Hər şeyin ilkini birlikdə yaşadınız. İlk gülüş, ilk diş, ilk addım, ilk söz və indi isə sıra bu kiçik ürəyin başqasına maraq göstərməsinə gəldi. Əgər övladınızın yaşadığı bu hissin sevgi olmadığını düşünürsünüzsə, yanılırsınız. Çünki uşaqlar da həqiqətən aşiq olurlar.
Əvvəlcə onu anladığınızı göstərin
Övladınız aşiq olduğunu sizə dedikdə, ilk reaksiyanız: “Mən onu görmüşdüm, həqiqətən çox yaxşı uşaqdır. Onu bəyənməyini başa düşürəm.” kimi cümlələrlə onu anladığınızı göstərmək olmalıdır. Ona sevginin təbii və xüsusi bir hiss olduğunu, dünyada bunu yaşamaq üçün illərlə gözləyən insanların olduğunu izah edin. Hisslərinə hörmət etməyərək ona lağ etsəniz, ya da bunun pis bir şey olduğunu deyərək onu danlasanız, ciddi problemlərə səbəb ola bilərsiniz. Onu utandırmaq edilə biləcək ən təhlükəli hərəkətdir.
Məsləhətlər:
Onu dinləyin. Dinləmək birinci və ən vacib ünsürdür. Beləcə hiss və düşüncələrini ifadə etməkdən çəkinməz və başqalarının hisslərinə də əhəmiyyət verər.
Siz onu dinlədiyiniz üçün o da sizi dinləyər və fikirlərinizə əhəmiyyət verər.
Aşiq olduğunu dediyi uşağı tənqid etməyin. Bu böyük səhv olar. Sizə olan inamını itirə bilərsiniz.
O danışmadığı müddətcə tez-tez bu mövzunu açmayın və onu danışmağa məcbur etməyin.
Səmimi və dürüst olun.
İnanmadığınız bir şey barəsində övladınızı razı salmağa çalışmayın.
Övladınıza vaxt ayırmağı təxirə salmayın.
Övladınızın sizə danışdıqlarını başqalarına danışmayın.
Hisslərinə lağ etməyin və başqalarının lağ etməsinə də icazə verməyin.
Hələ çox kiçik ola bilər, amma unutmayın ki, hissləri onun ən dəyərli xəzinəsidir. Onu və hisslərini ciddi qəbul edin.
Sizə inanmasını təmin edin. Beləcə, aranızda güclü bağlılıq yaranar.