərək elə bir addım atasan ki, qırdığın ürəyi tərpədə biləsən. Bu zaman o sevgi əvvəlkindən də üstün olur. Nifrəti sevgiyə çevirməyi bacarmaq lazımdır. Biz bunu çox yaxşı bacarırıq”.
Leyla isə deyir ki, Ruslanı tanıqıdqca daha çox sevir: “Problemlərimizi müzakirə edərək həll edirik. Günah kimdədirsə, o, addım atır və səhvi olan özünü bağışlatmağı bacarır”.
Ruslanın fikrincə, əgər insan işində xoşbəxtdirsə, bu, mütləq ailəsinə təsir edir. O, hesab edir ki, iş baxımından da şanslıdır və AzTV onun ikinci evidir: “Ailənin sütunlarından biri də maddi təminatdır. Əgər iş kollektivin yaxşı olmasa və maddi təminatın normal olmasa, bu gərginlik ailəyə təsir edir. Bu baxımdan şanslıyam ki, AzTV-də işləyirəm və bura mənim ikinci ailəmdir. Çünki səhərdən axşama qədər işdə kollektivlə birlikdə oluram. Əgər iş mühitin sağlamdırsa, əlbəttə, bu, ailə münasibətlərinə təsir edir. Uğurlu karyerası olan bir insanın ailəsində problem, axsqalıq varsa, o insan özünü yarımçıq hiss edir. Bu cəhətdən mən bütövəm. Həm ailəmə, həm də işimə görə özümü şanslı hesab edirəm”.
Ruslan ev işlərində Leylaya kömək edir. Deyir ki, Leyla mürəbbə bankalarını ona bağlatdırır: “Dünən evimizə qonaq gəlmişdi. Leyla qayınatamgilə qonaq getdiyi üçün həyəti mən yuyub, süpürdüm. Bəzən evdə tək olanda ev işlərini də görürəm. Ən çox köməkliyim isə banka bağlayanda olur. Əvvəlcə kömək etməyəcəyimi deyirəm. Sonra görürəm ki, başımı elə qarışdırıb, nəinki bankaları bağlamışam, meyvələri də özüm yumuşam (gülür – A.Ə)”.
“Uşaqların sərhədi olmalıdır”
Uşaqların tərbiyəsinə gəldikdə, cütlüyümüzün “yaralı” yerinə toxunuruq. Çünki elə mübahisələri daha çox bu səbəbdən olur. Ruslan uşaqların sərbəst böyüdülməsinin tərəfdarıdır: “Biz ailədə 6 uşaq olmuşuq. Ən sərbəst mən olmuşam. Uşaqlarda sərbəstliyi xoşlayıram. Uşaq oynayar, yıxılar, üstünü batırar, dəcəllik edər. Yoldaşım bunu götürmür, mübahisəmiz ən çox buna görə olur. Bəzən olur ki, uşaq dərs oxumaq istəmir. Deyirəm, bu, uşağın həyatıdır. Şərt oxutmaqla deyil, uşağa anlatmaq lazımdır ki, oxumaq onun özünə lazımdır. İstər fəhlə olar, istərsə də general. Qərarlarını özləri sərbəst verməlidir. Mən buna müdaxilə edə bilmərəm. Oxumaq istəməyəndə, ona təzyiq göstərmirəm”.
Leyla isə deyir ki, uşaq üçün müəyyən sərhədlər olmalı və bu sərhədləri aşmamalıdır: “Mən sərbəstlik vermirəm. Uşaq rahat olsun, amma sərhəddən kənara çıxmasın. İstəyirəm, uşaq oxusun, özü dərk eləsin. Oxumayanda problemimiz çox olur, amma Ruslan deyir ki, “oxumur, oxumasın. Cəmiyyətə fəhlə də, bərbər də lazımdır”.
“Bir mən vardır məndə, məndən içəri”
Sonda cütlüyümüz gənc ailələrə və ailə qurmaq istəyən gənclərə məsləhət də verdi. Leyla deyir ki, gənclərimiz ailə qurarkən pula, maşına, var-dövlətə önəm verməsinlər. Çünki pul xoşbəxtlik demək deyil: “Gənc ailələr bir-birlərini anlamağı bacarmalıdır. Ailədə səbr çox önəmlidir. Gənc qızlar bilməlidir ki, pul xoşbəxtlik demək deyil. Ailədə sevgi və hörmət olduqdan sonra o ailə uğurlu olur. Hörmətsiz isə ailəni, sevgini davam etdirmək olmur”.