“WhatsApp” messenceri Avropada istifadə üçün yaş məhdudiyyəti tətbiq edərək, 16 yaşdan aşağı şəxslərin servisdən yararlanmasını qadağan edəcək. Bu barədə şirkətin bloqunda deyilir: “Növbəti ay Avropa İttifaqının məxfilik qanunları yenilənərək internetdə informasiyanın istifadəsində daha çox şəffaflıq tələb edəcək. Servisdən istifadə üçün Avropa regionu ölkəsində yaşayanların azı 16 yaşı olmalıdır”.
Messencer inzibatçıları istifadəçinin qeydiyyatdan keçən zaman yaşının necə təsdiq ediləcəyi barədə məlumat vermir. Bildirilir ki, digər ölkə istifadəçiləri yerli qanunvericiliyə ziddiyyət təşkil etməyəcəyi təqdirdə, 13 yaş tamam olandan sonra messencerdən istifadəni davam etdirə biləcəklər. Qeyd edək ki, mayın sonunda Avropa İttifaqında yeni fərdi məlumatların mühafizəsi qaydaları (General Data Privacy Regulations – GDPR) qüvvəyə minəcək. Yeni reqlament şirkətlər tərəfindən istifadəçilər üçün fərdi məlumatların mühafizəsi funksiyalarının quraşdırılmasını nəzərdə tutur. Məsələn, istifadəçilərə fərdi məlumatları tam ləğv etmək hüququ veriləcək, eləcə də 16 yaşdan aşağı şəxslərin fərdi məlumatlarından istifadə üçün onların valideynlərinin və ya qəyyumlarının icazəsi tələb olunacaq. Reqlamentin tələbləri pozulacağı təqdirdə, şirkətlər pozuntunun dərəcəsindən asılı olaraq, 20 milyon avro və ya illik dövriyyənin 4 faizi məbləğində cərimə oluna bilərlər.
İT üzrə mütəxəssis Namət Məmmədzadə deyir ki, proqramın istifadəsinə qadağa qoyulması texniki cəhətdən mümkündür: “Bəli, belə bir qadağanın olması mümkündür. Çünki “Whatsapp” istifadəçinin mobil nömrəsidir. Mobil nömrə isə 16 yasına qədər olanların şəxsiyyət vəsiqəsi olmadığı üçün onların valideynləri və ya qəyyumluğunda olduqları insanların vəsiqəsi ilə alına bilər. Sənəddə olan doğum tarixi insanın yaşını təsdiq edir. Bu məlumatlar nömrənin bazasında bağlı olur. Bunun üçün gərək sözügedən şirkət mobil operatorlarla birgə işləsin. Yaşı, təyin edilən göstəricidən aşağı olan şəxslərin istifadəsinə asanlıqla qadağa qoyula bilər. Amma bütün hallarda, tam məhdudiyyəti heç cür tətbiq etmək olmaz. Çünki uşaqlar, valideynlərinin və ya digər tanışlarının istifadə etmədiyi mobil nömrələrlə özlərinə hesab aça bilərlər. Bu zaman onlardan heç nə tələb edilməyəcək”.
Mütəxəssis Vahid Qasımov deyir ki, bu məsələ mobil operatorlar tərəfindən tənzimlənə bilər: “Whatsapp” hesabları telefon nömrəyə bağlıdır. Avropada isə qanuna görə, bütün nömrələr və hətta telefonlar sahibinin sənədi ilə alınır. Vətəndaşların elektron bazası varsa, hər nömrənin sahibinin yaşını müəyyənləşdirmək çox asandır. Avropada yaş məhdudiyyəti tətbiq etməkdə heç bir texniki çətinlik yoxdur. Biz də isə bu, bir qədər çətin məsələdir. Çünki Azərbaycanda onsuz da 16 yaşa çatmayanlara nömrə satılmır. Yəni adətən uşaqlar əksər hallarda valideynlərinin nömrəsindən istifadə edir. Bu isə əslində bir növ “valideynin icazəsi var” demək anlamına gəlir. Məncə, bunun tətbiqi “Whatsapp” tərəfindən yox, mobil operator tərəfindən tənzimlənə bilər. Belə ki, operatorlar bütün nömrələrdə “Whatsapp” xidmətini bağlaya bilərlər, bununla da yenidən hesab açdırmaq istəyən şəxslərdən yazılı müraciət tələb olunacaq”.
Sosial media mütəxəssisi Orxan Rzayev bildirdi ki, rəqəmsal sferada son zamanlarda təhlükəsizlik və şəxsi məlumatların qeyri-qanuni yayılması ilə bağlı baş verənlər bu istiqamətdə addımlar atılmasına səbəb olur: “Avropanın dəyişiklik edəcəyi GDPR (General Data Protection Regulation ) qanununa əsasən, “Whatsapp” qitədə yaşayan istifadəçilərin minimal yaş həddini 13-dən 16-ya artırmağa qərar verib. Məsələnin maraqlı tərəfi “Whatsapp”ın informasiyanın dəqiqliyini necə təmin edəcəyidir. Yəni yaşını 16 və ya çox göstərən insanın həqiqətdə neçə yaşının olduğunu necə müəyyənləşdirəcəyi müəmmalıdır. Hələ ki, şirkət özü də bunu necə həll edəcəyini açıqlamayıb. Ona görə, bunun uğurla baş tutacağını demək də mümkün deyil. Bu addımda əsas məqamlardan biri, Avropa Birliyinin yeni qanununa nəzəri cəhətdən uyğunlaşmaqdır. Praktikada nə dərəcədə uğurlu olacağı da hələlik sual altındadır. Bunun şirkətin imicinə hansısa zərbə vuracağını düşünmürəm. Çünki istifadə etmək istəyən mütləq bir yol tapıb, bunu reallaşdıracaqlar”.
Şəbnəm Mehdizadə